Ukrayna: Aİ Rusiyaya qarşı sanksiyaları qüvvədə saxlayacaq

Üsyançılar

Şəklin mənbəyi, BBC World Service

Şəklin alt yazısı, Ukraynanın şərqində Rusiya ilə sərhədin böyük hissəsini rusiyapərəst üsyançılar idarə edir

Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı sanksiyaları qüvvədə saxlamağı qərara alıb. Aİ-nin fikrincə Ukraynadakı sülh sazişi hələ ki, tam olaraq effektiv deyil.

Çərşənbə axşamı görüşən Aİ səfirləri qeyd ediblər ki, sentyabrın 5-də əldə olunan atəşkəs sazişindən sonra bəzi "müsbət hadisələr" baş verib, Aİ sözçüsü deyib.

Amma sazişin digər hissələri "düzgün həyata keçirilməlidir", sözçü Maja Kocijancic deyib.

Sanksiyalar yüksək rütbəli Rusiya rəsmilərini, ölkənin neft sektorunu, müdafiə şirkətlərini və bankları hədəfə alır.

Qərb hökumətləri və rəsmi Kiyev Rusiyanı Ukraynanın şərqindəki separatçıları silah və əsgərlərlə təmin etməkdə ittiham edir.

Rusiya bu ittihamları rədd edir. Aİ və ABŞ sanksiyaları mart ayında Rusiya Krımı ilhaq edəndən bəri qüvvədədir.

Apreldən Ukraynanın, Donetsk və Luhansk regionlarında ən azı 3200 adam həlak olub. Minlərlə adam münaqişəyə görə evini tərk etməli olub.