Yatsenyuk Qərbi Rusiyaya qarşı sanksiyaları ləğv etməməyə çağırıb

Şəklin mənbəyi, Reuters

Ukraynanın baş naziri Arseniy Yatsenyuk Birləşmiş Millətlər Təşkilatının tribunasından Rusiyaya qarşı sanksiyaları Kiyevin Ukraynanın bütün əraziləri üzərində nəzarəti bərpa edənə qədər ləğv etməməyə çağırıb.

"Biz partnyorlarımızı Ukrayna şərqdən başlayaraq Krımda bitən bütün ərazilər üzərində nəzarəti ələ almayana qədər sanksiyaları geri götürməməyi xahiş edirik", Yatsenyuk BMT Baş Məclisinin sessiyasında çıxış edərkən deyib.

"Mən inanıram ki, Ukrayna ölkənin şərqi və Krım üzərində nəzarəti bərpa edəcək və Rusiyanın Ukrayna qarşısında üzr istəyəcəyi zaman gələcək", Yatsenyuk bildirib.

Amma, onun sözlərinə görə, "prezident Putin hakimiyyətdə olduğu sürəcdə Ukrayna üçün Krım üzərində nəzarəti geri almaq çox çətin olacaq".

Eyni zamanda daha əvvəl BMT Baş Məclisinin açılışını edən ABŞ prezidenti Barack Obama ABŞ-ın Rusiyaya qarşı sanksiyaları Moskva öz kursunu dəyişəcəyi halda ləğv etməyə hazır olduğunu bəyan edib.

Bu arada Yatsenyukun sözlərinə görə, Rusiya prezidenti Putin qarşısına Sovetlər Birliyini yenidən yaratmağı məqsəd qoyub və bu ideyadan elə də asanlıqla imtina etməyəcək.

Yatsenyuk həmçinin deyib ki, Ukrayna defolt elan etməyəcək, belə ki, özünün daxili və xarici öhdəliklərini yerinə yetirmək üçün bütün resurslara malikdir.