Rusiya əyalətləri iqtisadi sıxıntı içindədir

Ryazana gedən yol boyu ağaclar buz bağlayıb. Sanki budaqlarına bir rus nağılında kimi şəkər tozu səpilib.
Lakin bu gün Rusiyadakı sərt reallıq iqtisadi tənəzzüldür: rublun məzənnəsi düşməkdə davam edir, qiymətlər qalxır, xarici investisiyalar isə quruyub. Aşağı neft qiymətləri və Qərbin sanksiyaları, deyəsən, Rusiya iqtisadiyyatını boğmağa başlayıb.
Mən bütün bunların gündəlik həyata təsirini araşdırmaq üçün Moskva ətrafındakı M5 şossesini tutub gedirəm.
Biz Qazoprovod, yəni “qaz kəməri” kəndinin yanından, sonra isə Rusiyanın xiyar paytaxtı Lukavitsıdan ötüb keçirik. Daha sonra Ryazan gəlir.
Min il ərzində bu şəhər zəbt edilib, yandırılıb və müharibə və inqilablardan, elə Rusiyanın özündəki kimi iqtisadi xaosdan dağılıb. Lakin şəhər həmişə sağ çıxıb. Növbəti zərbəyə hazır dayanıb.
Qiymətlər dişləyir

Ryazan supermarketində mən müəllimə Yana Kindeyeva ilə görüşürəm. O həftəlik bazarlığını edir və Rusiyanın iqtisadi tənəzzül kandarında olduğu bir vaxtda hər qəpiyi hesablayır.
“Hər şeyin qiyməti qalxıb, - deyir Yana, - təkcə ərzağın yox, elə maşın və mebel kimi bahalı şeylərin də. Biz Avropaya səyahətə çıxmaq əvəzinə bu yeni ili burada, evdə qarşılamalı olacağıq, çünki tətil paketlərinin qiymətləri də qalxıb”.
Yana anası İrina və nənəsi Larisa ilə tanış etmək üçün məni evlərinə dəvət edir. Stolun üstü qaynar çay fincanları, kremli piroq və şokoladlı peçenyalarla doludur. Hələ heç bir iqtidadi böhran rus qonaqpərvərliyini ləğv edə bilməyib.
İrina mənə London avtobusunun şəklində olan suvenir İngilis çayı tənəkəsini öyünərək göstərir. Rusiyada və Qərbdə siyasətçilər yeni “Soyuq müharibə” barədə çox danışırlar, lakin bu rahat mənzildə Kindeyevlər məni çox hərarətlə qonaqlayıblar.

Şəklin mənbəyi, BBC World Service
İrina və Larisa keçmişdə də iqtisadi böhranları görüblər. Onlar narahat olsalar da, panikaya düşmürlər.
“Ruslar həmişə ümid edirlər ki, hər şey yaxşı olacaq. Yəni ürəyimizdə belə deyirik, - söyləyir İrina, - Bizdə, Rusiyada bir kəlam var: “Ümid axırda ölür”.
“Rusiyanın cilovlanması”
Lakin görəsən, Rusiyanın bugünkü iqtisadi çətinliklərinə görə Kindeyevlər kimi məsul hesab edirlər? Əlbəttə ki, prezident Vladimir Putini yox.
“Biz günahı yerli rəsmilərdə görürük”- deyir Yana, - Ola bilsin ki, prezident üçün hər şeyə nəzarət etmək çətindir. Mən inanıran ki, biz problemləri aşağı səviyyədə həll etməliyik. Həyat çətinləşsə də, adamlar prezidentə inanırlar”.
Yana fincanıma çay tökür, özü də ingiliscə izah edir ki, nəyə görə Qərb sanksiyalarının Ukrayna ilə bağlı olduğuna inanmır.
“Məncə başqa ölkələr Rusiyanın gücləndiyini görüb, bunun qarşısını almağa çalışırlar ki, biz belə sürətlə inkişaf etməyək. Sanksiyaları buna görə qoyublar. Bu, Krım məsələsinə görə deyil. Biz özümüzünkü olanı geri almışıq”.
Kindeyevlər ailəsinin prezident Putinə inamının dərin kökləri var. Ruslar həmişə çarlara inanıblar, çoxları Sovet inqilabına, Leninə, Stalinə də inanıblar. Bu gün rəy sorğularına görə rusların 70 faizi Putinin ölkəni idarə etməsini bəyənir.
Zəif rubl
Putin prezident və baş nazir kimi rəhbər olduğu son 15 ildə elə bir siyasi system qurub ki, bütün hakimyyəti ələ alıb, lakin üzərinə heç bir məsuliyyət götürməyib. İşlər pis gedəndə, yerli məmurlar, ya da Qərb günahkardır. O özü yox.
Lakin Rusiya tarixi bunu da göstərir ki, işlər lap pis gedəndə, belə münasibət dəyişə bilər.
Mən Jenya adlı bir Ryazan biznesmeni ilə tanış oluram. O, Qərbin sanksiyalarından və neft qiymətlərinin düşməsindən narahatdır və hökumətə olan inamını itirməyə başlayıb.
“Mənim gələcəyə ümidim yoxdur. Heç birimiz bilmirik ki, bir neçə aydan sonra nələr olacaq”.
Jenyaya deyirəm ki, Rusiya hökumətinin fikrincə, neftin bir barreli 60 dollara düşsə də, narahat olmağa dəyməz.
“Onlar üçün bəlkə də dəyməz, - deyir Jenya, - Lakin adi adamlar üçün bu, narahatlıq yaradır. Çünki adamların gəlirləri xeyli azalacaq”.

Şəhərin o biri ucunda, özünün qət təzə kafesinin mətbəxində gənc sahibkar Maksim Qordeyev evdə hazırlanmış ləzzətli qalın şokoladın üstünə çiyələk və kişmiş səpələyir. Maksim indi Rusiyada biznes açmaq üçün zamanın heç də şirin olmadığını yaxşı bilir.
“Çox çətin vaxtdır, - deyir Maksim, - Bizə pulun ucuzlaşması birbaşa təsir göstərir. Çünki biz xammalı, xaricdən, Kolumbiyadan alırıq. Lakin rubl məzənnədən düşdüyünə görə adamlar pul xərcləyə bilmirlər. Görünür, bunların nəticəsi olaraq mənim biznesim də axsayacaq. Amma biznesimin artacağına inanıram”.
Donmuş və acıqlı
Ryazan bazarında havanın temperaturu mənfi 10-dur. Lakin adamlar nəsə satırlar. Əllərinə nə düşsə.
Buradaca qarın üstünə çəkələklər, stol süfrələri, dırnaq boyalarının flakonları, qazanlar və bir də polad ütü düzülüb. Alverçilər dolanışıq üçün vurnuxurlar. Mən onlarla söhbət edəndə bəziləri Qərbi günahlandırırlar. Kişilərdən biri mənim üstümə “sionist qəsdi” deyib qışqırır. Amma Yevgeniya qışqırmır. O bilir ki, problem burda, yaxında, evin içindədir.
“Ukrayna bizim bütün ehtiyatlarımızı sorur, - deyir qadın, - Yaxşıdır ki, hökumətimiz ora humanitar yardım göndərir, lakin o şəkər və undan bir az buralara da verəydilər də. Elə bilirsiniz xoş günümüzdən burda qalmışıq?”
Yevgeniya ilə söhbət etdiyim anda düşünməyə başlayıram: Buradakı iqtisadi vəziyyət pisləşdikcə daha çox rus bunların Ukraynada baş verənlərlə əlaqəsini anlayacaqmı? Onlar Rusiyanın Krımı ilhaqı ilə düşdükləri bugünkü vəziyyət arasındakı bağı görəcəklərmi?”
Əgər belə olsa, onda çox xoşagəlməz bir sual ortaya çıxacaq: “Yaxşı çarın” pis hökmü də ola bilərmiş?
























