Azərbaycanın xalq artisti, aktyor Rasim Balayev vəfat edib

Azərbaycanın xalq artisti, aktyor Rasim Balayev vəfat edib, Azərbaycanın Türkiyədəki səfirliyi bununla bağlı rəsmi Facebook sosial media hesabında paylaşım edib.
Rasim Balayevin Türkiyənin İstanbul şəhərində, müalicə aldığı "Memorial" xəstəxanada vəfat etdiyi bildirilir.
Ağciyər xərçəngindən və yüksək şəkərdən əziyyət çəkən 77 yaşlı xalq artisti bir müddət idi ki, Türkiyədə müalicə alırdı, Azərtac yazıb.
Aktyor Rasim Balayev Azərbaycan kinosunda "Nəsimi", "Babək" filmlərində baş rolda çəkilib.
O, 25-26 yaşlarında "Nəsimi" roluna görə Azərbaycan kinosunda "ən yaxşı kişi rolu" nominasiyasının qalibi olub.
Mərhum xalq artisti "Dədə Qorqud" kinosunda "Beyrək", "Qatır Məmməd" kinosundakı "Əziz" obrazı ilə də xatırlanır.
O, bir çox Azərbaycan kinolarında epizodik rollarda da yer alıb.
Rasim Balayev 1948-ci ildə Ağsu rayonunda anadan olub.
1969-cu ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirdikdən sonra, Rasim Balayev ilk dəfə Bakı kinostudiyasında "Ulduzlar sönmür" əsərində kiçik rola çəkilməklə kino fəaliyyətinə başlayıb.
O, 1990-cı ildən 2013-cü ilə kimi Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi, 2022-ci ildən etibarən isə sədri vəzifəsində çalışıb.



























