Hitleri öldürmək istəyən alman zabiti

Şəklin mənbəyi, BBC World Service
1944-cü il, iyulun 20-də 36 yaşlı alman ordusu zabiti, polkovnik Claus Schenk Graf von Stauffenberg, Şərqi Prussiyadakı meşəlikdə çox ağır mühafizə olunan gizli kompleksə gəldi. Onun missiyası Adolf Hitleri öldürmək idi.
"Wolfsschanze" və ya "Canavar yuvası" adlanan bu yer Hitlerin şərq cəbhəsindəki gizli qərargahı idi. Stauffenberg fürerin Almaniyanın ali komandanlığı ilə keçirdiyi gündəlik müşavirədə iştirak etməli idi, o həm də çantasında bomba gəzdirirdi.
"Biz orada dayanmışdıq, sonra Hitler gəldi və konfrans başlandı" – deyə xatırlayırdı 1967-ci ildə BBC verdiyi müsahibədə Almaniya ordu generallarından Walter Warlimont:
"Birdən qapı yenidən açıldı və mən arxaya çevriləndə bir polkovnikin içəri daxil olduğunu gördüm. O, mənim diqqətimi çox cəlb elədi, çünki gözünün birində qara ortüklü sarğı vardı və bir qolu yoxdu. O farağat vəziyyətində durmuşdu və mənə klassik əsgər obrazını xatırlatdı"…
"Hitler də arxaya çevrildi və ona etinazıs bir nəzər yetirdi. Onu general Keitel təqdim etdi".

Şəklin mənbəyi, BBC World Service
Stauffenberg katolik zadəgan ailəsində doğulmuşdu və peşəkar ordu zabiti idi.
"Hamı deyirdi ki, atam son dərəcə yaraşıqlı olub – mavi gözləri, azacıq dalağalı qara gözləri olan ucaboy bir insan. O, çox zarafatcıl kişiymiş, hey gülərmiş, ecazkar bir adammış" – bu sözləri onun oğlu, 80 yaşlı Berthold Schenk Graf von Stauffenberg deyir.
1943-cü ildə Stauffenberg Tunisdə xidmətdə olarkən ağır yaralanıbmış. Orada bir gözünü, bir qolunu və sağ əlinin iki barmağını itirib.
"Bilirsiniz, o vaxtlar yaralanmaq o qədər geniş yayılmış bir hal imiş ki, kiminsə qolunu, gözünü itirməsi tamamilə normal bir şey sayılırmış. Əsas onun sağ qalması idi" – deyir Berthold.
İfrat siyasətçi olmasa da, Stauffenberg mühafizəkar və millətçi bir adam olub. O bir vaxtlar nasistlərin siyasətini dəstəkləyib, lakin müharibə qışızdıqca onun rejimə qarşı münasibəti də pisləşib. Onu Almaniyanın şərq cəbhəsindəki itkiləri dəhşətə gətirirmiş və o, hiss edirmiş ki, Almaniya bu müharibəni uduzur.
"Onu Hitlerin strateji qabiliyyətləri və Hitlerin bizim məqbul saya biləcəyimiz insan tipindən fərqli olması məyus edirmiş" – söyləyir Berthold:
"Mənim 10 yaşım vardı və mən dünyada baş verənlərlə maraqlanırdım. Bütün uşaqlar kimi tezliklə balaca nasistlər hərəkatına qoşulacaqdım. Lakin biz bu məsələni heç vaxt atam və ya anamla müzakirə etməzdik. Əgər atam bu kimi məsələləri bizimlə müzakirə etsəydi, əsl hisslərini gizlədə bilməyəcəkdi. Çünki bu, olduqca təhlükəli bir iş olardı. Uşaqlar belə şeylərə əhəmiyyət vermirlər".
Yaralarından sağalmaqda olduğu dövrdə Stauffenberg-lə Hitleri öldürmək və nasist rejimini devirmək istəyən general Henning von Tresckow-un adamları əlaqə qurdular. Stauffenberg bu sui-qəsd planının aparıcı iştirakçısına çevrildi.
Sonrakı aylarda Hitleri öldürmək üçün bir neçə uğursuz cəhd edilmişdi və belə bir təhlükə vardı ki, Gestapo qəsdçilərin izinə düşə bilib.
Lakin 1944-cü ildə Stauffenberg Almaniya Ehtiyat Ordusunun qərargah rəisi təyin edildi. Bu vəzifə ona Hitlerə birbaşa çıxış və deməli sui-qəsd imkanı verirdi.
Qəsdçilərin planı riskli idi. Stauffenberg əlindəki çantanı Canavar yuvasını dövrələyən yoxlama-buraxılış məntəqələrindən keçirməli, sonra bombanın saat mexanizmini işə salmalı və Hitlerin gündəlik brifinqi zamanı ona yaxın bir yerə qoyub otağı tərk etməli idi. Partlayışdan sonra Stauffenberg təcili Berlinə qayıtmalı və Ehtiyat Ordu nəzarəti ələ almalı idi.

Şəklin mənbəyi, BBC World Service
"Onlar uğur qazanacaqlarına əmin deyildilər, lakin Tresckow deyirdi ki, sui-qəsdə cəhd etmək lazımdır. Bu heç olmasa onu göstərəcəkdi ki, heç də bütün almanlar Hitlerin davamçıları deyillər" – deyir Berthold.
Lakin əgər sui-qəsd baş tutmasaydı risk qarşısında təkcə qəsdçilər qalmayacaqdılar.
"Mənim anam həmişə deyirdi ki, onun plandan xəbəri vardı, - deyir Berthold, - o bundan xəbər tutmuş, atamı divara qısnamış və atam da ona sirri açmışdı. Lakin anam bilmirdi ki, bombanı məhz atam partlatmalı imiş".
"Onlar bunun nə ilə nəticələnə biləcəyini bilirdilər, lakin insan həyatı müharibədə sülh zamanlarında olduğu kimi yüksək dəyərə malik olmur. Adamlar həmişə ölürlər və özünü nəyəsə qurban vermək böyük bir iş sayılır. Lakin müharibə zamanı məsələ bir az fərqlidir" – bildirir oğul Stauffenberg.
Beləliklə, iyulun 20-də, cümə axşamı günü Stauffenberg "Canavar yuvasına" gəlmişdi və çantadakı bombanın saatı 12.30-a qurulmuşdu. Lakin o, bombanın saatını qurmaq istəyəndə ona nə isə mane olmuşdu və müşavirə zalına daxil olarkən çantadakı iki bombadan yalnız birini qura bilmişdi.
"Xatırlayıram ki, Stauffenbergin qoltuğunda iri qara çanta var idi" – deyə Warlimont 1967-ci ildə verdiyi müsahibədə xatırlayırdı:

Şəklin mənbəyi, BBC World Service
"Lakin daha sonra mən ona tərəf baxmadım və çantanı masanın altına yerləşdirdiyini, az sonra isə otağı tərk etdiyini də görmədim. On dəqiqəyədək vaxt keçdi. Bomba partlayanda mən artıq onu unutmuşdum".
Stauffenberg partlayışı düşərgəni tərk edərkən gördü və Berlinə tələsdi. O, Hitlerin öldüyünə əmin idi.
Lakin partlayışdan az əvvəl, kimsə Stauffenbergin çantasını Hitlerdən bir az aralıya, fürerlə onun arasında olan masa ayağının arxasına itələmişdi. Bomba partlayışı gözlənildiyi kimi də güclü olmamışdı və partlayış baş verəndə Hitler qalın palıddan hazırlanmış masanın üstündəki xəritələrə sarı əyilmişdi. Elə bu palıd masa da onu partlayışın təsirindən qorumuşdu. Bu partlayışda dörd nəfər həlak oldu, çox sayda zabit yaralandı, Hitler isə salamat qaldı.
"Bomba partlayanda elə bildim ki, böyük çil-çıraq başıma düşdü. Mən yıxıldım. Gördüm ki, Hitleri otaqdan çıxarırlar. Onun qolundan Keitel tutmuşdu. İlk baxışdan elə görünürdü ki, sanki Hitler heç yaralanmayıb da. Ən azı ciddi yaralanmayıb" – deyə xatırlayırdı Warlimont.
Bir neçə saat sonra fürerin hələ də sağ olduğu bəlli olanda, Berlindəki çevriliş də baş tutmadı. Stauffenberg və başqa əsas qəsdçilər Berlindəki Müdafiə Nazirliyində həbs edilib güllələndilər.
Həmin vaxt Stauffenbergin dördüncü uşağa hamilə olan xanımı Nina övladları ilə birlikdə Şvabiya təpəliklərindəki ailə mülkündə idilər. Berthold nələrin baş verdiyini anlamırdı.
"Radio xəbərlərində Hitlerin həyatına sui-qəsddən və cinayətkar və axmaq zabitlər qrupundan danışılırdı. Mənim 10 yaşım vardı və mən hər gün qəzet oxuyurdum. Nələrin baş verdiyini bilmək istəyirdim. Sonra böyüklər məni radionun yanına buraxmadılar. Məni və qardaşımı böyük dayım, qraf Uxkull uzun bir gəzintiyə çıxarmışdı. Afrikada etdiyi ceyran ovundan danışırdı".
"Lakin ertəsi gün anam məni və qardaşımı bir kənara çəkib bombanı atamın yerləşdirdiyini bildirdi. Mən onun belə bir işi necə tuta bildiyini soruşdum. Anam dedi ki, atam bunu Almaniya üçün etdiyinə inanıb".
"Bu mənim üçün böyük sarsıntı idi. Heç cür inana bilmirdim. Fürerə basqın etmək! Bizə məktəbdə və elə hər yerdə deyirdilər ki, Hitler gözəl insandır".

Şəklin mənbəyi, BBC World Service
Elə həmin gecə Gestapo gəlib – Bertholdun anası, nənəsi və dayısı həbs ediliblər. Bertholdu və onun bacı-qardaşlarını uşaq evinə göndəriblər.
"Bu hadisənin niyəsi heç vaxt müzakirə edilmirdi. Bizə müxtəlif adlar vermişdilər. Belə də deyirlər ki, bunlar müharibədən sonra bizə baxmalı olacaq ailələrin soyadları imiş. Yəqin ki, SS ailələri olublar" – deyir Berthold.
Bu hadisə ilə bağlı minlərlə insan həbs edilib və müqavimət hərəkatında iştirak şübhəsi ilə edam olunub. Bertholdun anasını Ravensbrukdakı Gestapo həbsxanasına aparıblar. O, uşaqlarını bir də müharibədən sonra görüb. Sonralar heç vaxt ərə getməyib.
"Mənim anam üçün yalnız atam olub. Bu, onun həyat yoldaşı idi".
Sonralar Berthold Qərbi Almaniya Ordusunun generalı olub. O yenə də ailə mülkündə yaşayır.
"Mən əminəm ki, - deyir Berthold – həmin sui-qəsd Almaniyanın şərəfini bir azca qoruya bilib".
Berthold von Stauffenberg BBC Dünya Xidmətinin "Witness" proqramında iştirak edib.
























