Medvedev: Rusiyaya sanksiyalardan milyonlarla dollar ziyan dəyib

Şəklin mənbəyi, AFP
Rusiyanın Baş Naziri rublun ucuzlaşması ilə bağlı əhalini təmkinli olmağa və “isterika yaratmamağa” çağırıb.
Dmitri Medvedev bu barədə ölkənin ən iri KİV-lərinə verdiyi illik müsahibədə bildirib.
Rublun ucuzlaşmasının keçmişdə də baş verdiyini deyən Rusiya lideri 2008-2009-cu illərdəki böhran vaxtı rubl məzənnəsinin kəskin şəkildə qiymətdən düşdüyünü xatırladıb.
Onun sözlərinə görə, bir müddət ucuzlaşan rubl qiymətini yenidən bərpa etdi və rubldakı əmanətlərini dəyişməyə tələsənlər “sadəcə pullarını itirdilər”.
“Öz əmanətlərini dollara, başqa valyutaya köçürənlər sadəcə olaraq pullarını itirdilər”.
Medvedev öz əmanətlərini rublda saxladığını bildirib.
"Mən, təbii ki, maaşımı rublla alıram və əmanətlərimi rublda saxlayıram”, - Medvedev deyib. – Və vətəndaşlarımızın hamısında olduğu kimi, kursun zəifləməsi və yaxud da dəyişməsi mənim aldığım vəsaitlərə də öz təsirini göstərir”.
Son bir neçə ay ərzində rubl aparıcı dünya valyutalarına nisbətdə dəyərinin yarısını itirib.
Sanksiya və itqisadi itkilər
Rusiyanın Baş Naziri deyib ki, ölkəsinə qarşı Qərbin qəbul etdiyi sanksiyalar heç kimin xeyrinə deyil və nəticə verməyəcək.
Dmitri Medvedevin sözlərinə görə, sanksiyalar nəticəsində Rusiya hazırda onlarla milyon dollar dəyərində itki verir. Lakin böyük itkiləri Qərb sahibkarları və şirkətlər də verir, Rusianın Baş Naziri deyib.
Sanksiyalar hədəflədiyi ölkənin siyasətini dəyişdirmək iqtidarında deyil, Rusiya lideri deyib.
Bundan əvvəl Rusiyanın maliyyə naziri sanksiyalar nəticəsində ölkə iqtisadiyyatının ildə 40 milyard dollaradək itki verdiyini bildirib.
Anton Siluanov eyni zamanda enerjidaşıyıcıların ucuzlaşmasından irəli gələn iqtisadi itkilər barədə danışıb.
Rusiya rəsmisinin ötən ay verdiyi dəyərləndirməsinə əsasən, xam neftin 30 faizədək ucuzlaşması 90-100 milyard dollar həcmində itkilərə səbəb ola bilər.
























