Rio Olimpiadası rəsmən start götürür

Şəklin mənbəyi, AP
2016-cı il Olimpiya Oyunları cümə günü Braziliyanın Rio-de-Janeyro şəhərindəki Maracano Stadionunda keçiriləcək açılış mərasimilə rəsmən start götürür.
206 ölkədən olan idmançılar və qaçqınlar komandası Braziliyada keçiriləcək oyunlarda 28 idman növü üzrə yarışacaqlar və tədbiri dünya boyu milyardlarla insan izləyə biləcək.
Olimpiada, Rusiya atletlərinin dopinq qalmaqalı, zika vurusu və şəhərin təhlükəsizliyi, infrastruktur məsələlərinin aktuallığı ilə start götürür.
Lakin bütün bunlara baxmayaraq idman yarışlarına artıq futbolla start verilib.
Azərbaycan idmançıları da yarışlara başlayır. Boksçuların və cüdoçuların ilk rəqibləri ilə avqustun 6-da qarşılaşacağı gözlənilir.
Azərbaycan ağırlıqqaldıranları Olimpiadada iştirak etmirlər.
Buna ölkənin altı atletinin 2015-ci il dünya çempionatında dopinq-testdən keçə bilməməsi səbəb olub.
Dopinqə görə cəzalanan ölkələr arasında Rusiya, Bolqarıstan, Şimali Koreya, Rumıniya, Özbəkistan və Moldiva da var.
Bu, sayca keçirilən 28-ci müasir Olimpiadadır. 1916, 1940 və 1944-cü illərdə keçirilməli olan yarışlar müharibəyə görə baş tutmayıb.

Şəklin mənbəyi, AFP

Şəklin mənbəyi, AFP

Şəklin mənbəyi, AFP
























