Rio 2016: 10 rusiyalı idmançıya qadağa qoyulub

Yuliya Efimova avqustda keçirilən Dünya Çempionatında qadınlar arasında 100 metr üzmədə qızıl medal qazanıb

Şəklin mənbəyi, getty images

Şəklin alt yazısı, Yuliya Efimova avqustda keçirilən Dünya Çempionatında qadınlar arasında 100 metr üzmədə qızıl medal qazanıb

7 rusiyalı üzgüçü və 3 avarçəkən idmançının Rio 2016 Olimpiya Oyunlarına qatılmasına bu sahənin beynəlxalq idman qurumları tərəfindən qadağa qoyulub.

Üzgüçülük və avarçəkmə üzrə beynəlxalq federasiyalar qərarı Beynəlxalq Olimpiya Komitəsinin (BOK) iştirakla bağlı son sözü ayrı-ayrı idman qurumlarının ixtiyarına buraxmasından sonra verib.

Bunlar Rusiya idmançılarının dövlət səviyyəsində maliyyələşdirdiyi iddia edilən dopinq qalmaqalından sonra baş verib. Anti-dopinq qrupları çağırış etmişdilər ki, dopinqə görə rusiyalı idmançıların gələn ay keçiriləcək Rio Oyunlarında iştirakına qadağa qoyulsun.

Bazar günü BOK-da keçirilən fövqəladə iclasda qurum ayrı-ayrı idman federasiyalarının idmançılara Rio 2016 Olimpiya Oyunlarında iştiraka qadağa qoyulub-qoyulmamasını müzakirə ediblər.

İclasda aparılan müzakirələrin nəticəsi olaraq Beynəlxalq Üzgüçülük Federasiyası 7 idmançı haqda qərar qəbul edib və Kazanda keçirilən Dünya Çempionatı da daxil olmaqla son bir il ərzində yarışlara qatılan idmançıların yenidən test ediləcəyini açıqlayıb.

London 2012 yarışının bürünc medalçıları olan Yuliya Efimova, Mixail Dovqalyuk, Nataliya Volkova və Anastasiya Krapivina - daha əvvəl qadağan olunmuş maddələrdən istifadəyə görə sanksiyaya məruz qalan idmançılar- Rusiya Olimpiya Komitəsi tərəfindən çıxarılıb.

Yuliya Efimovaya qadağa Beynəlxalq Üzgüçülük Federasiya tərəfindən ona tətbiq olunan müvəqqəti qadağadan bir həftə sonra qoyulub.

Nikita Lobintsev, Vladimir Morozov və 17 yaşlı Daria Ustinovanın adı kanadalı professor Richard McLarenin Rusiyada 2011-2015-ci illərdə dövlət səviyyəsində maliyələşdirilən dopinq proqramının mövcudluğunu iddia edən sənədində çəkilib.

Beynəlxalq Avarçəkmə Federasiyası deyib ki, Rusiyanın 8 kişi idmançısından biri kimi İvan Balandinin adı da bu məsələ ilə bağlı hallandığından gələcək Rio 2016 Olimpiya Oyunlarında o, iştirak hüququnu itirib.

Daha iki idmançı, Anastasiya Karabelşikova və İvan Podşivalov da əvvəlki tarixlərdə dopinq qadağası aldığına görə oyunlara qatıla bilməyəcək.

Hər iki qurum açıqlayıb ki, onlar məlumat və sübutları təhlil etməkdə davam edəcək və fərdi olaraq hər idmançının anti-dopinq test nəticələrinə baxacaqlar.

"Bu gələcəkdə daha bir neçə qadağa haqqında deklarasiyanın yaranmasına səbəb ola bilər", Beynəlxalq Avarçəkmə Federasiyasının yaydığı bəyanatda deyilir.