Rusiya ABŞ sanksiyalarına "cavab verəcək"

Vaşinqtonun Moskvaya qarşı yeni sanksiyalar elan etdiyi təqdirdə Rusiya cavab addımlar atacaq, Rusiya xarici işlər nazirinin müavini bildirib.

Sergey Ryabkovun bəyanatı ABŞ-Rusiya danışıqlarından əvvəl səslənib.

Bazar günü Romada keçəcək görüş vaxtı Rusiya xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi John Kerry o cümlədən Ukraynanın şərqində yaranmış vəziyyəti müzakirə edəcəklər.

Sergey Ryabkov danışıqlarda ABŞ Konqresinin Ukraynaya dəstək aktı ilə bağlı məsələnin qaldırılacağını güman edib.

Moskva həmin aktı “Rusiya əleyhinə növbəti əhval-ruhiyyə təzahürü” kimi görür, Rusiya diplomatı deyib.

Ötən həftə ABŞ prezidenti Rusiya qarşı sanksiyalar məsələsində tələsməməyə səsləyib.

Barack Obamanın sözlərinə görə Avropa ilə ABŞ-ın uzun müddət ərzində eyni mövqedən çıxış etməsi Putini strateji qərar qəbul etməyə vadar edə bilər.

ABŞ və Aİ mart ayında Krımın ilhaqından sonra Rusiyaya qarşı sanksiyalar elan ediblər.

Növbəti sanksiyalar paketi Ukraynanın şərqindəki münaqişədə Moskvanın rolu ilə bağlı qəbul olunub.

Rusiya hakimiyyəti Donbas bölgəsində separatçılara bilavasitə dəstək etdiyi barədə ittihamları dəfərlərə rədd edib.