Cameron Rusiyanı yeni sanksiyalarla hədələyib

Şəklin mənbəyi, Reuters
Rusiyanın Ukraynanın şərqində atdığı addımlar Moskvaya qarşı sanksiyaların genişlənməsinə səbəb ola bilər, Britaniyanın baş naziri deyib.
Avstraliya paytaxtında Böyük İyirmilər sammitindən əvvəl jurnalistlərlə görüşən David Cameron deyib ki, Rusiya Ukraynaya “müstəqil və azad” ölkə kimi inkişaf etməyə imkan verməlidir.
Britaniya liderinin sözlərinə görə Rusiyanın Ukraynaya dair “pozitiv yanaşma” göstərdiyi təqdirdə sanksiyalar ləğv edilə bilər.
Lakin Moskva vəziyyəti gərginləşdirməkdə davam edərsə “bu sanksiyaların genişlənməsinə” səbəb ola bilər, David Cameron deyib.
Kiyev və Qərb Moskvanı Ukrayna şərqinə hərbi qüvvə göndərməkdə ittiham edirlər. NATO və ATƏT bu məlumatları təsdiqləyir.
Rusiya hadisələrə müdaxilə etməsi barədə iddiaları rədd edir.
Cameronla birgə mətbuat konfransında çıxış edən Avstraliyanın baş naziri Kremlin hərbi fəallağının artmasını qeyd edərək baş verənləri “acınacaqlı mənzərə” kimi təsvir edib.
"Rusiya çarizm və yaxud da Sovet Birliyi şöhrətini bərpa etmək əvəzinə əminamanlıq, azadlıq və rifah baxımından supergüc olmaq istəsə idi daha cazibədar ölkə ola bilərdi” , -Tony Abbott deyib.
Cümə günü Avstraliyanın Brisben şəhərində G20 sammiti öz işinə başlayır.
Çərşənbə axşamı Almaniya kansleri Angela Merkel Rusiyaya qarşı yeni sanksiyaların planlaşdırılmadığını deyib.























