Ukrayna: separatçılar 648 girovu azad edib

Şəklin mənbəyi, EPA
Ukraynanın şərqində separatçılar barışığın şərtlərinə uyğun olaraq 648 girov götürülmüş ukraynalı əsgəri azad edib, Ukraynanın silahlı qüvvələrinin rəhbərliyi bəyan edib.
Məlumata görə, daha 500 hərbi qulluqçunun azad olunması üzrə iş gedir.
Bazar ertəsi Ukrayna prezidenti Poroşenko 1200 əsgərin azad olunduğunu bəyan edib, amma əslində Ukraynanın hərbi idarəsində aydınlaşdırıldığı kimi bu saydan yarısı-648 nəfər buraxılıb.
Separatçılar Ukrayna hərbçilərinin girovluğunda 311 döyüşçünün olduğunu bəyan edirlər.
Atışmaya baxmayaraq barışıq
Cümə günü razılaşdırılmış barışığın şərtlərinə əsasən, bütün girovlar azad olunmalıdırlar.
Rəsmi şəxslər iddia edirlər ki, tərəflər barışığa yerli toqquşmalar və atışmalar haqda ortaya çıxan məlumatlara baxmayaraq ümumilikdə və bütövlüklə riayət edir.
Bu arada Ukrayna müdafiə nazirliyinin təmsilçisi Andrei Lutsenko Donetsk və Luqansk regionunda vəziyyətin gərginləşdiyini bəyan edib və separatçıları razılaşmaları pozmaqda ittiham edib.
Məlumata görə, barışıq elan olunduğu cümə günündən beş ukraynalı hərbçi həyatını itirib.
























