Ukrayna münaqişəsi: Üsyançılar "1200 əsiri buraxıb" - Poroşenko

Şəklin mənbəyi, twitter.comporoshenko
Ukraynada rusiyapərəst üsyançılar 1200 əsiri sərbəst buraxıb, Prezident Petro Poroşenko deyib.
Bu, cümə günü əldə edilən, əsirlərin qaytarılmasını da nəzərdə tutan atəşkəs razılığına uyğun olaraq həyata keçirilib, Ukrayna prezidenti deyib.
Cənab Poroşenko bu məlumatı, son günlərdə üsyançıların atəşə tutduğu Mariupol şəhərində olarkən etdiyi çıxış zamanı bildirib.
O, gəlişini rəsmi Twitter səhifəsində bəyan edib: "Mariupol - Ukraynadır. Biz bu torpaqları heç kəsə təhvil verməyəcəyik".
Ölkənin şərqindəki münaqişə nəticəsində 2600-dən çox adam həlak olub. Arada baş verən atışmaya baxmayaraq görünür ki, şərqi Ukraynadakı atəşkəs davamlıdır.




















