Ukrayna böhranı: atəşkəsin pozulması ilə bağlı qarşılıqlı ittihamlar

Atəşkəs hər iki tərəfin qüvvələrinin geri çəkilməsini nəzərdə tutur.

Şəklin mənbəyi, EPA

Şəklin alt yazısı, Atəşkəs hər iki tərəfin qüvvələrinin geri çəkilməsini nəzərdə tutur.

Hökumət qüvvələrilə üsyançılar arasında cümə günü razılaşdırılmış atəşkəs rejiminin pozulmasına dəlalət edən xəbərlər daxil olmaqdadır.

Tərəflər cümə günü Bakı vaxtı ilə 20:00-da atəşi kəsməyə razılaşıblar.

Razılaşmaya əsasən ağır texnika təmas xəttindən geri çəkilməli və şənbə günündən etibarən əsir düşənlərin dəyişdirilməsinə başlanmalıdır.

Bu ərəfədə döyüşlərin getdiyi bölgələrə humanitar yardımın çatdırılması təşkil olunmalıdır.

Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası atəşkəsin ən azı 10 dəfə pozulduğunu bildirib.

"Ötən sutka ərzində silahlılar 28 dəfə mövqeləri atəşə tutublar. Bundan 10-u atəşkəsin elanından sonra baş verib", - Şuranın nümayəndəsi Andrey Lısenko deyib.

Tanınmamış "Donetsk Xalq Respublikasının" baş naziri atəşkəsin pozulmasında Kiyevi suçlayıb.

"Bu günə atəşkəs barədə razılaşmaya tam əməl olunmur", - deyən Aleksandr Zaxarçenko şənbə günü Amvrosiyevka kəndinin iki dəfə atəşə tutulduğunu qeyd edib.

Bu məlumatlar müstəqil mənbədən təsdiq olunmayıb.

Atəşkəs protokolunda Ukraynanın ərazi bütövlüyü qeyd olunsa da sənəd altında imza atan separtçılar sazişi müvəqqəti tədbir adlandıraraq müstəqillikdən imtina etmədiklərini deyirlər.

Atəşkəsin riayət olunmasına nəzarət ATƏT təşkilatına həvalə olunub.

Bu arada Qərb ölkələri Rusiyaya qarşı yeni sanksiyalar üzərində işləyirlər.

Qərb Rusiyanı şərqi Ukraynada üsyançıları dəstəkləmək üçün sulah və qoşun göndərməkdə ittiham edir, Moskva isə bu ittihamları rədd edir.