Putin "şərqi Ukrayna dövlətçiliyinin" müzakirəsinə çağırır

Şəklin mənbəyi, AFP

Rusiya prezidenti Vladimir Putin şərqi “Ukrayna dövlətçiliyinin” müzakirəsi üçün danışıqlara səsləyib.

Şənbə günü Avropa İttifaqı Ukrayna böhranı ilə bağlı Rusiyaya qarşı yeni sanksiyaların hazırlandığını elan edib.

Rusiya Ukraynanın şərqindəki separatçılara hərbi yardım etdiyi barədə ittihamları rədd edir.

Rusiya prezidenti deyib ki, Ukraynada böhran “cəmiyyətin siyasi quruluşu və Ukraynanın cənub-şərqində dövlətçilik” mövzusu ilə aparılmalı dinc danışıqlar yolu ilə həll edilə bilər.

Rusiya prezidentinin mətbuat katibinə əsasən Vladimir Putin mövzu ilə bağlı çıxışında Ukraynanın şərqindəki regionlara dövlət statusunun verilməsinə səsləməyib.

Danışıqlar

"Bu həmin inklüziv danışıqlardı ki, (Kiyevin) şərqi regionlarla münasibətlərini müəyyən etməlidir. Bu Ukrayna daxilində, şərqi regionların, Novorossiya maraqlarının nə kimi mexanizmlər vasitəsilə, hansı yolla və necə nəzərə alınması barədə ölkədaxili danışıqlardı. Prezident bunları nəzərdə tuturdu", - Dmitriy Peskov deyib.

Vladimir Putinin sözlərinə görə o qeyd etdiyi planı prezident Petro Poroşenko ilə müzakirə edib. Ukrayna və Rusiya prezidentləri Belarus paytaxtı Minskdə avqustun 26-da görüşmüşdürlər.

Bu görüşdən sonra verilən açıqlamalar danışıqlarda əhəmiyyətli irəliləyişin olmadığına dəlalət edir.

Rusiya televiziyası ilə çıxış edən Vladimir Putin deyib ki, böhranın nə vaxt sona çatacağını proqnoz etmək mümkün deyil.

Qarşılıqlı ittiham

O, yeni sanksiyalar barədə Avropa İttifaqının xəbərdarlığını rədd edərək, Brüsseli Ukraynada "hərbi çevrilşi" dəstəkləməkdə qınayıb.

"Bu hamımız üçün yaxşı bir dərsdir ki, […] Ukraynada hakimiyyəti zor gücü ilə ələ keçirmək vaxtı yol verilən səhvləri heç kim və heç bir vaxt təkrar etməsin. Bu axı baş verənlərin əsas səbəbidir", - Rusiya lideri televiziya müsahibəsində deyib.

Şənbə günü Brüsseldə keçən sammitdə Avropa İttifaqının nümayəndələri Ukraynakı böhranının dərinləşməsilə bağlı bir həftə ərzində Rusiyaya qarşı yeni sanksiyaların hazırlanacağını bəyan ediblər.

Sammitə qatılan Ukrayna lideri Petro Poroşenko deyib ki, Rusiya qüvvələrinin birbaşa müdaxiləsinə görə kəskinləşən münaqişə "geriyə qayıdış olmayan" nöqtəsinə çatıb.