Rublun ardınca Ermənistanda dramın qiyməti düşür - dollar satılmır

Ermənistanda milli valyutanın - dramın dəyəri bu gün son il ərzində ən aşağı səviyyəyə düşüb.

Gün ərzində 1 dolların qiyməti 550-520 dram arasında dəyişib. Son bir ayda Ermənistan valyutasının qiyməti 25 faiz ucuzlaşıb. Lakin müxbirimiz xəbər verir ki, puldəyişmə məntəqələrində yalnız dolları drama dəyişmək olardı.

Dollar almaq istəyənlər “Dollar yoxdur” cavabı eşidə bilərdi. Banklar dollar və avro satışını dayandırıb.

BBC Azərbaycanca müxbirinin verdiyi xəbərə görə, səhərdən paytaxt Yerevanın mağazalarında da çaxnaşma duyulurdu. Mağaza sahibləri qiymətləri vaxtaşırı dəyişməyə məcbur idilər.

Bəzi mağazalar müəyyən növ malların, məsələn, qəndin və şəkər tozunun satışını məhdudlaşdırır və yaxud tamamilə dayandırırdılar.

Bir çox şirniyyat məhsullarının satışı dayandırılmışdı. Məişət texnikası mağazalarında malların üstündən qiymət yarlıqları götürülmüş, yeniləri qoyulmamışdı.

Satıcılar ya malı satmaqdan imtina edir, ya da mütəmadi olaraq qiymətləri dəyişirdilər.