Bir dollar 80 rubl oldu

Rusiya Mərkəzi Bankı ilin əvvəlindən bəri əsas faiz dərəcəsini 6 dəfə qaldırıb.

Şəklin mənbəyi, RIA Novosti

Şəklin alt yazısı, Rusiya Mərkəzi Bankı ilin əvvəlindən bəri əsas faiz dərəcəsini 6 dəfə qaldırıb.

Mərkəzi Bank tərəfindən faiz dərəcəsinin qaldırılmasından sonra əhəmiyyətli dərəcədə bahalaşan rubl bir qədər keçmiş dəyərini sürətlə itirməkdə davam edib.

Moskva vaxtı ilə günortayadək rublun məzənnəsi yeni rekordlar vurub: avro 81, dollar isə 65 rubla satılıb. Günortadan sonra isə 1 dollara artıq 80 rubl verilib və avronun qiyməti 100 rubl olub.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov rublun ucuzlaşmasını səbəbini "spekulyasiyalar və emosiyalarla" izah edib.

Rusiya baş nazirinin müavini neftlə bağlı "ah-vay etməməyə" səsləyib.

"Zənnimcə, indi neft qiymətləri mövzusunda və başqa iqtisadi çətinliklərlə bağlı ah-vay çəkməyə gərək yoxdur. Daha sürətli və səmərəli işləmək lazımdır", - Rusiya informasiya agentliklərində Yuri Trutnevin sözləri iqtibas olunur.

Mərkəzi Bankın sədr müavini Sergey Şvetsov əsas faizlərin artırılması ardınca yeni addımların atılcağını bildirib.

"11 oktyabr 1994-cü ilin "Qara çərşənbə axşamında" rublun məzənnəsi 27 faiz aşağı düşdü. Bu gün 16.12.14-də o 29 faiz aşağı düşüb, hələ də günün sonu deyil", - BBC Rus xidmətinin müxbiri Yuri Vendik Twitter hesabında yazır.

"Mən tam iki dəfə kasıbladım. Kimdir təqsirkar? Hökumət və prezident... Biz 15 il ərzində heç nə yaratmamışıq? Heç bir sabitlik yaratmamışıq. Neftlə bağlı bazarda ilk təlatüm - və vəssalam, sağolun", - BBC Rus Xidmətinə danışan Moskva sakini bildirib.

Bundan əvvəl ev həbsində olan müxalifət lideri Aleksey Navalnıy öz bloqunda dolların məzənnəsinin 74 rubla çatmasını şərh edib.

"Dollar 74-dür. Təsəvvür edə bilərsinizmi ki, onu dünən 61 (!!!) manata alanlar artıq necə böyük qazanc əldə ediblər".

Dəyərini itirən rublla yanaşı qısa müddət sabit qalan Rusiya səhmlərinin qiymətdən düşməsi də davam edib. Moskva vaxtı ilə saat 14:00-da əsas RTS indeksi 645,77 səviyyəsinə enib (2009-cu ilin mart ayından ən aşağı göstərici).

Şəklin mənbəyi, BBC World Service

"Görəsən yanvar ayında bizi neçə iflas gözləyir. Adamlar işsiz, pulsuz qalacaqlar, hiperinflyasiya. Dəhşətlər yalnız indi başlayır", Rusiya parlamentinin üzvü deputat Dmitri Qudkov bildirib.

Şəklin mənbəyi, BBC World Service

İlin əvvəlindən Mərkəzi Bank rublun dəstəklənməsinə 70 milyard dollar vəsait yönəldib.

Buna rəğmən Rusiya valyutası ucuzlaşmaqda davam edib.

Çərşənbə axşamına keçən gecə Mərkəzi Bankın Direktorlar Şurası əsas faiz dərəcəsini 10,5-dən 17 faizə qaldırıb.

Bu, son 15 il ərzində rubl məzənnəsinin ən kəskin şəkildə aşağı düşməsinə reakisya olub.

Maliyyə qurumu öz qərarını son zamanlar artmış “devalvasiya və inflyasiya risklərinin” qarşısını almaq niyyətilə əlaqələndirib.

Rusiya Mərkəzi Bankı ilin əvvəlindən bəri əsas faiz dərəcəsini 6 dəfə qaldırıb.

2015 – tənəzzül ilidirmi?

İlin əvvəlindən rubl dollara nisbətdə dəyərinin təqribən yarısını itirib, BBC-nin Moskvadakı müxbiri Steve Rosenberg bildirir.

Rusiya iqtisadiyyatı Qərb sanksiyaları və düşməkdə olan neft qiymətlərinin təzyiqi altındadır.

Ucuzlaşmaqda olan rubl fonunda inflyasiya 10 faizə çatıb və əsas faizi kəskin şəkildə artırmaq qərarı istehlakçı təşvişinin qarşısını ala bilər, Steve Rosenberg-in təhlilində deyilir.

Şəklin mənbəyi, Reuters

Lakin eyni zamanda əsas faizin qalxması, onsuz da tənəzzül həddinə çatmış ölkədə iqtisadi artımı ləngidə bilər.

Dekabr ayında Dünya Bankı Rusiya iqtisadiyyatının vəziyyəti barədə proqnozunu mənfiyə doğru dəyişdirib.

Maliyyə qurumunun ekspertlərinə əsasən 2015-ci ildə Rusiyanı əvvəl zənn edildiyi kimi durğunluq yox tənəzzül gözləyir, Steve Rosenberg-in məlumatında qeyd olunur.

Bazar ertəsi rubl dollara nisbətdə bir gün ərzində dəyərinin 10 faizini itirib.

Moskva birjasındakı satışlar nəticəsində dolların qiyməti 58-dən 63,1-ə çatıb.

Eyni gündə avronun kursu da təqribən 6 rubla artaraq 78,5 səviyyəsində qərarlaşıb.

Dekabr ayının əvvəlində Rusiya hökuməti xəbərdarlıq edib ki, Qərb sanksiyaları və düşən neft qiymətlərinə görə gələn il ölkənin iqtisadiyyatı tənəzzülə uğrayacaq.

Dünya Bankının proqnozuna görə neft bazarlarında vəziyyət dəyişməz qalarsa Rusiya iqtisadiyyatının həcmi gələn ildə 0.7 faiz azalacaq.