Ermənistanda ət və süd məhsulları bahalaşır

Şəklin mənbəyi, BBC World Service
Rusiya rublunun qiymətinin kəskin şəkildə düşməsi fonunda Ermənistan valyutası olan dramın məzənnəsi də sürətlə enməyə başlayıb. Bu isə öz növbəsində bir sıra əsas tələbat mallarının bahalaşmasına səbəb olub.
Həftənin əvvəlindən ət, süd və çörək məmulatlarının qiyməti 10 faizədək artıb.
Mağaza sahibləri bahalaşma prosesinin bundan sonra da davam edəcəyini deyirlər. Təhlilçilər səbəbi Qərbin Rusiyaya sanksiyaları nəticəsində rublun qiymətinin enməsi ilə izah edirlər.
Süd məhsulları
Çərşənbə axşamı kolbasanın qiyməti azı 100 dram (0,23 dollar) artıb, süd məhsulları 20 dram bahalaşıb, Arman adlı mağaza sahibi BBC Azərbaycancanın Yerevan müxbirinə deyib.
Qiymətlərin artmasını təchizatçılar Ermənistan dramının məzənnəsinin aşağı düşməsi ilə izah edirlər. Lakin mağaza sahibi süd məhsulları istehsalının idxalatla bağlı olmadığını deyir.
“Aştarak kat” süd məmulatları istehsal edən şirkətdən qiymətləri qaldırmağa məcbur olduqlarını bildiriblər.
Çünki şirkətin məlumatına görə, hələ keçən il tədarük edilən südün, kərə yağının, qablaşdırma malları, elektrik enerjisi, qaz və başqa yanacaq növlərinin qiymətləri artıb.
"Rusiya amili"

Şəklin mənbəyi, BBC World Service
İqtisadçılar Ermənistan valyutasının dollara nisbətən dəyərinin düşməsini Qərbin sanksiyaları nəticəsində Rusiya rublunun məzənnəsinin enməsi ilə əlaqələndirirlər.
Çərşənbə axşamı günorta Yerevan valyuta dəyişmə məntəqələrində 1 ABŞ dollarının qiyməti rekord səviyyəyə - 465-470 drama çatmışdı, lakin axşama yaxın, Mərkəzi Milli Bankın müdaxiləsi sayəsində, qiymət 450 drama enib.
Hələ oktyabrın sonunda 1 ABŞ dollarını 408-410 Ermənistan dramına almaq olardı.
İqtisadçı, professor Aşot Tavadyan qiymət artımını Rusiya amili ilə izah edir: “Hər necə olsa da, Rusiyaya qarşı sanksiyalar Ermənistana təsir etməyə bilməz. Çünki bu iki ölkənin iqtisadiyyatları bir-biri ilə sıx bağlıdır”.
Bundan başqa, onun sözlərinə görə, Rusiyadan Ermənistana böyük məbləğdə transfertlər gəlir və orada iqtisadi vəziyyətin pisləşməsi Ermənistana da təsir edir.
Eyni zamanda Ermənistanın iqtisadiyyat naziri Karen Çşmarityan ölkə valyutasının məzənnəsinin düşməsini “spekulyasiya sövdələşmələrinin” nəticəsi adlandırır.
Çərşənbə günü jurnalistlərə görüşü zamanı nazir deyib ki, Ermənistanın mövcud iqtisadi göstəricilərinin məzənnənin, özü də bir gün ərzində, belə kəskin tərəddüdünə səbəb ola bilməzdi.
“Bu, iqtisadi situasiyanın nəticəsi deyil. Mən hesab edirəm ki, vəziyyət sabitləşəcək. Mövcud qanunverici və inzibati alətlər nəzərə alınaraq, Mərkəzi Bank qısa müddətdə vəziyyəti tənzimləyər”, - nazir Çşmarityan bəyan edib.























