Qorbaçovun ölümü: Cənubi Qafqazda ona lənət oxuyurlar

Oxuma vaxtı: 2 dəq

Sovet İttifaqının sonuncu lideri Mixail Qorbaçovun ölümü barədə xəbər Cənubi Qafqaz ölkələrində müxtəlif, əsasən mənfi reaksiyalar doğurub.

Mixail Qorbaçov dünyada Soyuq müharibəyə son qoymağa çox əhəmiyyətli töhfəsi olan siyasi xadim kimi tanınsa da, vətənində ona münasibət fərqlidir. Keçmiş SSRİ-də insanlar onu ölkənin zəifləməsi, iqtisadi tənəzzül və münaqişələrin yaranmasında günahkar bilirlər.

Azərbaycanda Mixail Qorbaçov 1990-cı il, yanvarın 20-də Bakıya Sovet tanklarının girməsilə dinc əhaliyə qarşı törədilən "Qara yanvar" qətliamının əsas təşkilatçısı kimi tanınır. Onu həmçinin, Dağlıq Qarabağ münaqişəsinin başlanmasına görə günahlandırırlar.

Azərbaycanlı Facebook istifadəçilərinin böyük əksəriyyəti ona "gorbagor" olmağı arzulayır. İstifadəçilərdən biri isə "sağ əlin Putinin başına" yazıb.

"Qorbaçov həm Ermənistanda, həm də Azərbaycanda nifrət edilən nadir yaramazlardan idi. Sumqayıtda və Bakıda ermənilərin qanı Qorbaçovun adına silinməz rüsvayçılıq ləkəsi kimi qalacaq", erməni bloqçu Mika Badalyan yazıb.

Gürcüstan Netqazeti yazır kı, Mixail Qorbaçov "aşkarlıq" və "yenidənqurma" siyasətinin təşəbbüskarı olub, onun dövründə "soyuq müharibə" başa çatıb. "1990-cı ildə Qorbaçov Nobel Sülh Mükafatına layiq görülüb".

"Bəli, Qorbaçov Soyuq müharibənin sona çatmasında əsas rol oynayıb və o, Putinə və Ukraynadakı müharibəyə tənqidi yanaşır, lakin unutmayaq ki, o, Tbilisi, Vilnüs, Riqa, Almatı və Bakıda qan tökülməsinə, habelə Çernobıl haqqında yalanlara görə məsuliyyət daşıyır. Onu bütləşdirməyə ehtiyac yoxdur", - Natia Seskurianın tvitində deyilir.

"Bax siz deyirsiniz ki, Qorbaçov İttifaqı dağıtdı. Ama görün, ruslar, ermənilər, azərbaycanlılar, ukraynalılar, baltikyanılar, belaruslar, qazaxlar, gürcülər, özbəklər, türkmənlər, qırğızlar, taciklər, moldovanlar Qorbaçovun ölümünə bir ağızdan necə sevinirlər. Bu birlik deyilmi? Maiden Tower (Qız Qalası) Telegram kanalı yazıb.

SSRİ-nin keçmiş Prezidenti Mixail Qorbaçov ömrünün 91-ci ilində Moskva Mərkəzi Klinik Xəstəxanasında vəfat edib.

Həmçinin oxuyun: