You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.
Trump deyir ki, ABŞ "razılaşma olsa da, olmasa da" iki-üç həftə ərzində İranı "tərk edəcək"
ABŞ və İsrailin İranla müharibəsinin 33-ci günü:
- Donald Trump "İranın Yeni Rejim Prezidenti"nin ABŞ-dan atəşkəs istədiyini deyib.
- Donald Trump "İki-üç həftəyə İranı tərk edəcəyik" deyib
- İran da müharibənin bitə biləcəyini bildirən bir bəyanat yayıb
Bu və digər xəbərləri aşağıda oxuyun.
Trump deyib ki, İranın yeni rəhbəri atəşkəs istəyir
Donald Trump "İranın Yeni Rejim Prezidenti"nin ABŞ-dan atəşkəs istədiyini deyib.
Truth Social-dakı açıqlamasında o, ad çəkməyib, lakin həmin şəxsin "sələflərindən daha az radikallaşmış və daha ağıllı" olduğunu bildirib.
Trump-ın kimi nəzərdə tutduğu bəlli deyil.
ABŞ və İsrail 28 fevralda İrana hava hücumlarına başlayandan bəri, ölkənin Ali Lideri Ayətullah Əli Xamenei də daxil olmaqla, bir sıra yüksək vəzifəli İran liderləri öldürülüb.
Onun yerinə 8 martda oğlu Müctədaq Xamenei gəlib.
O vaxtdan bəri ona istinadən bir sıra yazılı açıqlamalar verilib, lakin özü ictimaiyyət qarşısına çıxmayıb.
Trump deyib ki, onun sağ olub-olmadığını bilmir.
İranın yeni prezidenti yoxdur.
Hazırki Prezident Məsud Pezeşkian martın 31-də İranın müharibəyə son qoymaq üçün "lazımi iradəyə" sahib olduğunu bildirib.
İran Trump-ın müharibəyə son qoymaq üçün danışıqlarda iştirak etdiyinə dair iddialarını təkzib edərək, vasitəçilər vasitəsilə ABŞ-la yalnız bəzi mesajların mübadiləsi aparıldığını bildirib.
Trump deyib ki, İranı tezliklə tərk edəcəklər
ABŞ Prezidenti Donald Trump Ağ Evdə İranla bağlı danışıb və deyib ki, ölkəsi İranı "çox tezliklə tərk edəcək" və ABŞ-ın hərbi əməliyyatları "iki və ya üç həftə" ərzində başa çata bilər.
Onun sözlərinə görə, ABŞ ötən ayın sonlarında İsraillə birlikdə İrana qarşı hava hücumları başlamazdan əvvəl müəyyən edilmiş məqsədlərə çatıb.
Trump bildirib ki, İranın nüvə silahı əldə etmək qabiliyyətini məhdudlaşdırmaq kimi əsas məqsədə çatılıb və ABŞ artıq "işi yekunlaşdırır".
Trump deyib ki, ABŞ artıq İran səmasında dominantlıq edir və bir çox yüksək vəzifəli siyasi və hərbi liderlərin öldürülməsindən sonra rejim dəyişikliyinə nail olub.
O, Tehrandakı yeni liderləri sələfləri ilə müqayisədə "daha az radikallaşmış" və "daha rasional" adlandırıb.
Trump həmçinin İran liderlərinin müharibəyə son qoymaq üçün ABŞ-la "razılaşma əldə etməyə yalvardıqlarını" söyləyib.
İran tərəfi Trumpın açıqlamasına hələ reaksiya verməyib, ancaq bundan əvvəl onun danışıqlarla bağlı sözlərini təkzib etmişdi.
O əlavə edib ki, müharibə hər iki tərəf arasında vasitəçilik yolu ilə əldə edilən razılaşma olmadan da başa çata bilər.
Prezident müharibənin yanacaq qiymətlərinin artmasına təsiri ilə bağlı söyləyib ki, ABŞ hərbi əməliyyatlarına son qoyduqdan sonra qiymətlər enəcək.
İran da müharibənin bitə biləcəyini bildirən bir bəyanat yayıb
İran Prezidenti Məsud Pezaşkian Avropa İttifaqı Şurasının Prezidenti Antonio Costa ilə telefon danışığında "lazımi şərtlər yerinə yetirilərsə, ABŞ və İsraillə müharibəyə son qoymaq iradəsinə" sahib olduqlarını bildirib.
Lakin, digər tərəfdən, İran İnqilab Keşikçiləri Korpusu çərşənbə axşamı xəbərdarlıq edib ki, əgər yüksək vəzifəli İran rəsmilərinin hədəf alındığı "sui-qəsdlər" davam edərsə, çərşənbə axşamından etibarən bölgədə fəaliyyət göstərən aparıcı ABŞ şirkətlərindən qisas alacaqlar.