You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.
Rusiya təhdidi Almaniyanı Avropanın aparıcı hərbi gücünə necə çevirdi
- Müəllif, Alan Litll
- Vəzifə, BBC
- Oxuma vaxtı: 10 dəq
General Karsten Broyer (Carsten Breuer) daima tələsir.
O, Almaniya Silahlı Qüvvələrinin rəhbəri, Avropanın ən nüfuzlu və bəlkə də ən vacib hərbçisidir.
Ona Almaniyanın hərbi qüdrətini sürətlə artırmaq və ölkəni qitənin ən güclü döyüş qüvvəsinə çevirmək tapşırılıb.
Onun fikrincə, 2029-cu ilə qədər Rusiya NATO ərazisinə hücum etmək iqtidarında olacaq - həmin vaxta qədər ordunun gücləndirilməsi istiqamətində görülən işlər (silahlanmaya investisiyalar və daimi yeni qoşun yığımı) öz bəhrəsini verməlidir.
"Mən hələ heç vaxt indiki qədər təhlükəli və təxirəsalınmaz bir vəziyyətlə qarşılaşmamışam", - deyə o, Niderland sərhədi yaxınlığında, Münsterdəki hərbi bazada mənə bildirdi.
"Gördüyümüz və qarşılaşdığımız şey Rusiyadan gələn təhdiddir. Biz aydın şəkildə görürük ki, Rusiya öz hərbi gücünü Ukraynaya qarşı müharibədən əvvəlki səviyyədən demək olar ki, iki dəfə çox artırır... 2029-cü ildə Rusiya NATO-ya qarşı genişmiqyaslı müharibə apara biləcək gücdə olacaq. Bir əsgər kimi deməliyəm ki: "Yaxşı, biz buna hazır olmalıyıq".
Broyer o zamankı qərbi Almaniya ordusuna 1984-cü ildə, 19 yaşında daxil olub. O, mülayim və düşünülmüş şəkildə danışır.
Onda hərbçilərə xas olan təkəbbür və ya nümayişkaranə "maçosizm" yoxdur, buna baxmayaraq, o, Almaniya ordusunu elə transformasiya etməyə çalışır ki, ordu qitədəki yeni qüvvələr nisbəti xəritəsinin mərkəzində yer alsın.
Onun komandanlığı altında Almaniya Silahlı Qüvvələri həm say, həm də güc baxımından sürətlə böyüyür. Gözlənilir ki, 2029-cu ildə Almaniya orduya 162 milyard avro xərcləyəcək (2025-ci ildə bu rəqəm 95 milyard avro olub).
İctimai rəy sorğuları ordunun bu cür gücləndirilməsinə yüksək dəstək olduğunu göstərir.
Çox yaxın keçmişdə bu miqyasda bir silahlanma proqramı Almaniyanın qonşuları arasında narahatlıq yaradar, Avropanın qaranlıq keçmişinin ruhlarını narahat edərdi.
20-ci əsrdə Almaniya güclü ordusundan istifadə edərək bəşəriyyət tarixindəki ən dağıdıcı müharibələrdən bəzilərini başladıb, qitənin böyük bir hissəsini viran qoyub və milyonlarla insanın ölümünə səbəb olub.
Keçmişin dəhşətlərinə görə günahını yumağa çalışan Almaniya uzun illər öz ordusunu məhdudlaşdırıb.
İndi o, öz ambisiyalarını reallaşdırıb Avropanın aparıcı hərbi dövlətinə çevrilə biləcəkmi? Və əgər buna nail olarsa, qitənin "güclü əli" rolunda necə hərəkət edəcək?
İkinci Dünya müharibəsindən sonra Almaniyanın mövqeyi necə dəyişdi
Almaniyanın Avropadakı mövqeyinin necə dəyişdiyini əyani şəkildə görmək üçün Litvaya getməyə dəyər. Almaniya nasist işğalından bəri ilk dəfədir ki, burada daimi hərbi iştiraka malikdir.
Litvada 1200-ə yaxın alman hərbçisi yerləşdirilib. Gələn ilin sonuna qədər onların sayı demək olar ki, 5 000-ə çatacaq.
BBC müxbirləri 45-ci zirehli tank briqadasının (Panzerbrigade 45) Belarus sərhədindən cəmi bir neçə km aralıda döyüş atışlı təlimlərini müşahidə ediblər. Onlar şərqdən gələn müdaxiləni modelləşdirirdilər.
Burada relyef düzənlik və meşəlikdir. Təbii maneələr azdır, nə dağ silsilələri, nə də keçilməz çay dərələri var. Region müdaxilə qarşısında son dərəcə müdafiəsizdir.
1812-ci ilin sentyabrında Napoleonun ordusu bu torpaqlardan keçərək Rusiya paytaxtına qədər getmişdi. Hitlerin qoşunları çox sürətlə, 1941-ci ilin sentyabrına qədər Moskvaya çatdılar. Sonra onlar sovet qüvvələri tərəfindən geri çəkilməyə məcbur edildilər və ordular uzun müddət bu açıq, müdafiəsiz düzənlik boyunca irəli-geri hərəkət etdilər.
Əgər coğrafiya taledirsə, onda bu regionun hərbi münaqişələrdəki taleyini Böyük Avropa düzənliyi formalaşdırıb.
"Düşünürəm ki, biz qonşularımızın gözləntilərini qarşılamaq üçün buradayıq," - deyə zirehli tank briqadasının komandiri, polkovnik-leytenant Sebastian Haqen mənə bildirdi. - "Kanslerimiz [Friedrich Merz] Avropanın ən güclü ordusunu yaratdığımızı elan etdi. Hesab edirəm ki, bu, iqtisadi qüdrətimizi, eləcə də Avropadakı rolumuzu nəzərə alsaq, Almaniyanın statusuna uyğundur. Əlbəttə, biz bunu təkbaşına etmirik - biz bunu NATO və Avropa İttifaqı çərçivəsində həyata keçiririk".
Alman hərbçiləri söhbətlərində xüsusilə vurğulayırlar ki, bu dəfə Almaniya işğalçı və təcavüzkar kimi deyil, arzuolunan və dəyərli bir müttəfiq kimi çıxış edir. Bu demokratik Almaniya hökmranlığa deyil, əməkdaşlığa can atır.
Soyuq müharibənin pik dövründə Almaniyanın yarım milyondan çox hərbi qulluqçusu var idi, lakin onlar həmişə NATO çərçivəsində və ABŞ-ın nəzarəti altında idilər.
Sovet İttifaqı dağıldıqdan sonra isə Almaniya Avropanın böyük hissəsi kimi, öz silahlı qüvvələrini iki dəfədən çox azaltdı.
2007-2017-ci illər aralığında Avropanın ən çox əhalisi olan və şübhəsiz ki, ən güclü iqtisadiyyatına malik ölkəsi olan Almaniya, adətən, müdafiəyə ÜDM-nin (Ümumi Daxili Məhsul) cəmi 1,2 faizini xərcləyirdi.
Bu, müdafiə və təhlükəsizlik məsələlərinin milli prioritetlər arasında nə qədər aşağı pillədə dayandığını göstərməklə yanaşı, həm də Avropanın böyük hissəsinin qərq olduğu arxayınlıqdan xəbər verir.
Almaniyanın yeni hədəfi - müdafiə xərclərini ÜDM-nin 5 faizinə çatdırmaqdır.
Rusiyanın Ukraynaya müdaxiləsi başlayandan bəri digər Avropa ölkələri də hərbi prioritetlərinə yenidən baxmağa başlayıblar.
Böyük Britaniya ötən il 2035-ci ilə qədər 5% səviyyəsinə çatacağına söz verib, Fransa isə 3,5%-i hədəfləyib.
Lakin hətta bu xərclər də Rusiyanın hərbi ehtiyaclar üçün ayırdığı vəsaitdən aşağıdır: 2024-cü ildə Rusiyanın hərbi xərcləri ÜDM-nin 7,1%-i həcmində qiymətləndirilirdi.
Mədəni çevriliş
Almaniyanın hazırda həyata keçirdiyi bu miqyasda silahlanma müdafiə qavrayışında və silahlı qüvvələrin alman cəmiyyətindəki yerində ciddi dəyişiklik tələb etdi.
Almaniyanın təslim olmasından sonra müttəfiqlərin liderləri Potsdam konfransında Almaniyanın demilitarizasiyası barədə razılığa gəldilər.
Qərbi Almaniya törətdiyi bəlaları yumağa çalışaraq bunu qəbul etdi və öz müdafiəsində aparıcı rolu ABŞ-ın üzərinə götürməsinə razı oldu.
Həmin era başa çatdı. 2025-ci ildə Almaniya parlamenti müdafiə büdcəsi üçün borclanmaya qoyulan sərt məhdudiyyətləri aradan qaldırmaq məqsədilə ölkə konstitusiyasına dəyişiklik edilməsinə səs verdi.
Almaniyadan kənarda yaşayan insanlar üçün bunun nə dərəcədə vacib olduğunu anlamaq çox vaxt çətindir.
Lakin bu ölkədə tarix hər masanın arxasındakı görünməz qonaqdır.
Burada 1920-ci illərdə iqtisadiyyatı məhv edən və nasistlərin hakimiyyətə gəlməsinə kömək edən hiperinflyasiyanı hələ də xatırlayırlar.
Almaniya borclara və qeyri-sabit valyutaya qarşı xüsusilə həssasdır. Lakin indi o, hər halda müdafiə xərclərinin sərt məhdudiyyətlərdən kənara çıxmasına icazə verdi.
"Mən deyərdim ki, bu, bir mədəni inqilab idi, - deyə Vaşinqtondakı Karnegi Fondunun baş tədqiqatçısı Sofiya Beş bildirir. - Rusiyanın Ukraynaya müdaxiləsi Almaniyanın müdafiə məsələlərinə yanaşmasını həqiqətən dəyişdi".
Bu addım, demək olar ki, mütləq şəkildə ABŞ vitse-prezidenti Cey Di Vensin keçənilki Münhen Təhlükəsizlik Konfransındakı çıxışı ilə tətikləndi.
Donald Trump-ın andiçmə mərasimindən bir neçə həftə sonra səslənən həmin çıxışda o, avropalı müttəfiqlərə ABŞ-ın artıq Avropa təhlükəsizliyinin qarantı olmayacağına dair aydın mesaj vermişdi.
Eyni zamanda, sızdırılan bir sıra məlumatlar Trump dövründə Ağ Evdə avropalı müttəfiqlərə qarşı hökm sürən saymazyana münasibət mədəniyyətini üzə çıxardı. Müdafiə naziri Pit Heqset həmkarlarına "Avropalı müftəxorlara qarşı nifrətinizi tamamilə bölüşürəm" deyərək əlavə etmişdi: "ACINACAQLIDIRLAR".
Deyilənə görə, məhz bu hadisə Almaniya kansleri Fridrix Mersi Avropa güclərinin NATO çərçivəsində ABŞ-dan "əməliyyat müstəqilliyinə" can atmalı olduğuna inandırıb.
"Almaniyanın müharibədən sonrakı quruluşunun demək olar ki, bütün təməli transatlantik ittifaq ətrafında qurulmuşdu," - deyə jurnalist və müəllif Con Kampfner bildirir.
"Bu təməl müdafiə, təhlükəsizlik və siyasət sahəsində ABŞ-ın ehtimal olunan dəstəyinə söykənirdi. Bunu bəlkə də sadəlövhlük adlandırmaq olar. Lakin bu təhlükəsizlik hissi ikinci Trump administrasiyası tərəfindən darmadağın edildi", - o deyir.
Onun fikrincə, bu vəziyyət almanları britaniyalı və ya fransızlardan daha çox sarsıdıb.
"Britaniyalıların və fransızların ətrafında birləşə biləcəkləri bayraqları, millət və tarix duyğuları var. Müharibədən sonrakı Almaniya üçün isə hər şey ağ vərəqdən başlamışdı.
Və bütün qüsurları ilə birlikdə bu, asayişə, qaydalara əsaslanırdı. Bu, həm də Almaniya xarici siyasətinin fundamental prinsipi idi. İndi isə onlar şərqdə müharibə görürlər, qərbdə isə artıq güvəndikləri o dost, müttəfiq və etibarlı hami yoxdur.
Ona görə də bütün Avropada olduğu kimi, burada da əhval-ruhiyyə tutqundur. Və belə bir hiss var ki, hər şeyə yenidən baxmağın vaxtı çatıb", - deyə Kampfner izah edir.
"Biz bunu "zəngli saatın zəngi" adlandıra bilərik," - deyə Broyer bildirir. "Bu dəfə biz "təxirə sal" düyməsinə yenidən basmaq istəmədik və bunu edə bilməzdik... bu, Almaniya üçün böyük bir addım idi, şübhəsiz ki, alman cəmiyyəti üçün nəhəng bir addım idi".
Onun sözlərinə görə, hazırda Almaniyanın 182 000 hərbi qulluqçusu var. O, bu sayı bir il ərzində 20 000, on il ərzində isə 60 000 nəfər artırmaq istəyir. Bundan əlavə, bu peşəkar ordunu 200 000 nəfərlik ehtiyat qüvvə tamamlayacaq.
O, hərbi xidmətə qəbul kampaniyasına başlayıb və orduya minlərlə gənci cəlb etməyə ümid edir; əgər lazım olan say toplanmasa, zamanla Broyer icbari hərbi xidmətin bərpası üçün təkid edəcək. Bu tədbirlərə olan ictimai dəstəyi nəzərə alsaq, onun istəyinə nail olacağı demək olar ki, mütləqdir.
Almaniya Müdafiə Nazirliyi xəbər verir ki, fevral ayında xidmət üçün 16 100 nəfər müraciət edib: bu, keçən ilin fevralı ilə müqayisədə 20% çoxdur. Xidmətə 5 300 yeni çağırışçı qəbul olunub ki, bu da 2025-ci illə müqayisədə 14% çoxdur.
Əməliyyat müstəqilliyi
Almaniya, həmçinin öz sursat istehsalını artırmaqla ABŞ-dan asılılığını azaldır. Müdafiə xərcləri üçün borclanma məhdudiyyətlərinin aradan qaldırılması bir çox alman şirkətini mülki istehsaldan hərbi istehsala keçməyə sövq etdi.
Almaniya, Avropanın böyük hissəsi kimi, uzun müddət qırıcı təyyarələr, raket sistemləri və zirehli texnika sahəsində Amerika silah istehsalçılarından güclü şəkildə asılı olub.
İndi Almaniya Amerika sursatlarından daha az asılı olmağa çalışır və "mümkün olan yerdə alman malı al" şəklində qeyri-rəsmi siyasət yürüdür.
Mersin bəhs etdiyi "əməliyyat müstəqilliyi"nə can atarkən, Avropa hazırda yalnız ABŞ-da olan imkanlara nail olmalıdır.
"Biz Almaniya üçün aydın prioritetlər siyahısı tərtib etmişik," - deyə Broyer bildirir. - "Bizə ISR [kəşfiyyat, müşahidə və nəzarət] vasitələri lazımdır, bizə dronlar lazımdır. Dərinliklərə yüksək dəqiqlikli zərbələr endirmək imkanına ehtiyacımız var. Kosmik imkanlar da bu siyahıya daxil edilməlidir. Bunlar ən təxirəsalınmaz ehtiyaclardır. Lakin dediyim kimi, bizim prioritetlər siyahımız var, biz bunun üzərində işləyirik və artıq xeyli irəliləmişik".
Mən ondan 1945-ci ildən bəri Avropada müharibə zamanı alman ordusuna rəhbərlik edəcək ilk general olmağa hazır olub-olmadığını soruşdum.
"Söhbət müharibədən getmir," - deyə o cavab verdi.
"Mənim məşğul olduğum iş - müdafiə imkanlarını artırmaqla Almaniyanı özünü qoruya biləcək vəziyyətə gətirməkdir. Bu, çəkindirmədir. Biz Rusiya tərəfindən gələn təhdidin qarşısını alacağıq", - deyə Broyer izah edir.
Başqa sözlə, müharibənin qarşısını almaq üçün müharibəyə hazırlaşmaq lazımdır.
Lakin "əməliyyat müstəqilliyi" mümkün olacaqmı? Avropa ABŞ olmadan böyük bir müharibə apara bilərmi?
ABŞ Müdafiə Nazirliyi Amerikanın ən böyük işəgötürənidir. Gözlənilir ki, bu il onun xərcləri 961,6 milyard dollar təşkil edəcək ki, bu da Almaniyanın hətta yeni müdafiə xərclərini, eləcə də artırılması planlaşdırılan Britaniya və Fransa xərclərini əhəmiyyətli dərəcədə üstələyir.
"Pul baxımından baxsaq, başqa variant yoxdur: Avropa müdafiə və təhlükəsizliyinin gələcəyini Almaniya formalaşdıracaq", - deyə Sofiya Beş bildirir.
"Lakin mən Avropada ABŞ-ı əvəz edə biləcək tək bir ölkənin tapılacağına şübhə edirəm. "Gələcəkdə Almaniya və ya Fransa bu rolu üzərinə götürə bilərmi?" demək çox cəlbedici səslənir, lakin avropalılar fərqli şəkildə qarşılıqlı əlaqə qururlar. Biz həmişə kompromisə can atırıq.
Bundan əlavə, aydın bir etimad problemi var. ABŞ-ın Avropa müdafiəsində oynadığı rol onilliklər ərzində formalaşıb və etimad da onilliklər ərzində qurulub - bu boşluğu bir gecədə doldurmaq çətin olacaq", - o deyir.
ABŞ-a olan etimad zəifləyir.
2024-cü ildə, Trampın yenidən seçilməsindən əvvəl, Pew Tədqiqat Mərkəzinin sorğusunda iştirak edən almanların 74%-i iki ölkə arasındakı münasibətlərə əmin olduqlarını deyirdilər.
Lakin artıq 2025-ci ildə almanların yalnız 27%-i ABŞ ilə münasibətləri yaxşı hesab edirdi, 73%-i isə bu münasibətləri pis qiymətləndirirdi.
Əvəzedilməz ölkə?
Bəlkə də, Almaniyanın Avropadakı dəyişən rolu haqqında ən aydın mənzərəni onun qonşuları ilə münasibətləri yaradır.
Sorğular göstərir ki, litvalılar ölkədəki alman hərbi iştirakını müsbət qiymətləndirirlər.
2011-ci ildə Polşanın xarici işlər naziri Radoslav Sikorski Berlinə gələrək bir çıxış etdi. Polşanın nasist işğalı ilə bağlı xatirələrini nəzərə alsaq, bu çıxış zalda olan bir çox alman diplomatını təəccübləndirdi.
O, Almaniyanı Avropa lideri rolunu üzərinə götürməyə çağırdı. Həmin vaxt Avrozonada böhran yaşanırdı və Sikorskinin Almaniyanı çağırdığı rol hərbidən çox iqtisadi xarakter daşıyırdı. Lakin bu, rəmzi bir məqam idi.
"Mən Almaniyanın gücündən Almaniyanın passivliyindən qorxduğumdan daha az qorxuram," - o demişdi və Almaniyanı Avropanın "əvəzedilməz ölkəsi" adlandırmışdı.
Polşanın istefada olan generalı, Polşa Silahlı Qüvvələri rəisinin keçmiş müavini Andjey Falkovski hesab edir ki, Almaniyanın yenidən silahlanması "Polşa, Avropa və NATO üçün yaxşı xəbərdir".
O, 12 il ərzində NATO-nun mənzil-qərargahında yüksək vəzifələr tutub.
"Biz onların [almanların] nə qədər militarist olduqlarını və mənim ölkəmin geostrateji mövqeyini bilirik," - deyə o mənə bildirdi.
"Biz həmişə iki fövqəldövlət arasında sandviç kimi sıxılıb qalmışıq. 1989-cu ildən sonra Almaniya [müdafiə xərcləri baxımından] "müftəxorluq" etməyə başladı. Onlar pulları iqtisadi və sosial məsələlərə - təhsilə və s. xərcləməyə üstünlük verirdilər, çünki şərqdə bir növ bufer zonaları var idi və biz polyaklar həmin bufer idik. Lakin indi Almaniya müdafiə xərclərinə görə dünyada dördüncü yerdədir. Avropanın ən güclü iqtisadiyyatı kimi onlar daha çox xərcləməlidirlər və həm Polşa, həm də Avropa üçün bu, ancaq yaxşı xəbər ola bilər", - Andjey Falkovski bildirir.
Müsahibənin sonunda mən Broyerdən soruşdum: "Siz, yəqin ki, Avropanın ən nüfuzlu və ən vacib hərbçisisiniz. Bu yükü hiss edirsinizmi?"
"Düşünürəm ki, hər gün məsuliyyət hiss edirəm, - deyə o cavab verdi, - burada, Almaniyada komandanlıq etdiyim qüvvələr üçün məsuliyyət. Mən Almaniyanın 182 min əsgərindən biriyəm və bir lider məsuliyyəti hiss edirəm. Bu rəhbərlik komandasının bir hissəsi olduğum üçün çox şadam, çünki biz bu tapşırığın öhdəsindən birlikdə gələcəyik. Mütləq".
NATO yaradılarkən deyirdilər ki, onun vəzifəsi "amerikalıları daxildə, rusları xaricdə, almanları isə nəzarətdə saxlamaqdır". Bu era başa çatdı. Səksən il keçib və Almaniya "nəzarət altında" olmaqdan çox uzaqdır; o geri qayıdıb, yenidən silahlanıb və yeni Avropa qüvvələr nisbəti xəritəsinin mərkəzində yerləşib.
Baş foto: NurPhoto / AFP / Photothek / Getty Images