You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.
Azərbaycanın xalq artisti, aktyor Rasim Balayevlə vida mərasimi keçirilib
Türkiyədə vəfat edən Azərbaycanın xalq artisti, aktyor Rasim Balayevlə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında vida mərasimi keçirilib.
Rasim Balayev martın 29-da İstanbul şəhərində, müalicə aldığı "Memorial" xəstəxanada vəfat edib.
Ağciyər xərçəngindən və yüksək şəkərdən əziyyət çəkən 77 yaşlı xalq artisti bir müddət idi ki, Türkiyədə müalicə alırdı, Azərtac yazıb.
Aktyor Rasim Balayev Azərbaycan kinosunda "Nəsimi", "Babək" filmlərində baş rolda çəkilib.
O, 25-26 yaşlarında "Nəsimi" roluna görə Azərbaycan kinosunda "ən yaxşı kişi rolu" nominasiyasının qalibi olub.
Mərhum xalq artisti "Dədə Qorqud" kinosunda "Beyrək", "Qatır Məmməd" kinosundakı "Əziz" obrazı ilə də xatırlanır.
O, bir çox Azərbaycan kinolarında epizodik rollarda da yer alıb.
Rasim Balayev 1948-ci ildə Ağsu rayonunda anadan olub.
1969-cu ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirdikdən sonra, Rasim Balayev ilk dəfə Bakı kinostudiyasında "Ulduzlar sönmür" əsərində kiçik rola çəkilməklə kino fəaliyyətinə başlayıb.
O, 1990-cı ildən 2013-cü ilə kimi Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi, 2022-ci ildən etibarən isə sədri vəzifəsində çalışıb.
Rasim Balayev BBC Azərbaycanca üçün Qurban Səidin "Əli və Nino" əsərindən parçalar səsləndirib.