İsrail: İranla bağlı hərbi məqsədlərin "yarıdan çoxu"na nail olunub

Oxuma vaxtı: 21 dəq

ABŞ və İsrailin İranla müharibəsinin 32-ci günü:

  • İsrailin Baş naziri Benyamin Netanyahu bildirib ki, İranla bağlı hərbi məqsədlərin "yarıdan çoxu"na nail olunub
  • ABŞ İranla sülh danışıqlarının davam etdiyini israrla bildirir, rəsmi Tehran təkzib edir
  • İsrail Xəzər dənizi yaxınlığında İranın hava hücumundan müdafiə sistemlərinə zərbə endirdiyini deyib
  • Türkiyə hava məkanına daxil olan daha bir raketin vurulduğunu açıqlayıb.
  • Donald Trump "İran neftini ələ keçirə" və əsas yanacaq mərkəzi olan Xarq adasını tuta biləcəyini deyir

Bu və digər xəbərləri aşağıda oxuyun.

Tramp Fransanın "çox qeyri‑yardımçı" olduğunu bildirib.

ABŞ Prezidenti Donald Trump Truth Social-dakı növbəti paylaşımda Fransanın "hərbi təchizatla yüklənmiş İsrailə gedən təyyarələrin Fransa ərazisi üzərindən uçmasına icazə verməyəcəyini" bildirib.

O davam edərək yazıb ki, Fransa "İranın Qəssabı" ilə bağlı "çox qeyri‑yardımçı" olub, halbuki o, uğurla zərərsizləşdirilib!"

Trump böyük hərflərlə əlavə edib ki, "ABŞ xatırlayacaq".

Netanyahu: İran "daxildən çökəcək"

İsrailin Baş naziri Benyamin Netanyahu deyib ki, İrana qarşı aparılan hərbi missiyanın "yarıdan çoxu artıq geridə qalıb", AFP xəbər agentliyi yazıb.

Bununla belə, o, ABŞ-ın Newsmax televiziya şirkətinə verdiyi açıqlamada İranla müharibənin nə zaman bitəcəyi ilə bağlı hər hansı tarix vermək istəmədiyini bildirib.

İsrail lideri qeyd edib ki, müharibə zamanı İranın İnqilab Keşikçiləri Korpusunun "minlərlə" üzvü öldürülüb.

O, həmçinin deyib ki, İsrail və ABŞ İranın "hərbi sənayesini, bütün müəssisələrini və nüvə proqramının özünü məhv etməyə yaxındır".

Bununla belə, Netanyahu bir daha qeyd edib ki, hədəf İranda rejim dəyişikliyi deyil.

O əlavə edib ki, İran İslam Respublikası gec-tez "daxildən çökəcək", AFP agentliyi yazıb.

ABŞ İranla sülh danışıqlarının davam etdiyini israrla bildirir, rəsmi Tehran təkzib edir

ABŞ indiyədək İranda 11 mindən çox hərbi hədəfə zərbələr endirdiyini, dəniz donanmasını məhv etdiyini və 150 gəmini vurduğunu bildirib.

Bunu Ağ Evin mətbuat katibi Karoline Leavitt martın 30-da keçirdiyi brifinqdə deyib.

O bildirib ki, ABŞ Prezidenti Donald Trump İrana qarşı quru əməliyyatını istisna etməsə də, diplomatiya hələ də onun ilk seçimidir.

Leavitt israrla qeyd edib ki, ABŞ və İran arasında danışıqlar yaxşı gedir və hazırda da davam etdirilir.

Ağ Ev rəsmisi Tehrana xəbərdarlıq edərək bildirib ki, əgər İran ABŞ-la razılaşmanın əldə edilməsi "imkanından" imtina etsə, ordu İranı cəzlandırmaq üçün Trump-ın "hər variantını" həyata keçirməyə hazırdır.

İran rəsmiləri ABŞ-la danışıqlar aparmadıqlarını deməyə davam etsə də, Leavitt xüsusilə vurğulayıb ki, rəsmi Tehran Vaşinqtonla danışıqlar aparır və "Amerika xalqı terrorçu rejimin dediklərini qəbul etməyəcək dərəcədə ağıllıdırlar".

İsrail Xəzər dənizi yaxınlığında İranın hava hücumundan müdafiə sistemlərinə zərbə endirib

İsrail ordusu bazar günü ölkənin şimalında, Xəzər dənizi yaxınlığında İranın hava hücumundan müdafiə sistemlərinə zərbə endirdiyini bildirir.

İsrail Hərbi Hava Qüvvələri bildirir ki, zərbələrin məqsədi İsrailin İran üzərində "hava üstünlüyünü" genişləndirmək olub.

Xəzər dənizi dünyanın ən böyük daxili su hövzəsidir və İran, Rusiya, Qazaxıstan, Türkmənistan və Azərbaycanla həmsərhəddir.

"Yüzlərlə ABŞ hərbçisi Yaxın Şərqdədir"

BBC-nin ABŞ tərəfdaşı CBS News-a görə, yüzlərlə ABŞ hərbçisi Yaxın Şərqdədir.

Mənbələr CBS-ə bildiriblər ki, bu, Donald Trampa İranda alternativ seçimlər vermək məqsədi daşıyır: o cümlədən Hörmüz boğazının açılması, Xarq adasından neftin götürülməsi və ya İranın zənginləşdirilmiş uran ehtiyatının ələ keçirilməsi əməliyyatları.

ABŞ Mərkəzi Komandanlığı bununla bağlı şərh verməkdən imtina edib.

Şənbə günü Komandanlıq bildirib ki, Yaxın Şərqdəki USS Tripoli gəmisinə 3500 dənizçi və dəniz piyadası gəlib.

Türkiyə hava məkanına daxil olan daha bir raketin vurulduğunu açıqlayıb

Türkiyə NATO-nun hava hücumundan müdafiə qüvvələrinin ölkənin hava məkanına daxil olan ballistik raketi "zərərsizləşdirdiyini" bildirir.

Türkiyənin Müdafiə Nazirliyi X-də bildirib ki, raket "İrandan atılıb".

Bu, Türkiyənin müharibənin başlanğıcından bəri vurduğunu dediyi 4-cü raketdir.

Tramp: ABŞ İranla "ciddi müzakirələr" aparır, lakin enerji təhdidlərini təkrarlayır

Donald Tramp ABŞ-ın yeni İran rejimi ilə "ciddi müzakirələr" apardığını, bu müzakirələrin "İrandakı hərbi əməliyyatlara son qoya" biləcəyini deyib.

Truth Social-dakı paylaşımda Tramp yazır ki, "Amerika Birləşmiş Ştatları İrandakı hərbi əməliyyatlarımıza son qoymaq üçün YENİ VƏ DAHA MƏQSƏDLİ BİR REJİM ilə ciddi müzakirələr aparır.

"Böyük irəliləyiş əldə edilib, amma hər hansı bir səbəbdən tezliklə razılaşma əldə olunmazsa - çox güman ki, əldə ediləcək - və əgər Hörmüz boğazı dərhal "Biznes üçün açıq" olmazsa, İrandakı gözəl "varlığımızı" hələ bilərəkdən "toxunmadığımız" onların bütün Elektrik Enerjisi Zavodlarını, Neft Quyularını və Xarq Adasını (və bəlkə də bütün duzsuzlaşdırma zavodlarını!) partlatmaqla və tamamilə məhv etməklə başa vuracağıq".

"Bu, İranın köhnə Rejimin 47 illik "Terror Hakimiyyəti" dövründə qırğın və öldürdüyü çoxsaylı əsgərlərimizin və digərlərinin qisası olacaq."

İran ABŞ-ın müharibəyə son qoymaq tələblərini "ifrat və ağlasığmaz" adlandırıb

İran Xarici İşlər Nazirliyinin sözçüsü bildirib ki, ABŞ-ın İrandan müharibəyə son qoymaq tələbləri ilə bağlı bildirdiyi məqamlar "ifrat" və "ağlabatan deyil".

İran mediasının verdiyi məlumata görə, Bəqayi Tehranın "ABŞ ilə birbaşa danışıqlar aparmadığını" və indiyə qədər müzakirə edilənlərin "vasitəçilər vasitəsilə ABŞ-ın danışıqlar aparmaq niyyəti barədə mesajlar" olduğunu söyləyir.

O, Pakistanın görüşlərinin "özlərinin müəyyən etdiyi" bir çərçivədə olduğunu və İranın "iştirak etmədiyini" söyləyir.

Bəqayi həmçinin ABŞ-ı mövqeyini "daim" dəyişdirməkdə ittiham edib. "ABŞ-da neçə nəfərin Amerika diplomatiyası iddiasını ciddi qəbul etdiyini bilmirəm", Bəqayi deyib.

Tramp Xarq adasını tutmaqdan danışıb

Donald Trump Financial Times (FT) qəzetinə verdiyi açıqlamada "İrandakı nefti ələ keçirə" və ölkənin əsas yanacaq mərkəzi olan Xarq adasını tuta biləcəyini bildirib.

"Düzünü desəm, ən sevdiyim şey İrandakı nefti ələ keçirməkdir, amma ABŞ-dakı bəzi axmaq insanlar deyirlər: "Niyə belə edirsiniz?" Amma onlar axmaq insanlardır", – deyə o bildirib.

Trump bu addımın Xarq adasını ələ keçirmək demək ola biləcəyini bildirib.

"Bəlkə Xarq adasını ələ keçirərik, bəlkə də yox. Bizim çoxlu seçimimiz var", – deyə Tramp FT-yə bildirib.

"Bu, həm də orada bir müddət [Xarq adasında] ola bilərik demək ola bilər".

Adada İranın müdafiəsi ilə bağlı suala cavab olaraq o deyib: "Düşünmürəm ki, onların hansısa müdafiəsi var. Biz onu çox asanlıqla ələ keçirə bilərik".

Prezidentin şərhləri Yaxın Şərqə daha 3500 ABŞ əsgərinin gəlməsi ilə əlaqədardır.

Bu da ola biləcək eskalasiyanın artması və ABŞ qüvvələrinin İranın hücumlarına məruz qala biləcəyi ilə bağlı narahatlıqlarını artırır.

Trump əlavə edib ki, ABŞ və İran arasında Pakistan "elçiləri" vasitəsilə dolayı danışıqlar "yaxşı irəliləyir".

Lakin Trump atəşkəs razılaşmasının tezliklə əldə edilib-edilməyəcəyi barədə şərh verməkdən imtina edib.

O, "Razılaşma kifayət qədər tez əldə edilə bilər" deyib.

ABŞ Xarq adasını ələ keçirsə belə, İran yenə də Hörmüz boğazından keçəcək tankerlərə hücum edə bilər

Nick Marsh

Biznes müxbiri, Sinqapur

Səhər Asiya bazarlarında Brent markalı xam neftin bir bareli artaraq 116 dollara çatıb.

Eyni zamanda, Donald Trump ABŞ-ın yanvar ayında Venesuela Prezidenti Nikolas Maduronu devirdiyi kimi, "İrandakı nefti ələ keçirmək" istədiyini söyləyir.

Tramp Financial Times qəzetinə bildirib ki, ABŞ bunu İranın neft ixracatının 90 faizinin yükləndiyi Fars körfəzindəki Xarq adasını ələ keçirməklə edə bilər.

Xarq adasını ələ keçirmək mümkün ola bilər, lakin bu, ABŞ-ın Venesuelada istifadə etdiyi nisbətən sadə əməliyyat kimi olmaz.

Bu, xeyli insan qüvvəsini tələb edəcək və Hörmüz boğazına kimin nəzarət etdiyini dəyişməyəcək.

ABŞ-ın nəzarətində olan Xarq adasından çıxan istənilən tanker indiki kimi yenə də İran hücumlarının qurbanı olacaq.

Müctəba Xameneiyə aid olduğu deyilən daha bir mesaj - amma ali lider hələ də ictimaiyyət arasında görünmür

İranın ali lideri Müctəba Xameneiyə aid olduğu deyilən sonuncu mesajda onun "İranı hədəf alan aqressiyaya qarşı açıq mövqe" sərgilədikləri üçün İraq ruhanilərinə və iraqlılara təşəkkür etdiyi deyilir.

İran media yazıb ki, İraq Ali İslam Məclisinin sədri ilə İranın Bağdaddakı səfiri arasında baş tutan görüşdən sonra, Xameneiyə aid edilən mesaj İraq rəsmilərinə göndərilib.

Müctəba Xameneinin martın əvvəlində ali lider seçilməsindən bəri ona aid edilən bir neçə mesaj dərc olunub.

Buna baxmayaraq, ali lider bu vəzifəyə gəldikdən sonra ictimai şəkildə və ya dövlət televiziyasında görünməyib.

İranın keçmiş ali lideri Əli Xamenei ABŞ və İsrailin İrana qarşı başlatdığı müharibənin ilk günündə - fevralın 28-də hava zərbələri nəticəsində öldürülüb, lakin o, hələ də dəfn olunmayıb.

ABŞ Prezidenti Donald Trump İranın yeni ali lider Müctəba Xamenei barəsində isə iddia edib ki, o, "ya ölüb, ya da tanınmaz hala düşüb, çünki heç kəs ondan xəbər ala bilməyib".

İranın Cenevrədə BMT-dəki səfiri israrla bildirib ki, Xameneinin ictimaiyyət qarşısında görünməməsi "təhlükəsizlik səbəbləri" ilə əlaqəlidir.

İsrail Müctəba Xamenei həm ali lider olmazdan əvvəl, həm də sonra onu hədəf alacağını bəyan etmişdi.

ABŞ-ın Dövlət Departamenti isə yeni ali lider də daxil olmaqla, 10 İran liderinin öldürülməsinə 10 milyon dollar mükafat təyin edib.

"İran ordusu ABŞ əsgərlərini gözləyir", İran parlamentinin spikeri

İran parlamentinin spikeri Məhəmməd Bağer Qalibaf bildirib ki, İran ordusu "ABŞ əsgərlərinin ölkəyə girməsini gözləyir və onların başına od yağdıra bilər", İran mediası yazıb.

İranda IRNA xəbər agentliyi də daxil olmaqla, bəzi yerli media martın 29-da Məhəmməd Bağer Qalibafın mesajını yayımlayıb.

Qalibaf mesajda bildirib ki, "düşmən ictimai şəkildə danışıqlarla bağlı siqnallar versə də, gizlində qurudan hücumlar etməyi planlaşdırır".

Parlament spikeri qeyd edib ki, ABŞ "15 maddəlik təklifi ilə öz istəklərini ortaya qoyur və müharibədə əldə edə bilmədiklərini bu yolla həyata keçirməyə çalışır".

O, İranın təslim olması ilə bağlı məsələyə isə ərəbcə cavab verib və bildirib ki, İranın mesajı "aydındır" və ölkəsi heç bir "alçaldıcı" təklifi qəbul etməyəcək.

ABŞ İrana qarşı "həftələrlə davam edəcək quru əməliyyatına hazırlaşır"

ABŞ İranda həftələrlə davam edəcək quru əməliyyatına hazırlaşır, Washington Post nəşri yazıb.

ABŞ rəsmilərinə istinadla Washington Post bildirib ki, Prezident Donald Trumpın ölkənin quru qoşunlarının bölgəyə göndərilməsi ilə bağlı planı təsdiq edib-etməyəcəyi bəlli deyil.

Məqalədə qeyd olunub ki, mövcud planlar quru əməliyyatlarının tammiqyaslı işğal olmayacağına işarə edir. Nəşrin bildirdiyinə görə, əməliyyatlar daha çox Xüsusi Əməliyyat qüvvələri ilə piyada qoşunlarının birgə reydi formasında həyata keçirilə bilər.

ABŞ-ın körfəzə gedən gəmilərində 4000-dən çox dəniz qüvvələrinə məxsus hərbçilərin olduğu, 82-ci desant qoşunlarının hazırlıq vəziyyətinə gətirildiyi və əlavə gücləndirmə tədbirlərinin müzakirə edildiyi ehtimal olunur.

BBC bununla bağlı şərh almaq üçün Ağ Ev və Pentaqonla əlaqə saxlayıb.

Husilərin Qırmızı dəniz gəmiçiliyinə potensial təhdidi qlobal iqtisadiyyata daha da zərər verə bilər

Sebastian Usher

Yaxın Şərq analitiki

Husilər, İranla əlaqələrinə və İrandan dəstək almalarına baxmayaraq, müharibənin ilk dörd həftəsində atəş açmadılar.

İndi isə Yəmənin paytaxtı Sənanı, ölkənin şimalını və digər ərazilərini hələ də əlində saxlayan hərəkat ilk addım kimi İsrailə raket atdı.

Husilərin raket atəşi ilə İsrailə yaratdığı təhlükənin İranın yaratdığı təhlükədən daha az olduğu doğrudur, lakin qrup Yəmən sahillərində təhlükə yaradır.

Qəzzada HƏMAS-a dəstəyinin bir hissəsi olaraq, qrup Yəmən və Afrika Buynuzu arasında, Qırmızı dənizin cənub ucundakı Bab əl-Məndəb boğazından keçən gəmiçiliyi hədəf aldı.

Onların bu hərəkəti daha sonra bu əsas ticarət dəniz yoluna təhlükə yaratdı.

Əgər onlar bunu yenidən etsələr, bu, qlobal iqtisadiyyata daha bir böyük zərbə olardı.

İranın Hörmüz boğazını bağlaması ilə birlikdə, ticarət və enerji təchizatı üçün dünyanın iki əsas strateji su yolu potensial olaraq kəsilə bilər.

İsrailin hava hücumu nəticəsində üç jurnalist həlak olub

İsrailin hava hücumu nəticəsində Livanda üç jurnalist həlak olub.

Onların hədəf olduqları yerdə yanmış avtomobil və jurnalistlərin yanmış jiletləri qalıb.

Camal Əl-Garabi, Beyrutda yerləşən Əl Mayadin telekanalında çalışır və həmkarlarının həlak olduğu yerdə qalan əşyaları göstərir.

Hücumda öldürülən jurnalistlərdən ikisi onun həmkarları idi: müxbir Fatima Fetoni və operator Məhəmməd Fetoni.

Hizbullahın Al Manar TV telekanalının müxbiri Ali Shoeib də öldürülüb.

Shoeibin ölümünü Telegram-dakı paylaşımda təsdiqləyən İsrail Müdafiə Qüvvələri (IDF) onu "jurnalist adı altında Hizbullah agenti" olmaqda ittiham edib.

Lakin hücuma cavab olaraq mətbuat azadlığını təşviq edən aparıcı qurum olan Jurnalistləri Müdafiə Komitəsi (CPJ) deyir ki, "Jurnalistlər, hansı mediada çalışmalarından asılı olmayaraq, qanuni hədəf deyillər".

Jurnalistləri Müdafiə Komitəsinin regional direktoru Sara Qudah deyir ki, həm bu müharibədə, həm də ondan əvvəlki onilliklərdə "İsrailin jurnalistləri etibarlı dəlil təqdim etmədən aktiv döyüşçü və terrorçu olmaqda ittiham etməsi" kimi "narahatedici bir nümunə" mövcuddur.

Qəzzadakı müharibə zamanı İsrail dəfələrlə mülki şəxsləri qəsdən hədəf aldığını inkar edib.

Qətər və Ukrayna müdafiə müqaviləsi imzalayıblar

Qətər və Ukrayna iki ölkənin həm raketlərdən, həm də dronlardan gələn təhdidlərə qarşı mübarizədə təcrübələrini bölüşməsinə imkan verəcək müdafiə müqaviləsi imzalayıblar.

Bu, Ukrayna Prezidenti Volodimir Zelenskinin bu həftə Körfəz ölkələrinə etdiyi gizli səfəri zamanı etdiyi bir sıra razılaşma və müzakirələrin sonuncusudur.

Bu barədə Qətər Müdafiə Nazirliyi açıqlama yayıb.

Müqavilə texnologiya, eləcə də müdafiə investisiyaları sahəsində əməkdaşlığa imkan verəcək.

İran Türkiyənin Pakistandakı danışıqlardan əvvəl kömək təklif etdiyini deyir

İran Xarici İşlər Nazirliyinin məlumatına görə, Türkiyənin xarici işlər naziri ölkənin Yaxın Şərq müharibəsinin həllində "konstruktiv rol" oynamağa hazır olduğunu bir daha bildirib.

Türkiyə və İran xarici işlər nazirləri telefon danışığı aparıblar və İran xarici işlər naziri Abbas Əraqçi həmkarına Ankaranın müharibəni indiyə qədər dayandırmaq səylərinə görə təşəkkür edib.

Türkiyə münaqişəyə son qoymaq üçün diplomatik üsullar axtaran ölkələrdən biridir.

Daha əvvəl Pakistan açıqlayıb ki, Türkiyə – Səudiyyə Ərəbistanı və Misirlə birlikdə – bazar ertəsi günü İslamabadda gərginliyin azaldılması ilə bağlı danışıqlarda iştirak edəcək.

Türkiyənin bu münaqişədə incə bir yolu var. O, NATO üzvüdür, eyni zamanda İranın qonşusu olaraq onunla 482 kilometrdən çox sərhədi bölüşür.

Yəməndən İran müharibəsinə qoşulma hədəsi

İsrail Müdafiə Qüvvələri (İMQ) Yəməndən İsrailə tərəf raket atıldığını bildirib. Reuters və France-Presse-in məlumatına görə, bu, müharibə başladığından bəri Yəməndən atılan ilk raketdir.

"İMQ Yəməndən İsrail ərazisinə raket atıldığını müəyyən edib, hava hücumundan müdafiə sistemləri təhlükəni aradan qaldırmaq üçün işləyir", – deyə İsrail ordusu Telegram-da yazıb.

Təxminən 15 dəqiqə sonra İMQ insanların ölkə daxilində sığınacaqları tərk edə biləcəklərini bildirib.

Bu, Yəmənin İran tərəfindən dəstəklənən Husi hərəkatının sözçüsünün İrana hücumlar davam edərsə, Yaxın Şərqdə müharibəyə girəcəklərini deməsindən sonra baş verib.

Yəmən ordusunun Husi fraksiyası olan Yəmən Silahlı Qüvvələrinin sözçüsü Yəhya Sari bildirib ki, "barmaqlarımız birbaşa hərbi müdaxilə üçün tətikdədir".

O, Telegram-dakı açıqlamasında aşağıdakı hallarda bunu edəcəklərini deyir:

  • İstənilən digər dövlətlər ABŞ və İsraillə birlikdə İrana qarşı birləşərsə.
  • Qırmızı dəniz "ABŞ və İsrail tərəfindən İran İslam Respublikasına və istənilən müsəlman ölkəsinə qarşı düşmənçilik əməliyyatları aparmaq üçün" istifadə olunarsa.
  • İrana qarşı "gərginliyin davam etməsi" halında.

Bəyanatda deyilir ki, bu, "ABŞ və İsrail düşmənlərinin İran İslam Respublikasına, Fələstinə və Qəzzaya, İraqa və Livana qarşı davam edən təcavüzünə" cavabdır.

İran və İsrail bir-birini bombalayıb

İran və İsrail gecə ərzində bir-birinə hücuma davam edib.

Tehran üzərində yeni partlayışlar və Təl-Əvivdə bir nəfərin ölümü qeydə alınıb.

Son bir neçə saat ərzində Birləşmiş Ərəb Əmirlikləri, Küveyt və Bəhreyndə hava hücumundan müdafiə sistemləri də işə salınıb və dronların qarşısı alınıb.

Səudiyyə Ərəbistanının Müdafiə Nazirliyi ölkənin paytaxtı Ər-Riyad istiqamətində atılan ballistik raketi zərərsizləşdirdiklərini bildirib.

Bundan əvvəl, cümə günü Səudiyyə Ərəbistanındakı ABŞ-a məxsus hava bazasına edilən hücumda ən azı 12 ABŞ əsgərinin yaralandığını da bildirmişdi.

Reuters-in məlumatına görə, Suriya dövlət televiziyası İsrail hava hücumundan müdafiə sistemləri İran raketlərini zərərsizləşdirərkən paytaxt Dəməşq üzərində partlayış səslərinin eşidildiyini bildirib.

ABŞ müharibənin "həftələr" ərzində bitəcəyini gözlədiyi vaxtda İsrail İranın nüvə obyektlərinə zərbələr endirib

Dövlət katibi Marco Rubio jurnalistlərə ABŞ-ın İrandakı məqsədlərinə "çatmaq üzrə olduğunu" və əməliyyatın "aylar deyil, həftələr" ərzində davam edəcəyini gözlədiyini bildirib.

Həmçinin İran mediası ABŞ-İsrail hücumlarının iki nüvə ilə əlaqəli obyektə zərbə vurduğunu bildirib. Rəsmilər heç bir radioaktiv maddənin yayılmadığını deyiblər.

İsrail Müdafiə Qüvvələrinin sözçüsü Avichay Adraee-nin sözlərinə görə, İsrail Livanda, Beyrutun cənubunda "Hizbullah infrastrukturunu" hədəf alaraq hücumlar təşkil edib.

İsrail ordusu bir neçə məhəllənin sakinlərinə dərhal təxliyə etməyi əmr edib, İsraildəki sakinlərə də gözlənilən hücumlara görə sığınacaqlara getmək tapşırılıb.

İsrail Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi Eyal Zamir ordunun bu həftə İrana hücumların tempini artıracağını bildirib.

Körfəz ölkələrindən də onlara hücumların olduğu xəbərləri gəlib.

ABŞ-ın İrandakı əməliyyatının nə qədər davam edəcəyi barədə sualına cavab olaraq ABŞ dövlət katibi Marko Rubio deyib ki, "biz aylar deyil, həftələrdən danışırıq".

O deyib ki, ABŞ-ın aydın məqsədləri var və "biz çox tezliklə onlara nail olmaq ərəfəsində olduğumuza çox əminik".

Mark Rubio onu da deyib ki, ABŞ "quru qoşunları olmadan" məqsədlərinə çata bilər.

İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ və İsraili məktəblər, xəstəxanalar, tarixi və mədəni binalar və yaşayış məntəqələri də daxil olmaqla "mülki hədəflərə və mərkəzlərə" qarşı "qanunsuz hücumların davam etdirilməsində" günahlandırıb.

Əraqçi deyib ki, ölkəsi "İran millətini qətiyyətlə müdafiə etməyə" davam edəcək.

İRNA yazır ki, Əraqçi Hörmüz boğazının problemin ABŞ və İsrailin hərbi əməliyyatlarının nəticəsi olduğunu və İranın gəmilərin boğazdan keçməsinin qarşısını almaq üçün qanuni haqqının olduğunu deyib.

İran dövlət mediası onu da bildirib ki, İranda iki nüvə obyektinə hücum edilib, lakin radioaktiv material yayılmayıb. Onlardan biri İranın şimal-qərbindəki Xondab ağır su kompleksi, digəri isə Yəzdin Ərdəkan şəhərindəki Yellowcake istehsal müəssisəsi olub.

İranlılar indiyə qədərki ən pis gecəni təsvir edirlər: "Bilmirdim, ildırım idi, yoxsa partlayışlar"

Qönçə Habibiazad

BBC News Farsca

Dünən gecə Tehranda və yaxınlıqdakı Kərəc şəhərində insanlar eyni vaxtda baş verən ildırımla güclü raket zərbələri ayırd etməkdə çətinlik çəkdi.

"Heç yata bilmədim. Çox qorxulu idi. Düşünürəm ki, indiyə qədər müharibənin ən pis gecəsi olub. Raketlərin səsi ildırım çaxmasına, göy gurultusuna qarışmışdı", - Tehranda 20 yaşlarında bir qadın deyir.

O əlavə edib ki, "hər şeydən o qədər bezib" ki, müharibənin "indi" bitməsini istəyir.

"Evimin yaxınlığındakı bir yerə o qədər güclü zərbələr endiriblər ki, bütün otaq və pəncərələr titrəyirdi... ardıcıl iki dəfə. Gecə boyu yağış səsini eşidə bilirdim. Bir neçə dəfə yatıb oyandım və ildırım, yoxsa partlayış olduğunu bilmirdim", - Tehranda 40 yaşlarında bir qadın deyib.

Bu gün ondan müharibənin sonu haqqında nə düşündüyünü soruşdum: "Mollalar gedənə qədər bitməsini istəmirəm. Buna dözməkdən başqa çarəm yoxdur".

Tehranın qərbində yerləşən yaxınlıqdakı Kərəc şəhərində yaşayan bir neçə nəfər də orada leysan yağış yağdığını bildirib.

20 yaşlarında olan bir kişi deyib: "Dünən gecə yağış zamanı böyük bir partlayış baş verib".

Trump İrana əlavə 10 gün verdi

ABŞ Prezidenti Donald Trump İranın enerji obyektlərini hədəf alma müddətini daha 10 gün uzadıb.

O bu açıqlamanı martın 26-da Ağ Evdə keçirilən kabinet iclasından sonra verib.

Donald Trump Truth Social media hesabında yazıb ki, İran ondan enerji stansiyalarını vurma müddətini 7 gün dayandırmağı xahiş edib, o isə İrana 10 gün verib.

Ağ Ev rəhbəri bu qərardan sonra rəsmi Tehranın ona "çox təşəkkür etdiyini" bildirib.

ABŞ Prezidentinin İrana verdiyi 5 günlük müddət martın 27-də bitirdi.

Yeni qərara əsasən, ABŞ-ın İrana verdiyi müddət aprelin 6-dək qüvvədə olacaq.

O, Fox News kanalına müsahibəsində İranla danışıqların "olduqca yaxşı" getdiyini qeyd edib.

Trump deyib ki, ABŞ-ın İrana endirdiyi hava zərbələri nəticəsində İranın dəniz və hava qüvvələri "tamamilə" yox edilib, raketlərin atıldığı mərkəzlərin "90 faizə yaxınını" sıradan çıxarılıb.

O çıxışı zamanı, İranın razılaşma əldə etmək üçün "yalvardığını" bildirib.

Ağ Ev rəhbəri qeyd edib ki, əgər İran danışıqlar aparmasa, ABŞ "onları darmadağın etməyə" davam edəcək.

Donald Tramp deyib ki, İran "pis döyüşçü, lakin əla danışıqçıdı", baxmayaraq ki, rəsmi Tehran dəfələrlə ABŞ-la danışıqlar aparmadığını bəyan edib.

Almaniya xarici işlər naziri: NATO-nun İran məsələsində ABŞ ilə ortaq mövqeyə ehtiyacı var

Almaniyanın xarici işlər naziri Johann Wadephul NATO ölkələrinin İran məsələsində ABŞ ilə "ortaq mövqe" inkişaf etdirməsinin vacib olduğunu bildirib.

Prezident Tramp NATO ölkələrinin münaqişəyə qarışmaqdan imtina etməsini tənqid etməyə davam edir, eyni zamanda ABŞ-ın onlara ehtiyacı olmadığını bildirir.

AFP xəbər agentliyinin məlumatına görə, daha əvvəl Aİ-nin xarici siyasət rəhbəri Kaja Kallas Rusiyanı İrana "amerikalıları hədəf almaq, öldürmək" üçün kəşfiyyatla kömək etməkdə və Yaxın Şərqdə onları dronlarla dəstəkləməkdə günahlandırmışdı.

ABŞ İrana 15 bəndlik sülh təklifi göndərdiyini açıqlayıb

ABŞ Prezidenti Donald Trump-ın Ağ Evdə keçirdiyi kabinet iclasında Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Steve Witkoff ABŞ-ın İrana "sülh sazişi üçün çərçivəni təşkil edən 15 maddəlik fəaliyyət siyahısı" göndərdiyini təsdiqləyib.

"Bu, Pakistan hökuməti vasitəsilə yayılıb", - Witkoff deyib.

Bir neçə gündür ki, mediada belə bir sülh təklifinin İrana təqdim edildiyindən bəhs edilir, amma ilk dəfədir ki, ABŞ rəsmisi bunu təsdiqləyib.

Witkoff deyib ki, ABŞ danışıqların "konkret şərtləri ilə bağlı məxfiliyi qoruyacaq" və "media vasitəsilə danışıqlar aparmayacaq".

O əlavə edib: "İşlərin hara aparacağını görəcəyik və İranı inandıra bilsək ki, bu, dönüş nöqtəsidir və daha çox ölüm və dağıntını nəzərə alsaq, bundan yaxşı alternativləri yoxdur. Bunun mümkün olduğuna dair güclü siqnallar almışıq".

Trump: NATO bunu "heç vaxt unutmasın"

ABŞ Prezidenti Donald Tramp sosial mediada NATO ölkələrini yenidən tənqid edərək ABŞ-ın İrandakı müharibədə onun köməyinə ehtiyacı olmadığını bildirib.

O, boyük hərflərlə yazıb ki, İran müharibəsində onlar heç bir kömək etməyiblər və ABŞ-ın NATO-nun yardımına ehtiyacı yoxdur, amma bu çox vacib məqamı "heç vaxt unutmasınlar".

Trump İranın "danışıqlar apardığını" israr edir

Çərşənbə günü çıxış edən Ağ Evin mətbuat katibi Karoline Leavitt Prezident Trumpın son üç gün ərzində İranla "məhsuldar danışıqlar" apardığını bildirib.

O, həmçinin əməliyyatın planlaşdırılandan daha tez irəlilədiyini və İran rejiminin özünə bir "çıxış yolu" axtardığını qeyd edib.

Bu mesaj daha sonra İranın "hazırda danışıqlar aparmaq niyyətində olmadığını" söyləyən İran xarici işlər naziri Abbas Əraqçinin sözləri ilə ziddiyyət təşkil edir.

Abbas Əraqçi mesajların "dost ölkələr vasitəsilə çatdırıldığını", lakin bu mübadilələrin "nə dialoq, nə danışıqlar, nə də buna bənzər bir şey" olmadığını bildirib.

Trump isə İranın "danışıqlar apardığını" israr edərək "öz xalqları tərəfindən öldürüləcəklərini düşündükləri üçün bunu deməyə qorxurlar" deyib.

O əlavə edib ki, "onlar həmçinin bizim tərəfimizdən öldürüləcəklərindən qorxurlar".

Müharibəyə son qoymaq təklifləri ilə bağlı ziddiyyətli məlumatlar da yayılıb.

Çərşənbə günü İranın ABŞ-dan atəşkəs əldə etmək üçün 15 maddəlik plan aldığı barədə xəbərlər yayıldı.

Öz növbəsində İranın dövlət televiziyası Press TV-yə istinadən ölkənin "yüksək siyasi-təhlükəsizlik rəsmisi" müharibəni bitirmək üçün İranın beş şərtinin olduğunu açıqlayıb.

Həmin şərtlərdə "müharibə zərərləri və təzminatlarının" ödənilməsi, eləcə də bütün cəbhələrdə müharibənin başa çatması vurğulanır.

Danışıqlar barədə yayılan xəbərlərə baxmayaraq, bölgədə döyüşlər davam edib.

İranın raket hücumu barədə məlumat verildikdən sonra İsrail elektrik stansiyasından tüstü qalxdığı, Tehranda isə İranın hava hücumundan müdafiə sistemlərinin səsinin eşidildiyi bildirilir.

ABŞ Yaxın Şərqə desant qüvvələr göndərəcəyini təsdiqləyib

ABŞ günlərdir soruşulan suallardan sonra artıq bəzi quru qoşun növlərinin Yaxın Şərqə göndəriləcəyini təsdiqləyib.

Pentaqonun sözçüsü BBC-yə göndərdiyi bəyanatda bildirib ki, 82-ci Diviziya qərargahının bəzi hissələri, diviziya təminat qrupu və 1-ci Döyüş Komanda Briqadası Yaxın Şərqə yerləşdiriləcək.

Təhlükəsizlik səbəbilə sözçü əlavə məlumat verməkdən imtina edib.

Bu qoşun növləri paraşütlə və ya helikopterlə hədəf ərazilərə düşərək oranı ələ keçirmək üzrə yetişdirilib.

İran məsələsində isə bu döyüş qüvvələri ABŞ-a İrana məxsus Xarq adasını və digər əsas ərazini ələ keçirmək imkanı verə bilər.

Pentaqonun açıqlaması ilə eyni vaxtda Ağ Ev bildirib ki, ABŞ İrandakı əsas məqsədlərinə çatmağa "çox yaxındır".

ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Mike Johnson isə qeyd edib ki, ABŞ İranla müharibəni "yekunlaşdırmaq üzrədir".

"Düşünürəm ki, "Epik Qəzəb" əməliyyatını yekunlaşdırırıq. Mənim düşündüyüm budur və hesab edirəm, bu, qısa müddətdə və tam vaxtında bitəcək", - Johnson ABŞ mediasına deyib.

Spikerin açıqlaması ABŞ Prezidenti Donald Trampın İranda "doğru insanlarla" danışıqlar aparıldığını və rəsmi Tehranın "razılığa gəlmək istədiyini" deməsindən sonra olub.

İran ABŞ-ın göndərdiyi sülh planını rədd edib və oradakı bəndləri "ifrat" adlandırıb.

İran ABŞ-ın sülh planına "mənfi cavab verib" - dövlət televiziyası

İran dövlət televiziyası Press TV "yüksək vəzifəli siyasi-təhlükəsizlik rəsmisi"nə istinadən bildirib ki, İran ABŞ-ın hazırki müharibəyə son qoyacaq təklifini rədd edib.

Press TV rəsminin adını çəkməyib, amma ona istinadən bildirib ki, "İran müharibəni bitirmək qərarına gəldikdə və öz şərtləri yerinə yetirildikdə başa çatdıracaq."

İran rəsmiləri dəfələrlə deyiblər ki, onlara tək atəşkəs deyil, müharibəyə tam son qoymaq istəyirlər.

Press TV-nin məlumatına görə, rəsmi 5 şərti açıqlayıb:

  • Düşmənin "təcavüz və sui-qəsdlərin" tam dayandırılması
  • İslam Respublikasının yenidən müharibəyə cəlb edilməməsini təmin etmək üçün konkret mexanizmlərin yaradılması
  • Müharibə zərərlərinin və təzminatlarının ödənilməsinin təmin edilməsi və aydın şəkildə müəyyən edilməsi
  • Müharibənin bütün cəbhələrdə və regionda iştirak edən bütün müqavimət qrupları üçün başa çatması
  • İranın Hörmüz boğazı üzərində hakimiyyəti həyata keçirmək suveren hüququ ilə bağlı beynəlxalq səviyyədə tanınma və zəmanətlər

Press TV bildirir ki, Vaşinqton müxtəlif diplomatik kanallar vasitəsilə danışıqlar aparır, lakin Tehran təklifləri "həddindən artıq" hesab edir.

İran ABŞ qoşunlarının hərəkətini "diqqətlə izləyir" - Parlament sədri

İran parlamentinin spikeri Məhəmməd-Bağer Qalibaf bildirib ki, İran "ABŞ-ın bölgədəki bütün hərəkətlərini, xüsusən də qoşun yerləşdirmələrini yaxından izləyir".

O, sosial media paylaşımında bildirib: "Torpağımızı müdafiə etmək əzmimizi sınağa çəkməyin".

BBC-nin ABŞ tərəfdaşı olan CBS News-a görə, Pentaqonun 82-ci Hava-Desant Diviziyasından - quru qüvvələri və komandanlıq elementi də daxil olmaqla - qoşun göndərməsi gözlənilir.

İranın siyasi elitası niyə hələ süqut etmir?

Qönçə Habibiazad

BBC News Farsca

Demək olar ki, müharibə başlayandan bir ay keçib və İranın Ali Lideri, Ayətullah Əli Xamenei 28 fevralda öldürülüb.

İranda danışdığım bəzi insanlar müharibənin həmin gün bitəcəyini gözləyirdilər, amma belə olmadı. İran hakimiyyəti isə hələ də yerindədir.

İran ölkəni idarə etmək üçün çox mürəkkəb bir sistemə malikdir.

Ali Lider ən yüksək səlahiyyəti əlində saxlamasına baxmayaraq, paralel bir dövlət – formal hərbi mandatdan qat-qat geniş səlahiyyətləri olan qurum, İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH/IRKK) da var.

Bu müharibə zamanı və ötən yaydakı toqquşmalarda bir neçə yüksək rütbəli SEPAH komandiri öldürülüb.

Amma onlar dəfələrlə bildiriblər ki, öldürülən hər bir şəxs üçün yerini tutmağa hazır olan başqa biri var.

SEPAH həmçinin təxminən bir milyon üzvü olan könüllü milis – Bəsici də nəzarətində saxlayır. Onlar tez-tez küçələrdə etirazları zorla yatırmaq üçün səfərbər edilirlər.

İsrail bəzi Bəsic postlarını hədəf aldığını bildirib, lakin bu həftə Tehrandan eşitdiklərimə görə, bu qüvvələr şəhərdə hələ də çox fəal şəkildə fəaliyyət göstərir, maşınları saxlayır və axtarışlar aparırlar.

Etirazlara gəldikdə isə, ölkə daxilində insanlar İran hakimiyyəti tərəfindən – bəyanatlar və ya kütləvi SMS-lər vasitəsilə – küçələrə çıxmamaq barədə hədələniblər.

İnternet də ciddi şəkildə məhdudlaşdırılıb: bu da etirazçıların koordinasiyasını olduqca çətinləşdirir.

İndiyədək müharibə başlayandan bəri ölkədə hökumət əleyhinə kütləvi etirazların baş qaldırdığını görməmişik, baxmayaraq ki, dövlət mediası müxtəlif şəhərlərdə hər gecə hakimiyyət tərəfdarlarının mitinqlərini göstərir.

Amma hələ ki, ictimaiyyət qarşısına çıxmayan bir nəfər var – martın əvvəlində hakimiyyətə gələn İranın Ali Lideri Müctəba Xamenei.

Bu vaxtadək İran mediasında ondan yalnız bir neçə yazılı mesaj görmüşük. İsrail onu hədəf alacağını bəyan etmişdi.

İran hakimiyyəti liderləri dəyişdirib nəzarəti gücləndirsə də, hələ sübut etməlidir ki, xalqı hazırda görünən güc qüvvələri vasitəsi ilə yox, səlahiyyətlilər tərəfindən idarə edir.

Ekspert: kimin raketlərlə vurulacağını əlaqələndirəcək "mərkəzi fiqur yoxdur"

Amerika İran Şurasının prezidenti Huşəng Əmirəhmədi BBC-yə bildirib ki, Ali Lider Ayətullah Əli Xameneinin öldürülməsi ölkə daxilindəki məmurlar arasında güc strukturunu genişləndirib.

Xamenei "şaquli güc strukturu" olduğu üçün onun ölümü mərkəzi gücün dağılmasına və rəhbərliyin aşağı vəzifəli məmurlar arasında yayılmasına səbəb olub.

BBC Radio 4-ün "Today" proqramına danışan o bu gücün "xüsusilə orduda" olduğunu söyləyir.

O, əlavə edir ki, kimin raketlərlə vurulacağını əlaqələndirəcək "mərkəzi fiqur yoxdur".

Əmirəhmədi deyir ki, hakimiyyətin yerlərdə gücü yoxdur və buna görə də indi bu yeni nəzarət səviyyəsinə sahib olan zabitlərdən qorxur.

İran: Hörmüzdən keçmək üçün "səlahiyyətli İran hakimiyyəti" ilə əlaqə saxlayın

Paul Adams

BBC-nin diplomatiya üzrə müxbiri

İran tərəfi bildirir ki, "düşmən olmayan gəmilərin" Hörmüz boğazından keçməsinə icazə veriləcək.

Bunu İranın BMT-dəki missiyası elan edib və şərt olaraq da keçəcək gəmilərin "səlahiyyətli İran hakimiyyəti" ilə əlaqə saxlamasını bildirib.

Bu ismarıc son günlərdə yaranan bir vəziyyəti aydınlaşdırır ki, Hörmüz boğazından gəmilərini keçirmək istəyən ölkələr və ya şirkətlər dünyanın ən vacib gəmiçilik yollarından birindən keçərkən təhlükəsiz keçid üçün sakitcə danışıqlar aparmalıdırlar.

İranın BMT missiyası X platformasındakı paylaşımında yazıb ki, gəmilərin "İrana qarşı təcavüz aktlarında iştirak etməməsi, hücumları dəstəkləməməsi və elan edilmiş təhlükəsizlik və mühafizə qaydalarına tam əməl etməsi" şərtinə də əməl olunmalıdır.

Ayın əvvəlindən bəri Hörmüz boğazından uğurla keçən gəmilər arasında Çin, Hindistan və Pakistana məxsus olan gəmilər var.

İran tərəfi təklif edir ki, keçmək istəyən gəmilər Omana yaxın iki dar tranzit dəhlizindən istifadə etmək əvəzinə, Larak adasının şimalındakı İran ərazi sularından keçərək şimala doğru istiqamətlərini dəyişməlidirlər.

Bu da İran hakimiyyətinə nəqliyyatın hərəkətini izləməyə və idarə etməyə imkan verəcək.

Hörmüz boğazından keçmək azadlığı məsələsi, Ağ Evin Pakistan vasitəsilə İrana göndərdiyi müharibəni bitirmək barədə olan 15 maddəlik planda əsas hissəni təşkil edir.

Həmin plan ABŞ və İsrail mediası tərəfindən yayılıb və müharibəyə son qoymaq üçün təklif olunduğu deyilir.

Lakin görünən odur ki, razılaşma əldə olunana qədər İran bu əhəmiyyətli su yolu üzərində mümkün qədər çox nəzarəti davam etdirəcəyini açıq şəkildə bildirir.

İran ordusu Trumpa deyir ki, siz özünüzlə danışıqlar aparırsınız

İranın əsas hərbi komandanlığı olan Xatəm əl-Ənbiya Mərkəzi Qərargahının sözçüsü (ABŞ və Trumpın adını çəkmədən) "özünü qlobal supergüc elan edən"dən danışıb və "məğlubiyyətinizi razılaşma adlandırmayın" deyib.

Ebrahim Zülfəqari bu gün İran mediasında yayımlanan video mesajında bildirib ki, "daxili münaqişənizin səviyyəsi özünüzlə danışıqlar aparacağınız nöqtəyə çatıbmı?"

Zülfəqari deyib: "Bölgədəki sabitliyin silahlı qüvvələrimizin güclü əli ilə təmin olunduğunu anlayana qədər nə regiona investisiyalarınızı, nə də əvvəlki enerji və neft qiymətlərini bir daha görməyəcəksiniz. Sabitlik gücdən qaynaqlanır".

O əlavə edib ki, "bizim kimi biri sizin kimisiylə heç vaxt barışmayacaq. Nəinki indi, heç vaxt".

ABŞ Prezidenti Donald Trump martın 24-də Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən deyib ki, hazırda onun administrasiyası İranda "doğru insanlarla danışıqlar aparır" və iranlı rəsmilər razılığın əldə olunmasını "çox istəyirlər".

Trampın 15 maddəlik sülh planında nələrin olduğu bildirilir?

ABŞ Prezident Trumpın İrana göndərdiyini iddia etdiyi 15 maddəlik planını hələ görməmişik. Planda nələrin ola biləcəyi ilə bağlı rəsmi təsdiq yoxdur. Lakin bəzi detallar İsrail və ABŞ mediasında dərc olunub.

İsrailin 12-ci Kanalı xəbər verir ki, plana aşağıdakı tələblər daxildir:

  • Natanz, İsfahan və Fordodakı nüvə obyektləri istifadədən çıxarılacaq və məhv ediləcək
  • İrandakı fəaliyyətlərə şəffaflıq və Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) buna nəzarəti
  • İran bölgədə silahlı qüvvələrin istifadəsindən imtina edəcək və regional filiallarının maliyyələşdirilməsini və silahlandırılmasını dayandıracaq
  • Artıq yığılmış nüvə potensialının sökülməsi
  • Nüvə silahlarına heç vaxt nail olmağa çalışmamaq öhdəliyi
  • İran torpağında heç bir nüvə materialı zənginləşdirilməyəcək və bütün zənginləşdirilmiş materiallar BAEA-ya təhvil veriləcək
  • Hörmüz boğazı açıq qalacaq və "azad dəniz zonası" təşkil edəcək
  • İranın raketləri gələcək qərara tabe olacaq, lakin onlar miqdarı və mənzili baxımından məhdud olacaq və yalnız özünümüdafiə məqsədləri üçün nəzərdə tutulacaq

Plan çərçivəsində İran nə alacaq:

  • Buşehrdə elektrik enerjisi istehsalı üçün mülki nüvə layihəsinin hazırlanmasında Amerikanın köməyi
  • Bütün sanksiyaların aradan qaldırılması
  • Sanksiyaların yenilənməsi təhlükəsinin aradan qaldırılması

Müzakirələr aparılarkən bir aylıq atəşkəsin mümkünlüyü barədə də məlumatlar var, amma bu, təsdiqlənməmiş məlumatdır, Ağ Ev tərəfindən heç bir təfərrüat verilməyib.