Ukrayna böhranı: Donetsk üsyançılarının lideri hələ də sərt danışır

Şəklin mənbəyi, AP
Bir milyondan artıq sakini olan Donetsk şəhəri qeyri müəyyən vəziyyətdədir. Şəhər acı və qanlı savaşın arasında qalıb. Bura Ukraynanın şərqində yerləşən Donetsk vilayətinin mərkəzidir. İndi isə, həm də tanınmamış “Donetsk Xalq Respublikası”nın paytaxtıdır.
Keçən həftə Donetsk Hava Limanında rusiyapərəst qüvvələrlə Ukrayna ordusu arasında baş vermiş qarşıdurmadan sonra, şəhərdə vəziyyət nisbətən sakitdir.
Bu zorakılıqdan sonra Donetskdən kənarda şiddətli döyüşlər baş verib. Ukrayna hərbi qüvvələri üsyançıların güclü dayaqları olan Slovensk şəhərində hərbi əməliyyatlar keçirib.
Luhansk bölgəsində də qarşıdurma olub.
Cərşənbə axşamı tanınmamış “Luhansk Xalq Respublikası”nın inzibati binası qarşısında baş vermiş partlayış nəticəsində bir neçə nəfər həyatını itirib.
Ukrayna hərbi rəsmilərinin təbirincə, onlar şərqi Ukraynada "anti-terror əməliyyatı həyata keçirirlər" və proses artıq “fəal mərhələyə” keçib və hər şey plana uyğun gedir.
“Bu onu göstərir ki, Ukrayna hərbi rəhbərliyi güclü yumor hissinə malikdir və onlarda özünü tənqid hissi yoxdur,” tanınmamış “Donetsk Xalq Respublikası”nın baş naziri Aleksandr Boroday bildirir.
“Onlar özlərinin “anti-terror əməliyyatlarını” uğurla və itkisiz başa vuracaqlarına dair bir xeyli vəd veriblər. Bütün bunlar cəfəngiyatdır və heç bir əhəmiyyət daşımır.”
Cənab Borodayın bildirdiyinə görə o, Rusiyadan Ukraynaya gələrək rusdilli sakinləri müdafiə etməyə çalışan çoxsaylı könüllülərdən biridir.
“Bura Rusiyanın hər yerindən könüllülər gəlib. Onların bəziləri əllərinə silah alıb, digərləri isə məni kimi mülki fəaliyyətlə məşğuldur.”
Rəsmi Kiyev Moskvanı şərqi Ukraynadakı separatçı hərəkatı maliyyələşdirməkdə və qızışdırmaqda günahlandırır. O, “Donetsk və Luhansk Xalq Respublikaları”nı “terrorçu təşkilatlar” adlandırıb və döyüşçüləri məğlub edəcəyinə söz verib. Aleksandr Boroday isə əmindir ki, Kiyevin hərbi əməliyyatları uğursuzluğa düçar olacaq.
“Xalq Respublikası Ali Məclisi Rəyasət Heyətinin sədri” adlandırılan Denis Puşilin isə Rusiya sülhməramlılarının şrqi Ukraynaya göndərilməsini istədiklərini bildirib.
“Biz başa düşürük ki, əgər onlar qoşun göndərsələr bu, vətəndaş müharibəsindən daha böyük bir şeyə çevriləcək. Ona görə də çalışırıq ki, hər şeyi özümüz həll edək”, o izah edir.























