Lavrov: Rusiya BMT-yə Ukrayna ilə bağlı qətnamə təqdim edəcək

Lavrov

Şəklin mənbəyi, RIA Novosti

Şəklin alt yazısı, “Dinc əhalinin hərbi əməliyyatların keçirildiyi bölgələrdən çıxa bilməsi üçün təcili humanitar dəhlizin yaradılması tələb olunacaq”, Lavrov qeyd edib.

Rusiya bazar ertəsi BMT Təhlükəsizlik Şurasına Ukrayna ilə bağlı qətnamə layihəsi təqdim etmək niyyətindədir.

Qətnamə layihəsində zorakılığa son qoyulması və humanitar dəhlizin yaradılması tələb olunacaq. Bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada keçirilmiş mətbuat konfransında bildirib.

“Bu qətnamə layihəsində dinc əhalinin hərbi əməliyyatların keçirildiyi bölgələrdən çıxa bilməsi üçün təcili humanitar dəhlizin yaradılması tələb olunacaq”, Lavrov qeyd edib.

Xarici işlər naziri həmçinin Qərb kütləvi informasiya vasitələrinin Ukraynada baş verənləri işıqlandırmamasına və “tamam fərqli görüntüləri” yaymasına təəccübləndiyini dilə gətirib.

“Məslən, mən bu gün “Euronews” kanalının bir neçə buraxılışını izləmişəm və Ukraynadan bir kəlmə belə söz açmamalarına təəccüblənmişəm”, nazir qeyd edib.

İyun ayında Rusiya BMT Təhlükəsizlik Şurasına rəhbərlik edir, eyni zamanda separatçı “Donetsk xalq respublikası”na humanitar yardım göstərilməsi haqqında qərar qəbul edib.