ABŞ Şərqi Avropada hərbi mövqeyini gücləndirəcək

Obama

Şəklin mənbəyi, .

Şəklin alt yazısı, Obama Avropada ABŞ hərbi gücünü artırmaq niyyətindədir.

Prezident Barack Obama Avropada ABŞ-ın hərbi mövgeyinin gücləndirilməsi məqsədilə 1 milyard dollarlıq fondun yaradılacağını elan edib

Obama Rusiyanı Ukraynadakı rusiyapərəst separatçıların silahlarını yerə qoyması üçün inandırmağa çağırıb.

Ukraynadakı böhran ərəfəsində Nato rəhbərləri ilə görüşəcək Prezident Obama bildirib ki, Amerikanın Avropadakı müttəfiqlərinin təhlükəsizliyi “müqəddəs” məsələdir.

Moskva ilə artan gərginlik şəraitində aprel ayında 150 ABŞ əsgəri hərbi təlim keçmək üçün Polşaya yollanıb.

Polşa prezidenti Bronislaw Komorowski ilə birgə Varşavada keçirilmiş mətbuat konfransında çıxış edən Obama, Ukraynada daha çox gərginlik yaratmamaq üçün Rusiyaya xəbərdarlıq edib.

Prezident Obama Nato-nun kollektiv müdafiəsi üçün ABŞ-ın öhdəliklərini təsdiqləyib və 1 milyard dollarlıq Avropanın Sığortalanması planını elan edib.

Avropada əlavə ABŞ ordusunun yerləşdirilməsini nəzərdə tutan proqram Konqresdə təsdiqlənməlidir.

ABŞ həmçinin Ukrayna və Moldova kimi ölkələrlə də yaxından əməkdaşlıq etməyi planlaşdırır.

BBC-nin Varşavadan xəbər verən müxbiri Adam Easton bildirir ki, cənab Obamanın Asiya dövlətləri ilə son illər daha yaxın münasibətlər qurması üzündən bəzi Avropa liderləri özlərini diqqətdən kənar qalmış kimi hiss edirdi.

Ukraynadakı böhran onilliklərdir Moskvanın nəzarəti altında olan bölgəyə ciddi təsir etmişdir, müxbirimiz əlavə edir.

Cənab Obamanın Qərb liderlərini böyük sənaye dövlətlərinin G7 görüşündə Ukrayna ilə bağlı birgə mövqedən çıxış etməyə çağıracağı gözlənilir.

Sammit Rusiyada keçirilməli olsa da, Rusiyanın Krımı ilhaqından sonra Qərb liderləri görüş yerini dəyişməyə qərar veriblər.

Sammitə Rusiya prezidenti Vladimir Putin də dəvət olunub, lakin Ağ Evdən verilən məlumata görə Amerika və Rusiya rəhbərləri rəsmi ikitərəfli görüş keçirməyəcəklər.