KİV: Donbasda həlak olanların cəsədlərini Çeçenistana aparıblar

Şəklin mənbəyi, AP
Donetsk vilayətində hərbi toqquşmalar zamanı həlak olan döyüşçülərin cəsədləri son sutka ərzində Çeçenistana aparılıb, yerli sakinlərə istinadən “Kavkazskiy uzel” portalı bildirir.
Məlumatda deyilir ki, Rusiyanın bu şimali Qafqaz respublikasına 35-dən 40-dək cəsəd köçürülüb, lakin güc qurumlar bu məlumatı şərh etməyiblər.
Təsdiqlənməmiş məlumatlara görə, Ukrayna döyüşlərdə iştirak etmək üçün keçmiş xüsusi təyinatlı batalyon və başqa strukturların döyüşçüləri göndərilir.
Donetskdə Qafqaz əsilli silahlıların peyda olması barədə şayiələr təxminən iki həftə bundan əvvəl dolaşmağa başlayıb.
Ukraynanın cənub-şərqində döyüşlərdə çeçenlərin iştirak etdiyini heç kəs təkzib etmir, lakin onların öz təşəbbüsü ilə yaxud kiminsə əmrini yerinə yetirdiklərinə dair hələ dəqiq məlumat yoxdur.
BBC müxbiri Olqa İvşinanın dediyinə görə, yaxın günlərdə baş verən hadisələr Qafqaz mühacirlərinin gəlməsi, necə deyərlər, “Donbas xalq könüllü döyüşçülərinin” döyüş qabiliyyətini xeyli artırıb.
"Rusiyadan gəlmə döyüşçülər"

Şəklin mənbəyi, AP
Ukrayna DİN-i tərkibində “Azov” batalyonunun komandir müavini Yaroslav Qonçar UNİAN portalına Donetsk və Luhansk vilayətlərində Ukrayna sərhədini Rusiyadan qeyri-qanuni 4,5 min yaraqlı keçdiyini bildirib.
Qonçarın sözlərinə görə, “bu döyüşçülər bütün keçmiş Sovet İttifaqı məkanının tör-töküntülərdir”.
Ukraynanın sərhədi müdafiəsizdir, və asanlıqla dövlət sərhədini keçə bilirlər, o deyir.
Rusiya rəsmiləri Ukrayna ərazisində öz hərbçilərinin mövcudluğunu inkar edirlər.
“Biz eşidirik ki, orada bizim gah xüsusi bölmələrimiz, gah təlimatçılarımız var. Tam məsuliyyətlə bəyan edirəm: orada nə Rusiya təlimatçıları, nə xüsusi bölmələri, nə qoşun – heç kim yoxdur”, - aprel ayının sonunda Rusiya prezidenti Vladimir Putin bəyan edib.
























