Ukrayna vertolyotu vurulub- ən azı 14 ölü

Şəklin mənbəyi, sergey esipov

Rusiyapərəst silahlılar Ukraynanın şərqində yerləşən Slovyansk şəhəri yaxınlığında hərbi vertolyotu vurub, ən azı 14 nəfər ölüb, sabiq prezident Oleksandr Turçinov bildirib.

Onun sözlərinə görə, ölənlər arasında bir general var və separatçılar vertolyotu Rusiya istehsalı sistemlə vurub.

Son həftələrdə Slovyanskda separatçılarla hökümət qüvvələri arasında şiddətli döyüşlər gedir.

Yenicə prezident seçilmiş Petro Poroşenko açıqlayıb ki, o, Ukraynanın şərqindəki üsyançılara, onun təbirincə - "quldurlara" və "qatillərə" qarşı mübarizə aparacaq.

BBC jurnalisti Mark Lowen hadisə yerindən yazır ki, bu hadisə Ukrayna ordusuna əsas zərbə olub.

Vertolyot cümə axşamı Slovyansk və Kramatorsk arasında şiddətli döyüş zamanı, əsgərləri hərbi bazaya düşürdükdən sonra vurulub.

Cənab Turçinov 14 nəfərin, o cümlədən Ukrayna Milli Qvardiyasının xüsusi hazırlıq və döyüş rəhbəri, general Volodymyr Kulçitskinin həlak olduğunu açıqlayıb.

Bu, indiyə qədər hökümətin ən ağır itkilərindəndir. Ötən həftə 14 əsgər Donetsk hava limanı uğrunda döyüşlərdə həlak olub.

Bu ayın əvvəlində separatçılar Slovyansk yaxınlığında iki hərbi vertolotu atəşə tutub, nəticədə bir pilot və hərbi qulluqçu həyatını itirib.

İtkin müşahidəçilər

Bazar günü cənab Poroşenkonun prezident seçilməsindən sonra münaqişənin həcmi daha da artıb.

Bazar ertəsi üsyançılar qeyd edib ki, Slovyanskdan 130 km uzaqlıqda yerləşən Donetsk hava limanını ələ keçirmək istərkən yüzə yaxın üzvü itiriblər.

O vaxtdan bəri müxtəlif yerlərdən, o cümlədən Slovyanskdan iğtişaşlar barədə məlumatlar yayılır.

Slovyanskda, həmçinin ATƏT-in danimarkalı, eston, türk və isveçli olmaqla, dörd nəfər beynəlxalq müşahidəçisi girov saxlanılır.

Şəhərin özünü mer elan etmiş "rəhbəri" Vyacheslav Ponomaryov Rusiyanın İnterfaks agentliyinə bildirib ki, müşahidəçilər sağ-salamatdır və tezliklə azad ediləcək.