Luhanskda hücum: hərbçilər geri çəkilməyə məcbur olub

Şəklin mənbəyi, AP

Ukrayna mediası Luhanskda silahlı separatçıların Milli Qvardiyanın hərbi hissəsinə basqın etdiyini bildirib.

İnterfaks- Ukrayna agentliyi məlumat yayıb ki, söhbət birləşmiş Milli Qvardiyanın şərq ərazisi üzrə 3035 nömrəli hərbi hissəsindən gedir.

Separatçılar binanın yarısını və batalyon konvoyunun silahını zəbt edib. Hücum prosesində hər iki tərəf itki verib, Milli Qvardiyanın saytı yazır.

"Hücum zamanı zabitlər və müqaviləli hərbi qulluqçular cavab atəşi açıb və ilk həmlənin qarşısını ala bilib", saytda yazılır.

UNİAN agentliyi məlumat verib ki, ukraynalı hərbçilər arasında yaralananlar var, biri ağır yaraılıdır, ölən yoxdur. Separatçılar arasında 5 nəfər ölüb.

İlk məlumatlarda hücumun dəf edildiyi bildirilirdi. Lakin sonra deputat Oleq Lyaşko Facebook səhifəsində yazıb ki, əsgərlər silahı buraxmalı olub.

"Silahlılar özləri ilə əsgərlər arasında ikincilərin valideynlərini qoyub. Əsgərlər məcbur olub ki, silahı buraxaraq hərbi hissəni tərk etsinlər. Zabitlər 5-ci mərtəbəyə qalxıb və atəş açıb. Güclər eyni deyil", Lyaşko bildirib.

Rusiya və Ukrayna agentlikləri 80-100 arası ukraynalı əsgərin təslim olduğunu qeyd edib.

Lakin Milli Qvardiyanın mətbuat xidməti başqa cür yazır, "Hərbçilər güzəştə getməyə məcbur olub. Hərbi hissənin yarısı silahlıların əlində qalıb. Qalan hərbçilərin hərbi şəhərçiyin başqa ərazisinə köçürülüb.

Bundan əvvəl, baş nazir Arseniy Yaçenyuk Rusiya hökümətini Rusiya-Ukrayna sərhəddini bağlamağa çağırıb.

"Şərqdə vəziyyət çətinləşir. Rusiya sərhəddindən orada hərbi hazırlıq görmüş silahlılar və silahlar gətirilib".

Yaçenyuk deyib ki, Moskva vəziyyətə qarışmasa hökümət bir həftəyə vəziyyəti ələ ala bilər.

Eyni zamanda isə Çeçenistanın Moskva tərəfindən dəstəklənən lideri Ramzan Kadırov Ukraynada rusiyapərəst separatçıların köməyinə qoşun göndərilməsi barədə məlumatların yalan olduğunda təkid edib.

Həftənin əvvəlində Ukraynanın şərqində hökümət qüvvələri ilə separatçılar arasında döyüşlər keçirilib, sonda Donetsk aeroportu separatçıların əlinə keçib. Separatçılar qeyd edib ki, təxminən 100 ukraynalı əsgəri itirilib.