NATO Ukraynaya görə Rusiyaya cavabı müzakirə etməlidir

Şəklin mənbəyi, Reuters
NATO-ya üzv ölkələrin müdafiə nazirləri Brüsseldə ilk dəfə Rusiyanın Ukraynaya qarşı siyasətinin uzunmüddətli strateji nəticələrini, eləcə də alyansın mümkün cavab hərəkətlərini müzakirə edəcək..
Krımın birləşdirilməsindən sonra, Şimali Atlantika Alyansı ilə Rusiya arasında münasibətlər pisləşib.
Bazar ertəsi Rusiyanın NATO-dakı nümayəndəsi Aleksandr Qruşko alyansın Mərkəzi və Şərqi Avropa ölkələrinə əlavə döyüşçüləri yerləşdiriləcəyi halda qurumu tərk edəcəyi barədə hədələyib.
Frans Press agentliyi NATO-nun yüksək çinli rəsmisinə əsasən yazır ki, ola bilsin ki, Brüssel görüşündə Rusiya ilə bağlı "fundamental qərar" qəbul edilsin. Əsas danışıqlar isə sentyabrda Britaniyada keçiriləcək.
Həmin rəsmi deyib ki, bazar ertəsi Ukraynadakı vəziyyətlə bağlı "açıq fikir paylaşımı" aparılıb.
NATO üzvləri "Krımın birləşdirilməsinin qeyri-qanuniliyini aydın və geri çəkilməz şəkildə təkrarladılar", alyansın sözçüsü Oana Lunqensky deyib.
"Onlar başa saldı ki, heç vaxt Krımın birləşdirilməsini qəbul etməyəcəklər. Keçirilmiş prezident seçkilərini Ukraynanın birliyinə verilmiş səs kimi qəbul edirlər və Rusiyanı Ukraynanın yeni prezidenti ilə konstruktiv danışıqlara çağırıblar", Lunqensky deyib.
O əlavə edib ki, alyans Rusiyanı "götürülmüş beynəlxalq öhdəliklərə hörmət etməyə, sərhədlərdən Ukraynaya silah və döyüşçü göndərməyi dayandırmağa" çağırıb.
Aleksandr Qruşko isə İnterfaks agentliyinə deyib ki, "əgər biz görsək ki, Rusiyaya qarşı münasibət silahlı sferaya keçırsə, NATO silahlı potensial şəkildə özünü biruzə verərsə, o zaman bizim tərəf də Rusiyanın təhlükəsizliyinin bundan zərər görməməsinə çalışacaq".
Qruşko xəbərdarlıq edib ki, nəticədə Avropa soyuq müharibə illərinə qayıda bilər və yenidən silahlanma yarışı yaşana bilər.
Ukrayna höküməti və Qərb Rusiyanı Ukraynanın şərqində separatçıları dəstəkləməkdə ittiham edir. Rusiya hakimiyyəti Ukraynanın sərhəd ərazilərində baş verən hər hansı iğtişaşlarla əlaqəsi olmadığını deyir.
























