Rubl məzənnəsi tarixi rekord minimuma çatıb

Şəklin mənbəyi, Reuters
Cümə günü Moskva Birjasındakı ticarət sessiyasının nəticələrinə əsasən, Rusiya valyutasının kursu avroya nisbətdə ən aşağı rekord həddə çatıb.
Səhərdən bir avroya 62 rubl təklif olunub. Hərçənd ki, bir qədər keçmiş qiymət 61,64 səviyyəsində sabitləşib. Bir dolların qiyməti 49,11 rubl təşkil edib.
Ekspertlər Rusiya valyutasının rekord ucuzlaşmasını OPEK təşkilatının hasilatı artırmamaq barədə qərarından sonra dünya bazarlarında neft qiymətlərinin aşağı düşməsi ilə əlaqələndirirlər.
İyun ayından bəri neft qiymətləri 30 faizədək aşağı düşüb.
Təhlilçilər rublun məzənnəsini sabitləşdirmək üçün Mərkəzi Bankın müdaxiləsini istisna etmirlər.
Rusiya iqtisadi inkişaf nazirinin sabiq müavini - hazırda “Vneşekonombankın” sədr müavini - Andrey Klepaç İnterfax agentliyinə neft qiymətlərinin 60 dollaradək azalacağını deyib.
Lakin onun proqnozuna görə, bir müddətdən sonra qiymətlər yenidən 85-95 dollara kimi arta bilər.
Rusiyanın "Rosneft" şirkətinin rəhbəri neftin ucuzlaşması ilə bağlı bəzi iri yatırımlar tələb edən layihələrin təxirə salınacağını bildirib.
Eyni zamanda İqor Seçin deyib "Rosneft"ə 60 dollarlıq qiymət də sərfəlidir.
"Təbii ki, bəzi müəssisələr neftin aşağı qiymətdə qalmasına uzun müddət ərzində tab gətirə bilməyəcəklər", - Avstriyanın Die Presse qəzetinə İqor Seçin deyib.
Ötən həftə Rusiyanın keçmiş maliyyə naziri bildirib ki, Qərbin sanksiyaları rublun zəifləməsinə neftin ucuzlaşması qədər təsir göstərib.
Aleksey Kudrinin sözlərinə görə bu amillər gələn il ümümdaxili məhsulun azalmasına zəmin yarada bilər.

























