Rublun qiyməti Rusiyadan pul gözləyən azərbaycanlılara necə təsir edir?

Şəklin mənbəyi, Reuters
Rus rublunun qiyməti düşməkdə davam edir. Cümə günü səhər 1 dollar 48 rubl, 1 avro isə 59 rubl olub. Bəzi banklarda nəğd pul çatışmır.
Rusiyada yaşayan və Azərbaycandakı ailəsinə pul göndərən minlərlə azərbaycanlı var. Rublun qiymətinin düşməsi onların büdcəsinə necə təsir edir?
Bəs Rusiyada yaşayan ailə üzvünüzdən pul yardımı alan azərbaycanlılar üçün rublun qiymətinin düşməsi aldıqları məbləğə təsir edibmi?
BBC Azərbaycancaya danışan və ya şərh yazan azərbaycanlıların çoxu buna görə əziyyət çəkdiklərini deyiblər.
İntizar Musayev

Şəklin mənbəyi, Courtesy photo
Hə, mənim atam da Rusiyada işləyir və çox pis təsir edir. Təhsil haqqımı verməkdə artıq çətinlik çəkir, inşallah tezliklə düzələr.
Mən Simali Kiprdə Lefkosa şəhərində yaşayıram. Yakın Doğu Universitetində Beynəlxalq Münasibətlər fakültəsində, ikinci kursda oxuyuram. Təhsilimə görə hələlik burada yaşayıram.
Atam Rusiyanin Moskva şəhərində yaşayır və şəxsi produkt mağazası var, onu işlədir. Ayda mənə 300 dollar göndərir. Təhsil haqqım universitetin yataqxanasında qalmaq da daxil olmaqla illik 4900 avrodur.
[Rublun qiymətinin düşməsindən sonra] Nə qədər çox göndərməli olduğunu tam dəqiqliklə deyə bilmərəm amma hər dəfə rublun düşdüyünü və məni bəlkə də oxuda bilməyəcəyini deyir.
Azər Həsənov
Mənim işimə çox təsir edir. Çünki çox itirirəm. Bazarda belə davam etsə rublun düşməsi, mənim kimi minlərlə adamın bəlkə də milyonlarla insan müflis olacaq!
Çünki Rusiyadan kənardan nə gətiririksə, dollarla gətirib burada rubla satırıq. Adi transport: Azərbaycan[dan] tərəvəz meyvə vurdururam, tomojnı və transport dollar ilə hesablayır.
12,000 dollar idi, [indi də] yenə 12,000 dollara hesab edirlər. Hesab edəndə adi bir maşında yarıya-yarı itirdik... Və burada da qiymət qaldıranda deyirlər ki, "Çornıye obnaqleli" ["Qaralar qudurub"]! Bax belə. Çox pis. Şəxsən mənimçün rubl baha dollar aşağı olması sərf edir... Mərkəzi bank 48,10 göstərir bu gün dolları ancaq ara obmen valyutalar 49,50 ilə qoyub məzənnəni...
"Burada işləməyə dəymir"
"Əlbəttə təsir edir, özdə çox ... Əvvəl 33 000 rublun 1000 dollar idisə indi 46 000-47 000 bir azdan 50 000 rublun 1000 dollar edəcək, o da heçnə, ortada biz böyük pul itiririk", Shamil Xelilov deyir.
"Heç burada işləməyə dəymir ki, havayı yerə oturmuşuq burada", yazıb Taleh Samedov.
"Əlbəttə edir, bezdirib artıq, əyər belə getsə bankrot olacağıq", deyir Ramet Karamov.
Hilal Beyim: "Çox pis təsir edir. Xüsusən də biznes sahəsində. Bu dəyqə krizisdi. 48,30-du kurs".
"Hə, təsir edir. Mənim oğlum Rusiyadadır. Hər ay mənə pul göndədir. Büdcəmə təsir edir", deyə Kenan Aliyev şikayət edib.
"Mənə pul gəlir adın eşidirəm sevinirəm, məsəlçün 10 min, dəyişəndən sonra ağlamağa qalıram. Çox aşağıdı necə olar axırı bunun?" Shamxal Ezizli sual edib.
Rəsmi statistikaya görə Rusiyada 600 000-dən çox azərbaycanlı yaşayır.
Redaktor qeydi: Bəzi hallarda orfoqrafiya üslubuna dəyişiklik etməmişik.
























