ABŞ NATO ölkələrini öz hərbi büdcələrini artırmağa çağırır

nato_brussel_meeting

Şəklin mənbəyi, Getty

Şəklin alt yazısı, NATO-nun baş katibi Anders Fogh Rasmussen alyans üzvü ölkələrindən hərbi büdcələrinin artıracaqlarını gözləyir

ABŞ müdafiə naziri Chuck Hagel Brüsseldə NATO üzvü ölkələrin görüşündə, Ukrayna böhranına cavab olaraq, müttəfiqlərini öz müdafiə büdcələrini artırmağa çağırıb.

Gələcəkdə müdafiə xərclərin ixtisar edilməsi NATO üçün onun hər hansı düşmənindən az təhlükə kəsb etmir, o deyib.

Hagel birliyin üzvlərini öz qoşunlarının maddi-texniki təchizatını və hazırlaşdırma əsaslarını yenidən nəzərdən keçirməyə çağırıb.

O bəyan edib ki, qoşunlarını Ukrayna sərhədindən çəkdiyinə baxmayaraq, çox ehtimal ki, Rusiya yaxın aylarda “NATO-nu möhkəmlik imtahanına“ çəkmək cəhdlərini davam etdirəcək.

“Biz bu çağırışlardan çəkinməməliyik. Alyansımızın təməlini təşkil edən təhlükəsizlik qarantiyalarını təsdiq etmək bizim borcumuzdur, - Chuck Hagel bəyan edib. – Və biz bu qarantiyaları yenilənmiş NATO-ya yatırım etməyə hazır olduğumuzla himayə etməliyik“.

Şimali Atlantika alyansın rəhbərliyi Şərqi Avropada mövqelərinin möhkəmləndirilməsi üzrə uzunmüddətli plan işləyib hazırlamağa və Rusiya tərəfindən Ukrayna böhranında tətbiq edilən “qeyri-standart taktikaya” adekvat cavab vermək qabiliyyətini artırmağa çalışır. NATO Rusiyanı Ukraynada separatçıları dəstəkləməkdə ittiham edir, Moskva bu ittihamları rədd edir.

Müdafiə büdcələri

Ağ Ev artıq Şərqi Avropada müvəqqəti əlavə hərbi kontingent yerləşdirmək üçün bir milyard dollar ayırmaq niyyətini elan edib.

Lakin Vaşinqton, şərqi Avropa hökumətlərinin xahişlərinə baxmayaraq, bu bölgədə daimi əsasda mənzillənən qoşunların sayını artırmır.

poland_komarowski

Şəklin mənbəyi, Reuters

Şəklin alt yazısı, Polşa prezidenti Bronislaw Komorowski ölkənin müdafiə büdcəsini artırmağı vəd edib

İqtisadi böhran bir çox NATO ölkələri müdafiə büdcələrini ixtisar etməyə məcbur etmişdi. Yalnız onların bəziləri NATO-nun müdafiə üçün Ümumi Daxili Məhsulun minimum iki faizini ayırmaq tələblərinə cavab verir.

Latviya, Litva və Rumıniya Ukrayna hadisələri ilə bağlı öz müdafiə büdcələrini artırmaq planlarını artıq elan ediblər. Çərşənbə axşamı Polşa hökuməti də müdafiə xərclərinin azca artırdığını bildirib.

NATO-nun baş katibi Anders Fogh Rasmussen Chuck Hagel-in hərbi xərcləri artırmaq təklifini dəstəkləyib və alyans üzvlərinin sentyabrda Uelsdə keçiriləcək NATO sammitində hərbi büdcələrinin yenidən nəzərdən keçirildiyi haqqında bəyanatlarını gözlədiyini bildirib.

Fəaliyyətə hazırlıq planı

Brüssel görüşündə NATO üzvü ölkələrin müdafiə nazirləri Avropa təhlükəsizliyinin möhkəmləndirilməsi üzrə uzunmüddətli tədbirlər ehtiva edən “fəaliyyətə hazırlıq planı” hazırlamaq qərarına gəliblər.

Bu tədbirlər Şərqi Avropa ölkələrində avadanlıq yerləşdirmək və infrastrukturun hazırlanmasını nəzərdə tutur ki, lazım gələrsə, qısa müddətdə NATO-nun regionda hərbi iştirakını artırmaq olsun.

Həmçinin hərbi təhlükə şəraitində əlavə məşqlər keçirmək və təcili reaksiya vaxtını əskiltmək tədbirləri nəzərdə tutulur.

“Rusiyanın Ukraynadakı asimmetrik taktikası alyansdan qeyri-standart hərəkətlər üçün öz imkanlarının daha da genişləndirməsini tələb edir”, - NATO müdafiə nazirləri qarşısında Chuck Hagel öz nitqində bəyan edib.

Bir sıra NATO-ya üzv ölkə hökumətləri Şərqi Avropada hərbi iştirakın genişləndirilməsi planlarına ehtiyatla yanaşırlar; hesab edirlər ki, Rusiya bunu 1997-ci ildə NATO ilə imzalanmış sazişin pozulması kimi qəbul edər. Lakin alyansın rəhbərliyi təklif olunan bütün addımların sözügedən sazişə uyğun olduğunu israr edirlər.