Türkiyə seçkiləri - bundan sonra nə olacaq?

Erdoğan

Şəklin mənbəyi, Erdoganbilal

Şəklin alt yazısı, Erdoğan korrupsiya iddiası üzrə araşdırma başlayanların cəzalandırılacağını bəyan edib.

Recep Tayyip Erdoğanın Ədalət və İnkişaf Partiyası (AKP) bazar günü keçirilən yerli seçkilərin qalibi olub.

Korrupsiya qalmaqalları ilə üzləşən baş nazir səsverməni şəxsi etimad referendumuna çevirib. O, qələbənin hökumətinə bəraət qazandırdığını elan edib.

Qızğın mübarizə şəraitində keçən kampaniya sonunda seçicilər korrupsiya iddialarına, Twitter və YouTube qadağasına, eləcə də ədliyyə sistemi, mətbuat və parlamentə davamlı təzyiqə məhəl qoymamaq seçimini ediblər. Beləliklə hakim partiya 45 faizdən bir qədər artıq seçicinin dəstəyini qazandı.

Bu, əsasən baş nazirin şəxsi populyarlığı sayəsində mümkün olub. Kampaniya zamanı seçicilər yerli namizədlər və onların platformaları haqqında çox az məlumat alıblar.

Bununla yanaşı, müxalifət partiyaları inandırıcı şüarlarla çıxış edə bilməyiblər. Əsas müxalifət partiyası - Cümhurriyyət Xalq Partiyası (CHP) Fetullah Gülen hərəkatının sızdırmalarının kampaniyasında üstünlük təşkil etməsinə yol verib. Kürd problemi və iqtisadiyyat kimi həlledici məsələlərdə isə müxalifət sükut edib. Partiya lideri Kemal Kılıçdaroğlu hökumətin Suriya siyasətinin təhlükəli olması barədə xəbərdarlıq etsə də, bu, səsverməyə elə bir təsir göstərməyib.

Seçkilər artıq başa çatıb, yekun nəticələr elan edilməyib. Seçkilərdə pozuntular və saxtakarlıq iddiaları səslənməkdə ikən, müxalifət paytaxt Ankara daxil olmaqla bəzi şəhərlərdəki nəticələri sual altına alır.

Bu şikayətlər əsaslı olaraq qəbul edilsə də, hakim partiyanın qələbəsini elan etmək üçün kifayət qədər səs topladığı aydındır.

"Yeni Türkiyə"

Recep Tayyip Erdoğan seçki nəticələrini korrupsiya işi üzrə istintaq başlayanların üzünə “yenilməz Türkiyənin” vurduğu “Osmanlı silləsi” adlanıdırb.

Pozuntularda əli olduğu iddia edilən az qala bütün hökumət üzvləri və oğlu ilə yanaşı duran Erdoğan öz nitqində ölkə daxilində və xaricdə olan qüvvələrə mesaj verdi. O, korrupsiya iddiası üzrə araşdırma başlayanların cəzalandırılacağını və bunun "hesabını ödəyəcəklərini" bəyan etdi.

Ölkə daxilindəki opponentlərinə ünvanlanan hədələrlə yanaşı Erdoğan xaricdəki rəqiblərinə dair də sərt çıxış edib. Baş nazir “Allahu əkbər!” qışqıran tərəfdarlarına Süriyanın Türkiyə ilə müharibə vəziyyətində olduğunu bildirdi. O həmçinin Türkiyənin Qərbin can atdığı demokratiyaya malik olduğunu dedi. “Artıq əvvəlki Türkiyə yox, yeni Türkiyə var”, cənab Erdoğan deyib.

Belə görünür ki, Erdoğanın seçicilərdən aldığı yeni mandat Türkiyənin bölgədə və İslam dünyasında liderlik iddialarının canlanmasına yeni təkan verib. Seçkilərdən sonrakı nitqində o Fələstin, Misir, Makedoniya, Kosovo və Süriya xalqlarına müraciət edib.

Seçkilərdən bir gün keçmiş Erdoğanın müşaviri Baş Nazirin sözünə güc verərək Türkiyənin "super dövlət" olduğunu deyib.

”Artıq heç bir tərəddüd yox; Türkiyə yeni bir super güç olacaq”, Yiğit Bulut Star qəzetinə bildirib.

Erdoğanın tərəfdarları seçkilərin nəticələrindən razı qalsa da, səsvermə nəticələri Avropa İttifaqını təmin etməyib. Qələbənin elan olunmasından az keçmiş Avropa Komissiyasının sözçüsü Maja Kocijancic Türkiyəni demokratiya, qanun aliliyi və ifadə azadlığı sahəsində islahatları gücləndirməyə səsləyib.

Bu arada Rusiya prezidenti Vladimir Putin Recep Tayyip Erdoğanı "uğurlu seçkilər münasibətilə" təbrik edən ilk dünya lideri olub.