Poroşenko: hərbi-nəqliyyat təyyarəsinin vurulmasına “adekvat cavab” veriləcək

İl-76 hava limanına enərkən hücuma məruz qalıb.

Şəklin mənbəyi, Reuters

Şəklin alt yazısı, İl-76 hava limanına enərkən hücuma məruz qalıb.

Ukryana prezidenti Petro Poroşenko Luhansk aeroportunda İL-76 hərbi-nəqliyyat təyyarəsinin vurulmasına ”adekvat cavab” veriləcəyini deyib.

Rusiyapərəst üsyançılar tərəfindən Luhansk hava limanına eniş vaxtı raket zərbəsi və iriçaplı pulemyot atəşinə tutulan təyyarə yerə düşərək yanmağa başlayıb.

Təyyarənin göyərtəsində olan 49 nəfər heyət üzvü və hərbçi həlak olub.

Hadisə ilə bağlı iyunun 15-i matəm günü elan olunub.

Bu Ukraynanın separatçı şərqində nəzarətin ələ alınması üzrə hökumət əməliyyatının başlanmasından bəri tək insidentdə baş verən ən böyük insan itkisi sayılır.

Separatçıların liderləri təyyarənin vurulduğunu təsdiqləyiblər.

"Ukraynanın sülhə ehtiyacı var. Lakin terrorçular adekvat cavab veriləcək”, - Petro Proşenko deyib.

Luhansk rusiyapərəst üsyançıların nəzarətində olsa da, hava limanı hökumət qüvvələrinin əlindədir.

Bu arada internetdə yerlıəşdirilmiş videoklip vurulmuş təyyarənin yerə çırpıldığı anı əks etdirir.

Ötən ay Slavyansk yaxınlığında Ukrayna helikopterinin vurulması nəticəsində bir general da daxil olmaqla 14 adam öldürülmüşdür.

Ukraynanın sənaye mərkəzləri olan Donetsk və Luhansk regionlarında rusiyapərəst separatçılar ötən ay keçirilən "referendumlardan" sonra müstəqillik bəyan ediblər.

Kiyev höküməti bu səsvermələri qeyri-leqal adlandırıb.