Kiyev: Mariupol nəzarət altına alınıb

Mariupol küçələrində Ukrayna hökumət qüvvələrinin əsgərləri.

Şəklin mənbəyi, Reuters

Şəklin alt yazısı, Mariupol küçələrində Ukrayna hökumət qüvvələrinin əsgərləri.

Ukrayna hökuməti şiddətli döyüşlər ardınca cənub-şərqdəki Mariupol şəhəri üzərində nəzarətinin bərpa olunduğunu elan edib.

Şəhərdəki üsyançılar hökumət qüvvələri ilə döyüşlər vaxtı itki verildiyini təsdiqləyiblər.

“Biz 6-dan 12-dək adam itirmişik. Daha dəqiq məlumat hələ ki, yoxdur, çünki yaralıların və əsir düşmüşlərin sayını bilmirik”, - RİA Novosti agentliyinə tanınmamış “Donetsk Xalq Respublikasının” Mariupol qərargahında deyiblər.

Bundan əvvəl ölkənin şərqindəki üsyançılar üç tanka malik olduqlarını bildiriblər.

Donetsk regionunun müxtəlif şəhərlərində tankların müşahidə olunması barədə xəbərlər cümə axşamı yayılmağa başlayıb və prezident Poroşenkonun Moskvaya ünvanlanan sərt etiraz bəyanatına səbəb olub.

"Mariupoldakı bütün inzibati binaların üzərində Ukrayna bayraqları asılıb. İlk öncə belə bayraq Mariupol şəhər administrasiyası üzərində qaldırılıb və şəhər normal həyata qayıdır”, - Ukrayna daxili işlər nazirinin müavini Anton Qeraşenko Kiyevdə keçirdiyi mətbuat konfransında deyib.

O, güc nazirliklərinin Mariupolda keçirdiyi əməliyyatının xalq arasında dəstəkləndiyini deyib.

Ukraynanın sənaye mərkəzləri olan Donetsk və Luhansk regionlarında rusiyapərəst separatçılar ötən ay keçirilən "referendumlardan" sonra müstəqillik bəyan ediblər. Kiyev höküməti bu səsvermələri qeyri-leqal adlandırıb.