Ukrayna Rusiya tanklarının ölkəyə keçdiyini deyir

Şəklin mənbəyi, BBC World Service
Ukraynanın daxili işlər naziri deyir ki, Rusiyadan üç tank ölkəyə daxil olub və ölkənin şərqində, üsyançıların idarə etdiyi ərazilərdə döyüşlər gedir.
Tanklar və digər döyüş sursatları Ukraynaya Luhansk üsyançılarının idarə etdiyi keçid məntəqəsindən daxil olub, Arsen Avakov deyib.
Ukrayna qüvvələri onlardan ikisinə qarşı döyüşüb və hazırda vuruşmalar gedir, o bildirib.
Üsyançılar bunu təsdiqləməyib. Onlar Ukrayna höküməti tankının Luhansk yaxınlığında hücum etdiyini deyirlər.
Ukraynanın sənaye mərkəzləri olan Donetsk və Luhansk regionlarında rusiyapərəst separatçılar ötən ay keçirilən "referendumlardan" sonra müstəqillik bəyan ediblər. Kiyev höküməti bu səsvermələri qeyri-leqal adlandırıb.

Şəklin mənbəyi, BBC World Service
Cənab Avakov deyib ki, tanklar və zirehli döyüş daşıyıcıları Rusiya sərhədindən Luhansk regionuna daxil olub, oradan isə Donetskə dedib.
Burada tanklar Snijne şəhərinə yollanıb, DİN başçısı deyib. Horlivkaya gedən iki tanka isə hökümət qüvvələri hücum edib.
"Döyüş gedir", cənab Avakov deyib. "Son nəticəni deyə bilmərəm, amma bu sütunun bit hissəsi məhv olub".
YouTube-da yerləşdirilən təsdiqlənməmiş videoda döyüş tankının Snijnedə olduğu deyilən küçədən keçdiyi göstərilir. Görüntülər küçəyə baxan binadan çəkilib.
Snijnedə çəkdirildiyi deyilən daha bir videoda buna oxşar bir tankın küçədən keçdiyi göstərilir.
Üsyançı sözçü Rusiyanın RİA Novosti agentliyinə deyib ki, üsyançılar Luhanskın şimalında 40 Ukrayna tankı ilə vuruşurdular.
Tanklar Makarovoda dayandırılıb, sözçü deyib.
























