Azərbaycandan Rusiyaya meyvə-tərəvəz ixracı şansı

Şəklin mənbəyi, Shamil Alibayli
Rusiyanın Qərb məhsullarının idxalına qadağasından sonra Azərbaycandan Rusiyaya meyvə və tərəvəzin ixracı artmaqdadır, BBC Azərbaycancaya danışan fermer və təhlilçilər təsdiqləyib.
"Yaxşıdır indi. İndi əvvəlki illərə nisbətən sərf edir Rusiyaya məhsul göndərmək. Əvvəl yeşiyini Rusiyada 350-dən satırdılar, indi 470-500 rubla", qubalı fermer Məmmədrza Məlikov bildirir.
Məlikov və qonşularından Rusiyaya məhsul aparan şəxslər, onların sözləri ilə, "alverçilər" ötən həftələrdə armud və "yapon gavalısı" alıblar.
Rusiyaya ixracata yenicə təkan verilməyə başlasa da, təhlilçilər arasında Azərbaycanın Rusiya bazarının meyvə-tərəvəz məhsulları boşluğunu doldurması iqtidarında olduğunu düşünənlər də var, Azərbaycanın idxalda Rusiyanın Qərb partyorlarını əvəzləyəcəyinə pessimist yanaşanlar da.
"Mövsümi irəliləyiş"
Həmçinin təhlilçilər Azərbaycan fermerinin üzləşdiyi əlavə çətinliklərin də olduğunu dilə gətirib. Bəziləri isə Azərbaycanın Rusiyaya ixracdan faydalanması üçün, ilk növbədə, ölkə daxilində məhsul istehsalının artımına ehtiyac olduğunu düşünürlər.
Avqustun sonlarında Azərbaycan-Rusiya hökumətlərarası komissiyasının növbəti iclasında Rusiya Federasiyasının Baş nazirinin müavini Dmitriy Roqozin Rusiyanın ərzaq təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın xüsusi rolunu vurğulayıb.
İqtisadçı Nazim Məmmədovun sözlərinə görə, Azərbaycandan Rusiya bazarına kənd təsərrüfatı məhsulları ixrac edilsə də, ixracatın artacağı barədə danışmaq "tezdir".
"Ola bilər, sərhəd rayonlarında ixracatda hər hansı mövsümi xarakterli irəliləyiş olsun. Amma Azərbaycanda çoxlu sayda istehsalçılar inhisarçılığa məruz qalır və urbanizasiya çox yüksək sürətlə gedir. Buna görə də Azərbaycanın köhnə istehsalını bərpa etmək, fermer təsərrüfatlarını təşfiq etmək tez bir zamanda mümkün olmayacaq", o bildirib.
Gömrük maneəsi
İqtisadçı ekspert Qubad İbadoğlu deyir ki, Azərbaycan ixracatçısının "qeyri-neft sektoruna məxsus malları çıxarmaq üçün əlavə çətinliklər və baryerlərlə qarşılaşması" halları mövcuddur.
Kənd Təsərrüfatı Nazirliyi BBC Azərbaycancanın Rusiya bazarına çıxarılacaq Azərbaycan məhsullarının ixracının artıb-artmayacağı barədə sualını şərh etməyib.
BBC Azərbaycancaya danışan fermerlər öz məhsulunu şəxsən Rusiya bazarına çıxarmaq da istəsə də, gömrük vergisinin tətbiqindən şikayətlənirlər.

Şəklin mənbəyi, Shamil Alibayli
"Lap əla olar öz malımızı özümüz apara bilsək. Keçən illərdə məhsulumuz getmədi Rusiyaya, çünki imkan vermədilər. Gömrük pulu da ödəndiyindən bir yeşik məhsul 200 rubla aparılır, satışdan isə 350 rubl qazanılır, sərf eləmirdi", Məlikov deyib.
BBC Azərbaycanca çoxsaylı cəhdlərə baxmayaraq, Dövlət Gömrük Komitəsindən şərh ala bilməyib.
Süd ixracı
Meyvə-tərəvəz istehsalı ilə məşğul olan "Xırman" şirkəti Rusiya bazarına qatılaşdırılmış süd çıxarmağı planlaşdırır.
Şirkətin ixracat şöbəsinin əməkdaşı Simran İsrafilov BBC Azərbaycancaya deyib ki, Rusiyanın vergi qanunvericiliyinə dəyişiklərdən sonra sentyabrdan qatılaşdırılmış südün ixracatına hazırlaşır.
"Rusiyada gömrük xərcləri böyük olduğundan və keyfiyyətli məhsul tələb olunduğundan biz hələ ki, gözləyirik. Amma planlarda Rusiyaya tərəvəz də ixrac etmək məsələsi var", o bildirib.
Bunlara baxmayaraq, Qubaq İbadoğlu "Rusiya bazarında tələbat artdığından Azərbaycan üçün indiki halı "şans" adlandırır.
Bu şans isə hazırda Azərbaycanın daxili bazarına təsirsiz ötüşməyə bilər.
Azərbaycanın kifayət qədər potensialı olmadığı üçün tələb və xarici ixrac artdığı halda, bu daxili bazarda çox ciddi qiymətlərin artımına səbəb olacaq, aqrar sahə üzrə ekspert deyir.
"Rusiya bazarı bizim istehsalçılar üçün cəlbedici olduğundan, artıq Rusiya bazarlarına pomidor və meyvə ixracına başlanılıb. Bu da həmin məhsulların topdan satış qiymətlərinin daxili bazarda artmasına səbəb olub", - Vahid Məhərrəmov BBC Azərbaycancaya bildirib.
İstixanalar
Cənab Məhərrəmovun fikrincə, ixracı artırmaq üçün regionlarda istixanaların işini bərpa etmək lazımdır.

Şəklin mənbəyi, Shamil Alibayli
"Amma hazırkı halda bu mümkün görünmür. Əgər Azərbaycan Rusiyaya adı çəkilən məhsulların ixracını artırarsa, onda özümüzün həmin məhsullara ehtiyacı yaranacaq. Bu da Azərbaycanın qonşu ölkələrdən Türkiyədən, İrandan bu məhsulları idxal etməsinə səbəb olacaq", o bildirib.
Rəsmi məlumatlara görə, ötən il Azərbaycandan, ümumilikdə, 830 min ton meyvə və 1 milyon 220 min ton tərəvəz ixrac olunub.
Ötən il Rusiyaya ixrac etdiyi meyvə və tərəvəzdən isə Azərbaycan 200 milyon dollara yaxın gəlir əldə edib.
"Azərbaycandan hazırda Rusiyaya tərəvəzlərdən pomidor, xiyar, meyvələrdən şaftalı, gilas, alma, xurma və nar ixrac olunur. Çünki biz həmin məhsulların daxili bazarda təlabatını az həcmdə ödəyə bilirik. Təlabatımızı ödəyəcək istehsal edə bilməsək də, bunun bir hissəsini qonşu ölkə ilə bölüşə bilirik", Məhərrəmov deyib.
Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Murtuzəli Hacıyevin sözlərinə görə, ölkədaxili bazarlarda qiymətlər "tam liberallaşıb" və bazar özü bu qiymətləri tənzimləyir.
Rusiya, <link type="page"><caption> avqustun 7-dən</caption><url href="http://www.bbc.co.uk/azeri/region/2014/08/140807_russia_food_embargo.shtml" platform="highweb"/></link> Ukrayna barədə sanksiyalara cavab olaraq Avropa İttifaqı, ABŞ və bəzi digər Qərb ölkələrindən qida məhsullarının (meyvə, tərəvəz, ət, balıq, süd məhsullarının) idxalına "tam embarqo" qoyub.
























