Rusiya: DİN Nemtsovun qətlinə imkan verən amilləri aradan qaldırdığını bildirib

Şəklin mənbəyi, EPA
Rusiya DİN rəhbərliyi keçən ilin fevralında müxalif siyasətçi Boris Nemtsovun qətlə yetirilməsinə şərait yaradan "səbəb və şərtlərin" aradan qaldırıldığını bildirib.
Bu barədə DİN daxili qoşunlarının baş qərargah rəisi vəzifəsini icra edən Oleq Borukayevin Gazeta.ru nəşrinin sorğusuna cavabında deyilir.
Bundan əvvəl Nemtsovun güman olunan qatili Zaur Dadayevin xidmət etdiyi Çeçenistanın "Sever" batalyonunda pozuntuları aradan qaldırmaq barədə Rusiya İstintaq Komitəsinin tələbilə bağlı Gazeta.ru Rusiya DİN-ə sorğu göndərmişdi.
Yaranmış vəziyyətlə bağlı məhz hansı tədbirlərin görüldüyü Borukayevin cavabında göstərilməyib.
Cavabda yalnız o deyilir ki, görülmüş tədbirlər haqqında "Rusiya İstintaq Komitəsinin sədri yanında mühüm işlər üzrə müstəntiq, ədliyyə general-mayoru Nikolay Tuteviç vaxtında məlumatlandırılıb".
Daha ətraflı məlumat üçün Borukayev istintaqa müraciət etməyi məsləhət görüb. Lakin Gazeta.ru bildirir ki, İstintaq Komitəsində DİN daxili qoşunları tərəfindən görülmüş tədbirlər barədə məlumat verməkdən imtina olunub.
Boris Nemtsov keçən il fevralın 28-də Kreml divarları yaxınlığında naməlum şəxslər tərəfindən güllələnib.
Hadisə ilə bağlı şübhəli qismində 5 nəfər həbs olunub.
Yanvarın 29-da Rusiya İstintaq Komitəsi, Nemtsovun qətlilə bağlı cinayət işi çərçivəsində araşdırmanın başa çatdığını elan edib.
İstintaq qətlin təşkilatçısı kimi Ruslan Muhutdinovun adını çəkib. Ruslan Muhutdinovu tapmaq üçün beynəlxalq axtarış elan olunub.
























