Rusiya: şəxsi məlumatlar haqqında qanun qüvvəyə minib

Şəklin mənbəyi, AFP
Rusiyalılara aid şəxsi məlumatların Rusiya ərazisində saxlanılmasını tələb edən qanun sentyabrın 1-dən qüvvəyə minib.
Qanuna əsasən internet operatorları Rusiya vətəndaşlarına aid məlumatlarla bağlı əməliyyatların Rusiya ərazisindəki serverlərdən aparılmasını təmin etməlidir.
Yeganə istisna aviabiletlərin bronlaşdırma sistemlərinə edilib. Onlar rusiyalıların məlumatlarını ölkə kənarında saxlaya bilər. Rusiya operatorlarının hamısı xarici bronlaşdırma sistemlərini istifadə edir.
Qanun ötən ilin iyul ayında Rusiya Prezidenti tərəfindən imzalanıb. Hərçənd ki, onun qüvvəyə minməsi tarixi "infrastrukturun hazır olmadığı" üçün bir neçə dəfə təxirə salınıb.
Yeni təşəbbüs Rusiya və xaricdə tənqidlə qarşılanıb. Onun əleyhdarlarına əsasən yeni tələblər internet satışları, sosial şəbəkə və bronlaşdırma sistemlərinin işinə əngəl törədə bilər.
Rusiyada işləyən bir neçə xarici şirkət əməliyyatlarını qanun tələblərinə uyğunlaşdırmağa başladığını bildirib, Rusiya nəzarət orqanı Roskomnadzor-un rəhbəri Aleksandr Jarov deyib. O, belə şirkətlər arasında Booking.com, Samsung, AliЕxpress və eBay şirkətlərinin adlarını qeyd edib.
Avqust ayında Roskomnadzor-la danışıqlar vaxtı Facebook Rusiya istifadəçilərinə aid məlumatların Rusiya ərazisindəki serverlərdə saxlanılmasına gərək olmadığını bildirib. Rusiya KİV-lərinə əsasən sosial şəbəkə belə bir addımın iqtisadi baxımdan sərfəli olmadığını deyib.
Daha sonra Roskomnadzor bildirib ki, Facebook-la danışıqlar vaxtı söhbət qanunun icrasına imtinadan getməyib.
Yeni qanun Rusiya məlumat bazalarında saxlanılan məlumatların xaricə köçürülməsini yasaqlamır.
Qanun tələblərinə əməl etməyən şirkətlərə pozuntunu aradan qaldırmaq üçün 6 aylıq müddət veriləcək. Bundan sonra qanunu icra etməyənlərə qarşı 20 min rubl həcmində (310 dollar) cərimə tətbiq edilə bilər.
























