Putin Rusiya KİV-də xarici kapitalın iştrak payını azaldıb

Şəklin mənbəyi, Getty Images
Prezident Putin Rusiya KİV-nə məxsus kapitalda xarici səhmdarların iştirak payının məhdudlaşdırılmasını nəzərdə tutan qanuna imza atıb.
Həmin qanun Rusiyada jurnalistlər tərəfindən tənqid olunur.
Qanuna əsasən, KİV kapitalında xarici səhmdarların iştirak payı 20 faizdən yuxarı ola bilməz, əvvəlki qanunla isə həmin hədd 50 faiz təşkil edirdi.
Bundan əlavə, qanun Rusiya vətəndaşlığı olmayanlara, eləcə də başqa ölkənin vətəndaşlığına malik olan rusiyalılara ölkədə KİV təsis etməyi yasaqlayıb.
Sənəddə yeni qaydaların tətbiqi üçün 2017-ci ilin yanvarınadək keçid dövrü nəzərdə tutulub.
Həmin dövr ərzində Rusiya KİV-nin kapital tərkibində xarici təsisçilərin iştirak payını yeni qanunvericiliyə uyğunlaşdırmaq imkanı olacaq.
Yeni qanunun təsir dairəsi Rusiyada nəşr olunan bahalı tərtibatlı jurnalların əksəriyyətini, eləcə də "Kommersant", "Vedomosti", Forbes kimi varlı sayılan nəşrləri əhatə edir.
Qanun layihəsinin müəlliflərindən biri, LDPR partiyasını təmsil edən deputat Vadim Denqin sənədin Dumada müzakirəsi zamanı bu qanuna ehtiyacın Rusiyaya qarşı aparılan "soyuq müharibədən" irəli gəldiyini bildirmişdi.
























