Ukrayna rəsmisi Rusiya ilə aranı divarla kəsməyi təklif edir

Şəklin mənbəyi, Reuters
Dnepropetrovsk vilayət administrasiyasının başçısı, biznesmen İqor Kolomoyski Rusiya ilə sərhəd boyunca 1920 km uzunluğunda və 100 milyon avro dəyərində istehkam şəklinə salınmış divar tikintisinə başlamağı təklif edib.
Dnepropetrovsk Vilayət Dövlət Administrasiyası (VDA) rəhbərinin müavini Gennadi Korban divarın inşası layihəsini Ukrayna prezident administrasiyasına ötürüb.
Söhbət altı ay ərzində başdan başa yüksək keyfiyyətli polad və tikanlı məftildən içilə elektrik cərəyanı keçən hasar ucaltmaqdan gedir.
Vilayət nümayəndələrinin sözlərinə görə, layihənin başlıca vəzifəsi “Ukraynaya qarşı təcavüz edən dövlət tərəfindən fiziki müdaxiləyə yol verməməkdir”.
Divarın tikintisi Donetsk, Xarkov və Luhansk vilayətləri ərazisində nəzərdə tutulur.
Layihənin xeyriyyə fondları hesabına maliyyələşdirilməsi ehtimal olunur, Dnepropetrovsk VDA hakimiyyəti nümayəndələri deyir.
Cümə günü Ukrayna Dövlət Sərhəd Xidmətinin rəis müavini Pavel Şişolin Ukraynanın Rusiya ilə sərhədinin 184 kilometrinə nəzarət etmədiyini etiraf edib.
“Bir mütəxəssis kimi mənim üçün bu barədə danışmaq kədərlidir, lakin 2200 km dövlət sərhədinin 184 kilometrinə Ukrayna bu gün nəzarət etmir. Mən camaatı aldadıb demək ki, bu, belə deyil istəmirəm”, - “Qlavkom” Ukrayna internet nəşrinə müsahibəsində Şişolin deyib.
Onun sözlərinə görə, sərhəd xəttindən Luhansk və Donetsk şəhərlərinə qədər əraziyə əslində nəzarət olunmur.
“Orada nə yerli rəsmi hakimiyyət, nə hüquq mühafizəçiləri, nə Ukrayna Təhlükəsizlik Xidməti, nə prokurorluq var. Orada heç kəs yoxdur”, - sərhəd idarəsinin nümayəndəsi qeyd edib.
























