Britaniya mətbuatı: "29 fevral ənənəsi" nədir?

Putinə rəğbətli Trump necə bir ABŞ prezidenti olacaq?

Jurnalist Ben Judah-nın “The İndependent” qəzetində yazdığı məqalədə deyilir ki, hətta respublikaçı donorları Donald Trump-ın kampaniyasına maliyyə axınını dayandırsalar da, “Trumpism” artıq yaşamağa qabildir.

"Trump hətta seçkini uduzsa da, 2021-ci ildə Trump 2 və ya ondan klonlanmış bir başqası namizəd olacaq" – yazır Judah.

Jurnalistin fikrincə, Trump-ın siyasətləri ilk növbədə Respublikaçı Partiyanın "qaydalar kitabı"nı cırıq-cırıq edir.

"Putinə rəğbətli, İsrailə ikibaşlı münasibət bəsləyən, ticarətdə proteksionist, Amerikanın müttəfiqlərinə həqarətli, anti-Çin, anti-Meksika hissiyatı ilə yaşayan birisi" – deyilir məqalədə.

Jurnalistin fikrincə, onun insan haqlarına etinazsızlığı bir yana qalsın, hətta müharibəyə baxışı da BMT-dən daha çox Rusiyanın qaydalarına uyğun gəlir.

Məqalədə deyilir ki, Donald Trump Amerikaya yeni dostlar tapmağa hazırdır. Bunların arasında Rusiya da var. Trump deyib ki, “öz ölkəsinin xətrinə Putinlə də yaxşı yola gedə bilər”. Trump düşünür ki, belədə indi mövcud olan çətinliklər ortaya çıxmazdı. Bəs Amerika ilə Rusiya arasında Suriyadakı təmsili müharibə necə olsun? Trump prezident olsa, ruslara icazə verəcək ki, “bombalamaqda” davam etsinlər.

Jurnalist yazır ki, Trump-Putin məhəbbətinin yolunu Rusiya dissidentləri də kəsə bilməyəcəklər. "Kreml müxalifət jurnalistlərini öldürür? Nə olsun, bizim ölkəmiz də çoxlarını öldürür" - deyir Trump. O hətta əlavə edir ki, onun elə özü də bir cəncəl jurnalisti güllələmək istəyib. Putinə gəlincə isə onun kimisə öldürdüyü hələlik isbat olunmayıb" – yazır Judah.

Daha sonra məqalədə deyilir: “Trump-ın Amerikanın köhnə dostlarını görəsi gözü yoxdur. Avropalılar? Trump onlara boğaz ortağı kimi baxır. Həm də Almaniya baş boğaz ortağıdır. "Hələ bu nəhəng ölkəyə baxın bir, - deyir o, - Almaniyanın heç cınqırı da çıxmır. Onlar Putindən qaz, neft, başqa şeyləri alırlar, bizsə Ukraynada dəridən qabıqdan çıxırıq".

Trump Amerikanın dünya polisi olmasını istəmir. Böyük, bahalı müharibələr Trump-ın dövründə tarixə çevriləcək.

Məqalədə deyilir ki, Trump özünə anti-Bush xalları qazanmaq istəyir. “Sentyabr terror basqınları? Bu əlbəttə Bush-un günahından baş verib” - deyir Trump. O bəyan edir ki, prezident olsa, belə hücumların qarşısını alardı.

İraq müharibəsi? “Heyvərə bir səhv olub” – deyir Trump. “Hanı kütləvi qırğın silahları? Onlar yalan danışıblar. Biz müxtəlif adamları hakimiyyətdən devirmək üçün 4 trilyon dollar xərcləmişik, halbuki həmin pulu burda, Amerikada, öz yollarımıza, körpülərimizə, başqa dərdlərimizə xərcləyə bilərdik” – deyib namizəd.

"Biz nəinki Yaxın Şərqə, hətta bəşəriyyətə nəhəng ziyan vurmuşuq" – deyə bəyanat verib Trump.

Məqalədə deyilir ki, Donald Trump Çinlə iqtisadi müharibə planlaşdırır və bu ölkəni “valyuta fırıldaqçısı” adlandırır.

“Trump-ın böyük mübarizəsi ölkənin yaxınlığındadır, - yazır jurnalist, - Meksika sərhədində. Trump burada böyük, gözəl bir hasar tikməyə hazırlaşır”.

Məqalədə deyilir ki, Amerikadan Trump-ın planı üzrə 11 milyon qanunsuz miqrantın deportasiya edilməsi 420 milyard dollara başa gələrdi.

“Baxın, əsl Trumpism budur, - yazır sonda jurnalist Ben Judah, - Amerikanı yenidən Böyük etmək məqsədilə Amerika imperiyasını tükəndirmək. Trump-ın doktrinası sadədir. Amerika qlobal məqsədlərindən geri çəkilir, çünki o, regional problemləri olan regional gücdür. “Bu qədər də miqrant olar?” Moskva rahat ola bilər. Trump-ın Amerikası Meksikanın üstünə yeriyir”.

29 Fevral niyə dörd ildən bir olur?

Bu gün çıxan Britaniya qəzetlərinin çoxu oxucuları üçün bu suala cavab verməyə çalışıb, lakin ən müfəssəl məqaləni “The Daily Telegraph” çap edib.

Qəzet yazır ki, 29 fevral yalnız uzun illərdə olur, uzun illər isə hər dörd ildən bir gəlir.

Elə isə niyə uzun illər olur?

Ona görə ki, hər dörd ildən bir fevral ayına bir gün əlavə edilir. Bu isə ona görə lazımdır ki, Günəş sistemi ilə Gregorian təqvimi arasındakı uyğunsuzluq aradan qaldırılsın.

Yerin Günəş ətrafında tam dövrəsi 365, 2422 günə başa gəlir, amma Gregorian təqvimində 365 gün var.

Odur ki, insanlar öz təqvimlərini Yerlə və fəsillərlə həmahəng saxlayırlar.

Niyə məhz fevralda?

Julian təqvimində bütün başqa ayların 30, ya da 31 günü var, amma fevralın xətrinə Roma imperatoru Sezar Avqust dəyib.

Ondan əvvəl hökmdarlıq etmiş Yulius Sezarın vaxtında imperatorun adını daşıyan iyul ayının 31 günü varmış. Fevral ayı isə 30 günə malikmiş. Halbuki avqust ayının cəmi 29 günü vardı.

Odur ki, Avqust imperator olan kimi fevralın iki gününü alıb “öz ayına” qatıb. Beləliklə, iyul və avqustun günləri bərabərləşib.

Texniki baxımdan uzun il hər dörd ildən bir deyil. Məsələn 2000-ci il uzun il olub, amma 1700, 1800 və 1900-cü illər olmayıb.

Nədənsə, 4-ə bölünən illər uzun illər olur, bir şərtlə ki, 100-ə bölünsün, amma 400-ə bölünməsin.

Bu ona görə baş verir ki, Yer və mövsümlərlə yaradılan uyğunluq üçün 4 ildən bir artırılan bir günün özü də “artıqlıq” edir.

Məsələn Roma təqvimində Yuli Sezara qədər ildə 355 gün var idi və hər iki ildən bir 22 günlük bir ay əlavə olunurdu.

Amma Sezarın münəccimi Sosiogen 1-ci əsrdə daha təkmil sistem yaratdı.

365 günlük ili və hər dörd ildən bir əlavə olunan bir günü də məhz Sosiogen yaradıb.

Beləliklə fevralın 29-u əmələ gəlib.

Yer ili tam dəqiqliyi ilə 365, 25 gün olmadığı üçün Papa Gregory-nin münəccimləri 1582-ci ildə Gregorian təqvimini yaradanda hər 400 ildən bir üç günü “itirməyi” qərara alıblar.

O vaxtdan bəri belə bir “riyaziyyat” işləyir, amma ona 10 min ildən sonra ciddi dəyişiklik etmək lazım gələcək.

Fevralın 29-nu niyə istirahət günü etmirlər?

Belə kampaniyalar aparılıb və hətta bəziləri iddia edirlər ki, bu, “kapitalistlərin cibinə işləyən” gündür, çünki əmək müqavilələrində bir il kimi 365 gün götürülür. Yəni 366-cı günü “xəlq pulsuz işləyir”.

Merilend ştatından Karl Savage adlı müəllim 2008-ci ildə “Uzun ilin əlavə günündə işləmək yoxdur” kampaniyası aparıb. Həmin il fevralın 29-u cümə gününə düşürdü.

Bir də əlavə saniyə məsələsi var.

Əlavə saniyələr əlavə günlə birbaşa əlaqəli deyil, lakin ondan da məqsəd bizim saatlarımızın “atom saatı”na uyğunlaşdırılmasıdır.

Atom saatı dəyişməzdir, amma Yerin fırlanması tədricən yavaşıyır, yəni gündə saniyənin 2 mində biri qədər.

Ötən il əlavə saniyə iyunun axırında artırılıb. Əgər bu “düzəliş” edilməsə, günlərin bir günündə gecəyarısı günorta ola bilər.

Əlavə saniyə bəzi dəqiqi saatlarla işləyən sistemləri sıradan çıxara bilər.

Məsələn 2012-ci ildə əlavə saniyə artırılarkən Mozilla, Reddit, Foursquare, Yelp, LinkedIn və StumbleUpon kimi sistemlər qəzaya uğramışdı.

Əgər fevralın 29-u ad gününüzdürsə?

29 fevral ad günü ilə doğulmaq şansı 1461-dən 1-dir. Adi illərdə “uzun illilər”dən bəziləri ad günlərini fevralın 28-də, bəziləri isə martın 1-də keçirirlər.

Bəziləri də var ki, inadla yalnız dörd ildən bir ad günü qeyd edirlər. Bəzən məsləhət verirlər ki, günortaya qədər doğulanlar fevralın 28-də, günortadan sonra doğulanlar isə martın 1-də ad günü keçirsinlər. Bəs düppədüz günorta doğulanlar neyləsinlər?

Bütün dünyada 4, 1 milyon insanın ad günü fevralın 29-na düşür.

Qadınların evlənmə təklif etdiyi gün

Qərb ölkələrində yayılmış ənənəyə görə, guya qadınlar kişilərə yalnız uzun illərdə evlənmək təklif edə bilərlər.

Rəvayət belədir ki, guya 5-ci əsrdə müqəddəs Bridget adlı bir irland rahibəsi müqəddəs Patrick-ə gileylənib ki, qətiyyətsiz kişilər qadınları boğaza yığırlar. Guya müqəddəs Patrick də deyib ki, “qoy onda hər dörd ildən bir qadınlar kişilərə evlənmə təklifi etsinlər”.

Amma bu ənənə 19-cu əsrədək geniş yayılmamışdı.

Başqa bir rəvayətə görə isə guya Şotlandiya kraliçası Margaret 1288-ci ildə qanun çıxarıb və bu qanun azad qadınlara uzun illərdə kişilərə evlənmə təklifi etmək icazəsi verirmiş. Həm də qanuna görə evlənməkdən imtina edən kişilər cərimələnməliymişlər.

Cəncəl burdadır ki, şotland kraliçası Margaret dünyasını 8 yaşında dəyişib və o deyilən qanun da arxivlərdən tapılmayıb.

Üçüncü bir versiya belədir ki, qadınların evlənmək təklif etməsi ənənəsi “uzun illər”in ingilis qanununda tanınmadığı çağlara gedib çıxır. Qanunsuz, yəni mövcud olmayan ildə, qadının təklif etməsi utanclı bir iş sayılmaya da bilərdi.

Bu ənənəyə görə qadınlar evlənmək təklif edərkən qısa şalvar və ya qırmızı ətək geyinməliymişlər.

Məsələn Danimarkada qadının təklifindən imtina edən kişi ona 12 çüt əlcək bağışlamalıymış, Finlandiyada isə cərimə “donluq parça” imiş.

Kişilərin yarısı "29 fevral ənənəsi"nə yalnız sevinərdi

Müasir zəmanəmizdə aparılan bəzi rəy sorğuları göstərib ki, qadınların 20 faizi kişilərə evlənmək təklifi etmək istərdilər.

Onlardan üçdə biri kişilərin mümkün reaksiyasından narahat olduqlarını deyiblər.

Amma iş burasındadır ki, kişilərin 59 faizinə sevgililərinin diz çöküb təklif etməsi ləzzət eləyərmiş.

Ümumlikdə isə kişilərin 50 faizi məhz sevgililərinin evlənmək təklif etməsini istədiyini bidlirib.

Amma qadınların yalnız 15 faizi belə bir addımı atmağa hazır olduğunu söyləyib.

“The Telegraph” oxucularına uzun illərdə ümumiyyətlə evlənmək kimi ciddi addımlar atmamağa çağırıb. Çünki bir çox mədəniyyətlərdə uzun il nəhs il sayılır.

Yunanıstanda uzun ildə evlənməməyə çalışırlar. Üstəlik də fevralın 29 Dünya Nadir Xəstəliklər günüdür…

Burası da var ki, uzun illərdə daha vacib qlobal işlər baş verir. Məsələn yay Olimpiya Oyunları və ABŞ prezident seçkiləri bir qayda olaraq uzun illərdə keçirilir.