28 May 1918: Millətin yenidən doğulduğu gün

Şəklin mənbəyi, Getty

Azərbaycan Demokratik Respublikasının elan edilməsi özlüyündə möcüzə idi. İlk respublikanın baniləri çətinliklərlə üzləşmişdilər. Onlar respublikanı bütün çətinliklərə baxmayaraq elan etmişdilər.

Onlar demokratik parlamenti və milli ordunu da çətinliklərə rəğmən qurmuşdular. Onlar bütün həyatlarını millətin maarifləndirilməsi və inkişafına sərf etmişdilər.

Elan edildiyi şərait nəzərə alınarsa, respublikanın yaranması bir möcüzə idi. Qısa müddətdə mövcud olan respublikanın nailiyyətləri böyük əhəmiyyət daşıyırdı. Cəmi 23 ay mövcud olmasına baxmayaraq, respublika Azərbaycanın və Qafqazın müasir tarixində mühüm iz buraxıb.

<link type="page"><caption> Həmçinin oxuyun: Rəsulzadə-Əliyev rəqabətinin səbəbi nədir?</caption><url href="https://bbcnews.me/azeri/azerbaijan/2013/01/130130_aliyev_rasulzade.shtml" platform="highweb"/></link>

Bu gün biz bu böyük günü və onun memarlarını minnətdarlıq və heyranlıqla yad edirik. Lakin ilk dünyəvi respublika və müsəlman və türk dünyasının ilk çoxpartiyalı demokratiyası 70 illik sovet hakimiyyəti dövründə lazımınca qiymətləndirilməmişdi.

Müsavat və müsavatçılar

Şəklin mənbəyi, archive

Əvəzində Sovet dövrünə aid milyonlarla material tapmaq mümkündür ki, burada ilk respublika dövrünün dəhşətli olduğu iddia edilir. Sovet rejimi Azərbaycan Demokratik Respublikasını normal “dövlət” və “respublika” hesab etmirdi.

Sovet interpretasiyasına görə bu, quldurların, fırıldaqçıların və məkrli planları olan xarici qüvvələrin əlaltılarının dövrü idi. Bu təbliğata görə respublika millətlərarası münaqişələrin, iqtisadi problemlərin, öz xalqına yad olan irticacı qüvvələrin, avantüristlərin yuvası olmuşdu. Onlar bütün bu neqativ halları bir sözdə birləşdirirdilər: “Müsavat rejimi”.

Sovet təbliğatı “Müsavat” və “müsavatçılar” sözlərinin məna və məzmununu dəyişərək ona mümkün olan bütün mənfi çalarları vermişdi. Ədəbiyyatda Azərbaycan Demokratik Respublikası əvəzinə “Müsavat rejimi” ifadəsindən istifadə olunurdu. Bununla da, Azərbaycanın ilk respublikası məsxərəyə qoyulurdu.

Bu təhrifetmə təbliğatı Sovet İttifaqında və onun xaricində müstəqil Azərbaycan Respublikası ideyasını dəstəkləyənlərin çaş-baş salınması məqsədini güdürdü. Sovet nəşrləri ilk respublikanı lağa qoymaqla yanaşı Sovet hakimiyyətini əsl xalq, mütərəqqi və firavanlıq yaradan hakimiyyət kimi təqdim etməyə çalışırdı. Elə isə ilk respublika əslində nə demək idi?

Qısa vaxtın böyük əməlləri

Sovet iddialarına rəğmən ilk respublika irticaçı rejim olmaqdan çox uzaq idi. Əsrin əvvəllərində Azərbaycan xalqının azsaylı, lakin yaxşı təhsil görmüş ziyalılarının olmasında bəxti gətirmişdi.

Bu liderlər Təbriz, Bakı və İstanbuldan Sankt Peterburq, Berlin və Parisə uzanan geniş üfüqləri aydın görürdülər. Onlar baş verən hadisələri diqqətlə izləyir, öz xalqlarının müasir dünyadan geri qaldığını başa düşürdülər.

Şəklin mənbəyi, AFP

Onlar mədəni islahatları həyata keçirmək, təhsili və kənd təsərrüfatını modernləşdirmək istəyirdilər. Bütün bu məsələlər hələ 1918-ci ildən əvvəl müzakirə edilmişdi. O vaxt yerli qəzetlərdə yer almış rəy və müzakirələrə diqqət yetirmək kifayətdir ki, Azərbaycanın aparıcı liderlərinin modernist simaları görünsün.

Respublikanın ilk ili ərzində hökumət təhsil islahatları elan etmişdi. Azərbaycan dili təhsil dili kimi bərqərar edilmiş, Bakıda Şərqin ilk universiteti yaradılmışdı.

Eyni zamanda ilk respublika dərhal öz tələbələrini Avropa universitetlərinə göndərmişdi ki, gələcək üçün müasir kadrlar yetişə bilsin. Bütün bunlar böyük çətinliklərin əhatəsində edilirdi.

ADR

Şəklin mənbəyi, archive

Şəklin alt yazısı, ADR hökümətinin üzvləri, 1918

Bu çağdaş münasibət özünü dövlət quruluşunda da göstərirdi. Yeni dövlət bütün müsəlman və Türk dünyasında ilk dünyəvi, çoxpartiyalı parlamentə malik ölkəyə çevrilmişdi.

Türkiyə və İrandan irəlidə

Bunlar bizə indi təbii seçim kimi görünə bilər. Lakin bu, 1918-ci ildə regionda heç də adi iş deyildi. Türkiyədə çürüyən Osmanlı sülaləsi, İranda Qacarlar monarxiyası hələ hökm sürürdü. Bu qonşular müasir respublika və çoxpartiyalı demokratiya ideyalarından çox uzaq idilər.

Türkiyə Respublikası yalnız 5 il sonra, 1923-cü ildə yaranacaqdı. Çoxpartiyalı sistem isə Türkiyəyə yalnız 1947-ci ildə gələcəkdi.

İranda Rza xan Türkiyədən nümunə götürərək respublika yaratmaq istəyirdi, lakin mühafizəkar müxalifət o qədər böyük idi ki, o, monarxiya yaradıb, özünü şah elan etməyə məcbur olmuşdu.

Şəklin mənbəyi, Getty

Bu zaman hüquq sistemi və cinsi bərabərlik regionun üfüqlərindən çox uzaqda idi. Müasir siyasi partiyalar, ideologiya vıə mövqelər rüşeym mərhələsindəydi. Lakin bütün bu çətinliklərə baxmayaraq yeni dövlətin baniləri müasir respublika və parlament demokratiyası yolunu seçmişdilər.

Bəli, bu doğrudur ki, 1918-ci ildə Azərbaycanda etnik toqquşmalar baş vermişdi. Lakin bu toqquşmalar respublikanın elan edilməsi səbəbilə başlanmamışdı.

Əksinə, yeni respublika silahlı toqquşmaların qarşısını almağa çalışırdı. 1918-ci ilin mayında Azərbaycan liderləri respublikanı elan edəndə, ölkə artıq etnik münaqişə və qətliamların içindəydi.

Buna bariz misal kimi 1918-ci ildə, respublikanın elan edilməsindən iki ay əvvəl Bakıda və Azərbaycanda törədilmiş bədnam qətliamı göstərmək olar.

Azərbaycan Respublikasının siyasəti bu millətlərarası münaqişələri dayandırıb, sülhü bərqərar etmək idi. Məhz buna görə də respublikanın liderləri heç bir tərəddüd göstərmədən, ermənilər də daxil bütün cəmiyyət üzvlərinin ilk demokratik parlamentdə təmsil olunmasına imkan yaratdılar.

Müdrik siyasət

Bu da bir həqiqətdir ki, yeni dövlət o günlərdə böyük iqtisadi çətinliklərlə üzləşmişdi. Ərzaq və başqa malların qıtlığı var idi, etibarlı milli valyuta yox idi, inflyasiya faizi çox yüksəkdi.

Lakin bütün bunlar liderlərin ilk Azərbaycan Respublikasını elan etmələrindən yaranmamışdı. Əksinə, yeni milli dövlət üçün bu iqtisadi problemlər Rusiya imperiyasından qalan kədərli miras idi.

Rusiya dövləti və iqtisadiyyatı Birinci Dünya Müharibəsinin yükünə tab gətirə bilmirdi. Həm iqtisadi, həm də siyasi sistem çökmüşdü. 1917-ci ildə baş vermiş Fevral inqilabı və bunun ardınca bolşevik çevrilişindən sonra başlayan qanlı vətəndaş müharibəsi köhnə Rusiya imperiyasına son qoymuşdu. Bakı və Azərbaycan artıq mövcud olmayan bu köhnə iqtisadi və maliyyə sisteminin parçası olaraq qalırdı.

Şimaldakı iqtisadi iflas və siyasi təlatüm yeni Azərbaycan dövləti üçün böyük təhlükələr təşkil edirdi. Bəs yeni respublika nə edirdi? İlk respublikanının liderləri avantürist idilərmi?

Yox, yeni respublika iki mühüm və düzgün prinsipə əməl etmişdi. Birinci düzgün qərar Azərbaycanı Rusiyadakı vətəndaş qarşıdurmasında kənarda saxlamaq idi. Bu, minlərlə insan həyatının xilas edilməsinə və Bakı da daxil olmaqla, ölkənin dağılmasının qarşısını almağa imkan vermişdi.

Uzun yolun əvvəlində

Vətəndaş müharibəsi başa çatanda bütün Rusiya xarabalıq içiundəydi. İki milyon insan öldürülmüş, daha beş milyon insan aclıqdan tələf olmuşdu.

İlk respublika milləti bu fəlakətli dağıntıdan kənarda saxlaya bilmişdi. Bundan əlavə ilk respublika yerli biznesləri dəstəkləməklə realist iqtidsadi siyasət yürütmüş və milli iqtisadiyyatı dirçəltmişdi.

1918-ci il, mayın 28-də Azərbaycanın mərd vətənpərvərləri bilirdilər ki, onların qarşısında uzun və çətin bir yol uzanır. Lakin onlar öz arzularını həyata keçirmək üçün bir an da tərəddüd keçirməmişdilər.

Azərbaycan Respublikasını elan etməklə onlar ayağa qalxmış və bütün dünyaya xitab etmişdilər: "Biz azərbaycanlıyıq və dünya millətləri evinin mötəbər üzvüyük".

Buna görə də 1918-ci ilin 28 mayı heç də təkcə Respublikanın elan edildiyi gün yox, həm də müasir və müstəqil Azərbaycanın doğum günüdür.