Rusiyada bəzi QHT-lər “xarici agent” ola bilər

Duma

Şəklin mənbəyi, AP

Rusiya parlamenti siyasi fəaliyyətlə məşğul olan və xaricdən qrant alan qeyri-hökumət təşkilatlarının “xarici agent” kimi qeydiyyata alınmasını nəzərdə tutan qanun layihəsini müzakirə edib və layihə parlamentdə ilkin dəstəyini qazanıb.

Qanun layihəsinə görə, bu ifadə QHT-lərin internetdə yayımlanan və kağız üzərində çap olunan bütün materiallarında əks olunmalıdır.

Kreml deyir ki, belə bir qanun Rusiyanı daxili siyasətə təsir etməyə çalışan xarici cəhdlərdən qoruyacaq.

Ancaq tənqidçilər deyir ki, hakimiyyət qanundan müxalif fikirləri susdurmaq üçün istifadə etmək istəyir.

Qanuna görə, xaricdən maliyyələşən və siyasətlə məşğul olan QHT-lər həmçinin maliyyə auditindən keçməli, fəaliyyətlərinə dair ildə iki dəfə hesabatlar dərc etdirməlidir.

Qanundan yayınanları böyük məbləğdə cərimə və iki illik həbs cəzası gözləyir.

'Xarici təsirlər'

Cümə günü qanun layihəsi parlamentdə 323 lehinə olmaqla səs çoxluğu ilə qəbul edilib.

Ancaq onun qüvvəyə minməsi üçün parlamentin yuxarı palatasının təsdiqi və Vladimir Putinin imzası lazımdır.

Hakimiyyətdə olan Vahid Rusiya partiyası iddia edir ki, xarici hökumətlər Rusiyadakı QHT-lərdən ölkədə siyasi dəyişiklik məqsədləri üçün istifadə edirlər.

Partiyanı parlamentdə təmsil edən və qanunun müəlliflərindən biri Vyaçeslav Nikonov deyir: “Rejim dəyişiklərinə dair o qədər sübutlar var ki – Yuqoslaviya, indi də Liviya, Misir, Tunis, Kosovo. Dünyada belə işlər baş verir. Bəzi hökumətlər digər ölkələrdə rejimləri dəyişməyə çalışırlar”.

O, əlavə edib ki, Rusiya demokratiyası xarici təsirlərdən qorunmalıdır.

Qanunu tənqid edənlər isə deyir ki, bu, Kremlin paranoyasıdır və hökumət vətəndaş cəmiyyətini məhv etməyə çalışır.

Rusiyada bu ilki prezident və parlament seçkiləri zamanı pouzuntuların olduğuna dair faktları məhz xaricdən maliyyələşən Qolos qeyri-hökumət təşkilatı təqdim etmişdi.