Şahzadə Philip: 143 ölkəyə səyahət edən hersoq

Şəklin mənbəyi, PA

Ən uzun müddət xidmətdə olan britaniyalı monarx həyat yoldaşı kimi Edinburq Hersoqu Kraliçanı uzun illər Millətlər Birliyi və digər xarici ölkələrə səfərlərində müşayiət edib.

Lakin Şahzadə Phillip təkbaşına da az səyahət etməyib. 229 dəfə 67 Millətlər Birliyi dövləti və 408 dəfə 76 başqa ölkə olmaqla o, ümumilikdə təkbaşına 637 səfərdə olub.

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı, Hersoq və o zaman Şahzadə Elizabeth 1951-ci ilin oktyabrında Quebec küçələrində gəzir

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı, Kral VI George-un ölüm xəbəri gələndə Şahzadə Philip və o zaman Şahzadə Elizabeth Keniyada istirahət edirdilər

Yeni evlənən cütlük 1952-ci ilin fevralında Keniyada bal ayında ikən Kral VI George ölür və şahzadə Elizabeth kraliça olur.

Növbəti illər ərzində hersoq 143 ölkəyə rəsmi çərçivədə səfər edir.

Kraliçanın hakimiyyətə gəlməsindən az sonra, cütlük 1953-cü ilin noyabrından 1954-cü ilin mayına qədər altı aylıq tur ilə Millətlər Birliyinin 12-i ölkəsinə quru, hava və su yolu vasitəsilə səfər edir.

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı, Kral cütlüyü 1954-cü ilin aprelində keçmiş ngilis müstəmləkəsi Seylonda (indiki Şri Lanka) Columbo meri ilə birgə

1956-cı ildə hersoq Kral Britannia Millətlər Birliyi Trans-Antarktika Ekspedisiyasının (Royal Britannia's Commonwealth Trans-Antarctic Expedition) dörd aylıq turuna qoşulur.

Səyahət görünməmiş bir hadisə idi. Britannia Antarktika Dairəsinə daxil olan ilk ali yaxta idi və şahzadə buraya daxil olan ilk Kral ailəsi üzvü idi.

Şahzadə Phillip ali yaxtaya Mombasada minir və Seyşellər, Seylon, Malaya, Yeni Qvineya, Avstraliya - burada o, 1956-cı il Olimpiya Oyunlarının açılışını da edir - Yeni Zelandiya, Antarktika, Falkland adaları, Cənubi Georgia, Gough adası, Tristan da Cunha, Müqəddəs Helena, Ascension və Qambiya daxil olmaqla 65 min kilometr məsafə qət edir.

Şahzadə fotolar çəkir və səyahəti boyunca gördüyü quşları qeyd edərək 1962-cı ildə Britanniadan Quşlar adlı kitab çap etdirir.

The Times-ın 1957-ci ilin iyununda dərc olunan yazıların birində hersoqun ictimaiyyətə açıq suvenir sərgisində nümayiş etdirilən 100 hədiyyəyə daxil olan "kenquru pəncəli siqar çaxmağı" və "dalğavarı xəncər" haqqında məlumat yer alırdı.

Sərgiyə kral yaxtasına Avstraliyadan qoşulan Edward Seagon-un 47 rəsm əsəri də daxil idi.

Şəklin alt yazısı, 1957-ci ilin mayında hersoq əvvəlki qışda Birlik ölkələrinə dörd ay yarımlıq səyahəti barədə BBC-də veriliş təqdim edir

1956-cı il Milad günündə Şahzadə Phillipin yaxtada çəkilən video yazısı Kraliçanın Norfolkda yerləşən Sandringham sarayındakı iş otağından canlı Milad çıxışını qabaqlamışdı.

Kraliça nitqində demişdi: "Biz bir yerdə olacağımız anı səbirsizliklə gözləyirik."

Lakin səfər mübahisəsiz ötüşməmişdi.

Turun sonuna yaxın Britaniya qəzetləri Şahzadənin gənc ailəsindən bu qədər uzun müddətdə ayrı qalmasını qınamağa başlamışdılar.

Bunun ardından Kraliça ərini qarşılamaq üçün Portuqaliyaya rəsmi dövlət səfərindən iki gün öncə gedir.

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı, 1964-cü il. Hersoq övladları Şahzadə Charles və Şahzadə Anne ilə birlikdə Yunanıstanda, Akropolisdə

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı, Hersoq 1964-cü ilin oktyabrında Meksikaya səfəri zamanı özünü kaballero kimi sınayır

1977-ci ildə Gümüş Yubileyi qeyd etmək münasibətilə Kraliça və şahzadə Phillip Papua Yeni Qvineya və Qərbi Hind adaları da daxil olmaqla, növbəti Millətlər Birliyi turuna başlayırlar. Kral cütlüyü Yubiley ilində Birləşmiş Krallıqda 36 qraflıqda olur.

1979-cu ildə cütlük Kral Britannia Yaxtasında körfəz ölkələrinə səfər edir və Küveyt, Bəhreyn, Səudiyyə Ərəbistanı, Qətər, BƏƏ və Omanda dayanır.

Üç il sonra Cənubi Sakit okean turu baş verir.

Şəklin mənbəyi, PA

Şəklin alt yazısı, Kraliça 1982-ci ildə Tuvalunun Cənub Dənizi adalarına səyahəti zamanı hersoqun fotosunu çəkir

Şəklin mənbəyi, PA

Şəklin alt yazısı, 1983-cü il. Kraliça II Elizabeth və Edinburq Hersoqu Hindistanın Baş Naziri İndira Qandi ilə Delhidə

Şəklin mənbəyi, PA

Şəklin alt yazısı, Şahzadə Philip Hindistan Kral Turunun dördüncü günü Kahna Meşə Qoruğunu ziyarət edir

Şahzadə Phillip üç dəfə Hindistana səyahət edib. Britaniya İmperiyası üçün "tacın qaşı" rolunu oynayan ölkə Kraliça Elizabeth taxta çıxmamışdan əvvəl müstəqillik qazanmışdı.

Dünya Vəhşi Təbiət Fondunun BK (WWF) ilk prezidenti seçilən hersoq, 1961-ci ildə pələngə atəş atması ilə tənqidlərə məruz qalır.

Cütlüyün Hindistana son səfəri 1997-ci ildə Hindistanın müstəqilliyinin 50 illiyi qeyd olunarkən baş tutur. Səfər isə mübahisəsiz ötüşmür. Belə ki, dövrün xarici işlər naziri Robin Cookun Kəşmir haqqındakı fikirlərinin ardınca Hindistan baş naziri Britaniyanı "üçüncü dərəcəli güc" adlandırmışdı.

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı, Hersoq 1994-cü ildə İsraildəki Birlik Müharibəsi Qəbiristanlığında İkinci Dünya Müharibəsi veteranları ilə görüşür

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı, Şahzadə Philip 2000-ci ilin noyabrında Cape Town yaxınlığında keçmiş Cənubi Afrika Prezidenti Nelson Mandela ilə söhbət edir

Kraliça heç vaxt İsrailə baş çəkməsə də, şahzadə Phillip 1997-ci ildə ölkəyə səfər edən ilk britaniyalı kral ailəsi üzvü olur.

O, Kraliçasız dünyanın sonsuz sayda ölkəsinə səfər edib. Bu isə adətən ya onun WWF-dakı işi, ya da Kraliça adına xarici dəfnlərdə iştirakı ilə bağlı olub.

Kraliçanın Xarici və Millətlər Birliyi Nazirliyi tərəfindən təsdiqlənən səfərləri daha çox Britaniya hökumətinin xarici ölkələr ilə diplomatik münasibətlərini əks etdirir.

Kraliça (hersoq ilə bərabər) yalnız üç Latın Amerikası ölkəsinə səfər edib - Braziliya, Çili və Meksika.

Şahzadə Phillip 1962-ci ildə Argentinaya baş çəkir. Dövrün xəbər məlumatlarına əsasən, Argentina Prezidenti üsyan təhlükəsi ilə üz-üzə olsa da, "cənubi Amerikanın peşə təhlükəsi hersoqun şərəfinə verilən ziyafəti korlaya bilmir".

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı, Kraliça və hersoq 2002-ci ildə Adelaide-də yerli rəqqaslarla görüşürlər

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı, Nigeriya Prezidenti Olusegun Obasanjo 2003-cü ildə Nigeriyada bir qəbul zamanı Şahzadə Philip ilə birlikdə

2002-ci ildə hakimiyyətinin 50 illiyi - Qızıl Yubiley münasibətilə Kraliça və hersoq Birləşmiş Krallıq boyunca və Yamaykadan Yeni Zelandiyaya qədər 65 min km səyahət edirlər.

Tur əsnasında Kanadada cütlük bir buzüstü xokkey yarışında şaybanı atır və rok ulduzu Bryan Adams ilə görüşür.

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı, Hersoq QİÇS səbəbiylə valideynlərini itirən uşaqların 2007-ci ildə Uqanda, Kampalada bir moda nümayişini izləyir

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı, 2010-cu ildə Kanadaya səkkiz günlük tur Halifax-da başladı və Kanada Donanmasının yüz illiyini qeyd etmək üçün Torontoda başa çatdı

Onlar çoxsaylı Avstraliya səfərlərinin ilkini 1954-cü ildə həyata keçiriblər.

Qarşıdan gələn 60 il ərzində cütlük Kral Ailəsinin başqa üzvləri ilə buraya dəfələrlə səyahət edir. 2006-cı ildə Kraliça Melburnda Millətlər Birliyi Oyunlarının açılışını edib. Onların adaya ən son - 2011-ci ildə baş tutan səfərləri Millətlər Birliyi Ölkələri Başçılarının görüşü əsnasında baş tutub.

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı, Hersoq 2010-cu ilin noyabrında Yaxın Şərqə rəsmi səfər çərçivəsində Omanı ziyarət edib

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı, Oman Sultanı Əlahəzrət Sultan Qaboos bin Said atçılıq yarışını izləmək üçün kral cütlüyə qoşulur

2015-ci ildə cütlük bir vaxtlar yaşadıqları Maltaya üç günlük tur çərçivəsində səfər edir. Onlar İkinci Dünya Müharibəsində düşmən hücumuna qarşı şücaətinə görə bu keçmiş Britaniya koloniyasına 1943-cü ildə George Xaçını təqdim etmək üçün gələn VI George-un gəmisinin lövbər saldığı Valletta limanında qayıq gəzintisinə çıxırlar.

Əlahəzrət və Hersoq yeni evlənən zaman 1949-cu ildən Kraliça taxta oturana - 1951-ci ilə qədər Valletta yaxınlıqda yaşayıblar. O zaman şahzadə Phillip dənizçi zabit kimi xidmət göstərirdi.

Onlar bu Aralıq dənizi adasına 2007-ci ildə evliliklərinin 60-cı ildönümü qeyd etmək üçün də səfər etmişdilər.

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı, Kraliça və Şahzadə Philip Maltada. 2015-ci il

Uzun illər qlobus ətrafında səyahət etdikdən sonra hersoq müəyyən standartlara alışır.

2002-ci ildə Təyyarə Araşdırma Assosiasiyasına müsahibəsində o deyib: "Əgər siz də bizim qədər səyahət etsəydiniz, təyyarənin daha az səsli və daha çox rahat bir nəqliyyat vasitəsinə çevrildiyini qiymətləndirərdiniz. Dəhşətli səslənən ekonom sinif adlı hissədə uçmamaq şərti ilə".

Fotolar Getty Images və Press Association-ə aiddir.