Montserrat Caballé Dağlıq Qarabağdadır

monserrat caballe and bako sahakyan
Şəklin alt yazısı, Monserrat Kabalye Dağlıq Qarabağdadır, lakin onun burada çıxış edəcəyi məlum deyil

Məşhur ispan opera ifaçısı Monserrat Kabalye Azərbaycanın işğal olunmuş ərazilərinə rəsmi Bakının icazəsi olmadan baş çəkdiyi üçün Azərbaycanda persona non-qrat (arzuolunmaz şəxs) elan edilə bilər.

Dağlıq Qarabağın de-fakto administrasiyası tərəfindən yayılan məlumata görə, “4 iyunda Dağlıq Qarabağ Respublikasının prezidenti Bako Sahakyan dünya şöhrətli opera ifaçısı Monserrat Kabalyeni qəbul ediblər”.

“Görüşdə Erməni Apostol kilsəsi Qarabağ yeparxiyasının dini rəhbəri arxiyepiskop Parqev Martirosyan, mədəniyyət və gənclər məsələləri naziri Narine Ağabalyan və başqa rəsmi şəxslər iştirak edib”, - deyilir məlumatda.

Daha əvvəl APA Ermənistan mətbuatına istinadən xəbər vermişdi ki, Monserrat Kabalyenin iyunun 4-də Xankəndidə, 9-da isə Yerevanda Ermənistan Gənclər Filarmoniya Orkestri ilə birlikdə konsert verəcəyi gözlənilir.

Məlumata əsasən, Azərbaycan XİN-in mətbuat katibi Elman Abdullayev APA-ya məlumat vermişdi ki, Azərvaycan Xarici İşlər Nazirliyi Kabalyenin Azərbaycanın işğal olunmuş ərazilərində konsert verəcəyi barədə məlumatları araşdırır.

Eyni zamanda, hələlik Kabalyenin Dağlıq Qarabağda konsertlə çıxış edəcəyi haqqında dəqiq məlumat yoxdur.

“Biz Monserrat Kabalyenin Dağlıq Qarabağda da çıxış edəcəyini elan etməmişik”, - Kabalyenin Ermənistanda konsertinin təşkilatçısı Vahaqn Qevorkyanın sözlərini iqtibas edir Aysor.am.

Vahaqn Qevorkyan konsertin iyunun 9-da Yerevanda keçiriləcəyini və Kabalyenin erməni dilində də iki mahnı ifa etmək istədiyini bildirib.