Avstraliya: Televiziya şousu "qadın işi" sualına görə üzr istəyib

Avstraliya qadını

Şəklin mənbəyi, thinkstock

Şəklin alt yazısı, Sosial şəbəkələrdə şouda səslənmiş sual "seksist" və "qadınları alçaldan" kimi qiymətləndirilib

Avstraliyanın Channel 10 televiziya kanalı "Family Feud" şou verilişindəki viktorina zamanı tamaşaçıların çoxu tərəfindən "seksist" kimi qiymətləndirilən sualın səslənməsinə görə üzr istəyib.

Şou zamanı iştirakçılardan 100 adamın "qadın işi"nin nə olması barədə suala verdikləri cavabları tapmaq təklif olunub.

"Düzgün" cavablar bişirib-düşürmək, yır-yığış, qab yumaq və bu kimi digər iş növlərini əhatə edib.

'Kişi işinin' nə olması sualına isə bənna, lehimçi, mexanik kimi iş növləri göstərilib.

Telekanal suallara verilmiş cavabların "Avstraliayadakı vəziyyəti əks etdirmədiyini" qeyd edib.

Şou proqramı 100 respondentin iştirak etdiyi sorguda suallara verilmiş cavabları tapmağa çalışan iki ailə arasında viktorina-yarış formatında keçirilir.

Britaniyada 'Family Fortunes' adı ilə tanınan həmin proqramın çərşənbə buraxılışı sosial mediada tamaşaçıların hiddətli rəylərinə səbəb olub.

Bəzi tamaşaçılar sualı "seksist", "qadınları alçaldan" və "rüsvayçı" sayıb, digərləri bunu gender stereotiplərini əbədiləşdirən sual kimi qiymətləndiriblər.

Tele-şounun aparıcısı Grant Denyer veriliş zamanı iştirakçılardan "insanların qadın işi zənn etdiyi fəaliyyət növünü adlandırmağı" xahiş edib.

Həmin sualla bağlı Channel 10 bugün Facebook səhifəsində "kişi və qadın işinə aid suallarının viktorinaya daxil edilməsinə görə" üzr istəyib.

"Ehtiyatsız sual şou proqramına daxil edilməməli idi", Avstraliya telekanalı bildirib.

Şou proqramının aparıcısı Grant Denyer isə Twitter postunda yazıb: "Cavablara görə bizi günahlandırmayın, bu cavablar sizindir, Avstarliyalılar!"

Kanalın üzr istəməsi xəbərini şərh edən istifadəçilər isə hesab edir ki, bu verilişə göstərilən reaksiya onun əhəmiyyətini olduğundan xeyli artqı şişirdib.