Ukrayna böhranı: Üsyançılar erkən seçkinin tarixini elan ediblər

Şəklin mənbəyi, BBC World Service
Şərqi Ukraynada üsyançı liderlər noyabrın 2-də seçki keçirəcəklərini bəyan ediblər. İddia edilir ki, bu addım Kiyevdəki mərkəzi hökümətə qarşı itaətsizlik nümayişidir.
Ukraynada parlament seçkiləri separatçıların elan etdiyi tarixdən 1 həftə tez keçiriləcək.
Rəsmi Kiyev rusiyapərəst üsyançılara özünüidarəyə dair səsverməni dekabr ayında keçirməyi təklif etmişdi.
Sentyabrın 5-dən Ukraynada kövrək atəşkəs gözlənilir, atəşkəs qüvvəyə mindikdən sonra təmas xətti boyu tərəflər arasında bufer zonası yaradılıb.
Ukraynanın şərqindəki separatçılar Donetsk və Luhanskın mərkəzi hakimiyyətin tabeçiliyindən çıxdığını bildirərək müstəqilliklərini bəyan ediblər.
Separatçı üsyançılar 5 aya yaxın davam edən döyüşlər nəticəsində Ukraynanın şərqində bir neçə şəhəri ələ keçiriblər.
Rusiya separatçıları dəstəkləmək üçün Ukraynaya güya əsgər və silah göndərdiyi barədə bütün iddiaları təkzib edir.




















