Petro Poroşenko ABŞ-a səfər edir

Şəklin mənbəyi, AP
Ukrayna Prezidenti Petro Poroşenkonun ABŞ-a səfəri başlayır.
O, özünün təbirincə, Rusiyanın təcavüzünə qarşı daha böyük dəstək almaq üçün Amerikaya səfər edir.
Cənab Poroşenko Konqres sessiyasındakı çıxışından əvvəl ABŞ Prezidenti Barak Obama ilə danışıqlar keçirəcək.
Cənab Poroşenko ABŞ-a Kanadadan yola düşür. Bu ölkədə millət vəkilləri qarşısında etdiyi çıxışında o deyib ki, Ukrayna assosiasiya müqaviləsi imzalamaqla SSRİ-ə "son vidasını" edib.
Ukrayna Rusiyanı şərqdə üsyançıları müdafiə etməkdə günahlandırır. Moskva bu iddiaları rədd edir.
Aprel ayından bəri 3000-dən artıq adam Ukrayna hökumət qüvvələri və ölkənin şərqindəki Donetsk və Luhansk regionlarındakı Rusiyaparəst üsyançılarla döyüşlər zamanı ölüb.
Hər iki tərəfin ara-sıra açılan atəşə görə bir-birini günahlandırmasına baxmayaraq, sentyabrın 5-də əldə edilmiş həssas atəşkəs razılaşması hələ də qüvvədədir.
Çərşənbə axşamı günü Ukraynanın millət vəkilləri Donetsk və Luhanks regionlarının bəzi hissələrinə özünüidarə hüquqları verən qanunu təsdiqləyiblər.
Ukraynanın şərqində üsyanlar mart ayında, cənubdakı Krım yarımadasının Rusiyaya birləşməsindən sonra daha da güclənib.
























