Putin Barosso və Merkellə Ukrayna böhranını müzakirə edib

Şəklin mənbəyi, AP
Rusiya prezidenti Vladimir Putin və Almaniya Kansleri Angela Merkel Ukraynada münaqişə tərəfləri tərəfindən atəşin dayandırılması rejiminə və ATƏT xətti üzrə barışığın monitorinqinə əməl olunmasının vacib adlandırıblar, Kremlin mətbuat xidməti məlumat yayıb.
Qeyd olunduğu kimi Almaniya tərəfinin təşəbbüsü ilə gerçəkləşdirilən telefon danışığı zamanı Putin və Merkel həmçinin Rusiya qazının Avropa İttifaqına təchizinin təmin olunması vəziyyəti ilə bağlı fikir mübadiləsi aparıb və məsləhətləşmələri üçtərəfli formatda davam etdirməyə razılaşıblar.
Məlumata görə, Rusiya və Almaniya liderləri həmçinin 12 sentyabrda Rusiya-Aİ-Ukrayna nazirlərinin görüşündə Ukrayna və Avropa İttifaqı arasında assosiasiya sazişinin öhdəliklərinin 2016-cı il 1 yanvara qədər yerinə yetirilməsinin təxirə salınması haqda razılaşmanı pozitiv qiymətləndiriblər.
Bundan başqa, Vladimir Putin və Avropa Komissiyasının sədri Jose Manuel Barroso arasında bu məsələlərin müzakirə olunduğu telefon danışığı baş tutub, Kremlin mətbuat xidməti məlumat yayıb.




















